AXCP sədri Razi Nurullayev xalqı birliyə səslədibackend

AXCP sədri Razi Nurullayev xalqı birliyə səslədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev ölkədəki yol problemindən, eləcə də vətəndaşın sosial sıxıntısından danışaraq, xalqı bu ağır günlərdə birliyə çağırıb. AXCP sədri qeyd edib ki, yol çəkilişləri, bir çox hallarda insanların həyatını cəhənnəmə çevirir:

“Yol kənarında və yaxın ərazilərdə yaşayan insanların evləri, həyət-bacaları bir neçə ay ərzində toz-dumana bürünür. Yol çəkilişi gözəldir, ehtiyac var və tələb də var. Amma, yolu çəkib insanı unutmaq vəhşilikdir, görməmişlikdir. Birinci olan insan yaşayışı və insan həyatıdır. Binəqədidə, Novxanıda və digər yerlərdə aparılan yol tikintisində ciddi qüsurlar var və təbii ki, cəzası da olmalıdır.

Yol çəkilirsə, alternativ kimi təqdim olunan kənar yollar normal vəziyyətə gətirilməlidir. Amma, əksər hallarda belə yollar bombalanmadan sonra olan əraziləri xatırladır. Toz da duman kimi ərazini bürüyür. Yol tikintisini həyata keçirən idarənin, onların böyüklərinin, lap böyüklərinin borcudur ki, yolu sulasınlar ki, toz-duman ətrafa yayılmasın, alternativ yollar normal vəziyyətə gətirilməlidir ki, maşınlar hərəkət edə bilsin. Bunu etməmək vətəndaşın üzünə tüpürməkdir”.

Razi Nurullayev hakimiyyətə gələcəkləri təqdirdə, belə hallara yol verməyəcəklərini bildirib:

“Biz buna imkan verərikmi? Xeyr, bizim hakimiyyətmizdə belə məmur, belə idarəçilik ola bilməz. Olarsa, anındaca qanunun ən sərt üzünü görər. Bizim üçün insan faktoru birincidir. Bu ölkənin qızılı, varı-dövləti, incisi, gələcəyi və ümudi bu ölkənin vətəndaşlarıdır, onların həyatı və sosial güzəranıdır.

Biz vətəndaşlarımıza bunu vermək üçün siyasi mübarizə səhnəsindəyik. Xalqın yanında dayanan bizi seçin, bizimlə birlikdə hərəkət edin ki, istədiyimiz cəmiyyəti quraq, əziz ölkə vətəndaşları! Bizimlə birlikdə hərəkət edin ki, ölkəni talayanları, rüşvətxorları, saxtakarları, vətənini, torpağını satanları linç edək, kim olursa olsun, iqtidar, ya da müxalifət adı altında gizlənən yalançı və saxtakar siyasətçiləri meydanlardan uzaqlaşdıraq. Yolumuz Rəsulzadə və Elçibəy yoludur!”

İnterpress.az