Saray xanımlarının inanılmaz sirləribackend

Saray xanımlarının inanılmaz sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kleopatra

Misir çariçası Kleopatra indiyədək dünyanın ən gözəl xanımlarından biri sayılır. Aktrisalar Elizabet Teylor, Monika Belluççi onun obrazını ekranda yaradıblar.

Kleopatra qeyri-adi qadın idi, özünü sevirdi və gözəl olmaq sənətinə məharətlə yiyələmişdi. Onun gözəllik reseptləri hələ də tədqiqat mövzusudur.

Məlumdur ki, Misirin isti iqlim şəraitində dəri quruyur, sanki susuzluqla mübarizə aparır. Misir çariçası bu problemdən çıxış yolu tapıbmiş. Südlü-ballı vannalar nəinki dərini nəmləndirir, həmçinin bəsləyərək onu daha elastik edir. Günümüzə gəlib çatmış resept belədir:

Bir stəkan bal 1 litr isti süd ilə qarışdırılır və vannaya tökülür. 15 dəqiqə sonra dərisi ipək kimi olur.

Kleopatra bədən üçün təbii skrab istifadə edib. Bunun üçün qaymaqla dəniz duzunu qarışdırıb və bədəninə çəkib.

O, hər gün ağ gildən maskalar çəkib. Ağ gil xüsusi olaraq Kleopatra üçün hasil olunurmuş. Ağ gili süd, bal və limon şirəsi ilə qarışdırıb maska hazırlayırmışlar.

Saçların gözəlliyi üçün çariça yumurta sarısı istifadə edirmiş. Yumurta sarısına bal və badam yağı qatdıqdan sonra onu saçın köklərinə çəkirmiş. Bu maska saçı parlaq və ipək kimi yumşaq edir.

Fiqurasını qorumaq üçün Kleopatranın xüsusi təmizləmə proqramı olub. O, iki həftədən bir 100 ml. zeytun yağına limon şirəsi qarışdırıb içirmiş.

Kleopatra ətirlərin sehrli qüvvəsi haqqında məlumatlı idi və onlardan məharətlə istifadə edirdi. O, kosmetik kompozisiyalarda bal və südə üstünlük verirdi. Onların ətri gənclik və təravətlə assosiasiya olunurdu. Bundan başqa, o, sakitləşdirici və sirli qoxusu olan büxuru (dini ayinlər zamanı yandırılan ətirli qatran) və mirranı (ətirli qatran verən bitki) sevirdi.

I Yelizaveta

Britaniya kraliçası I Yelizaveta kürən saçlarının xüsusilə vurğuladığı gözəlliyi ilə məşhur idi. Deyilənlərə görə, onun çoxsaylı sevgililəri var imiş. Onun həyatı haqqında bir neçə film çəkilib, aktrisa Keyt Blanşett onun obrazını məharətlə yaradanlardan biridir.

Onun gözəlliyinin sirri inanılmaz ağ dərisi idi. Ağ dərini o dəbə salıb və özü də həmişə Günəşdən gizlənib. Buna baxmayaraq, öz dərisi ona solğun görünürdü deyə, kraliça dərisinə yumurta zülalından hazırlanmış kirşan çəkirdi.

Avstriyalı Sisi

Avstriya imperatriçəsi Amaliya Yevgeni Yelizavetanı nəvazişlə Sisi çağırırdılar.

Sisinin xüsusi qürur mənbəyi topuğuna qədər uzana saçları idi. İmperatriçə saçlarını möhkəmləndimək, parlaqlığı üçün köklərinə yumurta sarısı və konyak qarışığı çəkirdi, həmçinin gicitkən, limon və alma sirkəsinin suyu ilı saçlarını yaxalayırdı.

Onun dəri gözəllik sirləri bəzilərinə inanılmaz görünə bilər: O, təzə ət üzünə qoyurdu, üstündən dəridən tikilmiş maska taxırdı və bu halda yatağa girirdi.

Bədəninin gözəlliyi üçün isə gecələr sirkədə isladılmış parçanı buduna bağlayırdı. Bu yolla dərinin elastikliyini saxlayırdı. İmperatriçə gülabı çox sevirdi. Onun üçün çənlərlə gülab suyu tədarük edilirdi və gözəl kiçik butulkalarda kraliçaya təqdim edirmişlər.

Hazırda Vyana muzeyində Sisinin ətin şirəsini çıxaran maşını ilə tanış olmaq mümkündür. Bəli, Sisi nəinki meyvə və tərəvəzlərin şirəsini içirdi, həmçinin rasionunda çiy ov quşları, çiy yumurta və təzə, bişirilməmiş süd var idi.

Mariya-Antuanetta

Avstriya şahzadəsi Mariya Antuanetta Fransanın kraliçası olduqdan sonra gözəlliyi və bayramlara böyük sevgisi ilə məşhurlaşıb. O, çox bahalı geyimləri, ayaqqabıları və şirniyyatlar çox sevirdi. Habelə barmaqlarının uclarına qədər qüsursuz görünmək üçün əlindən gələni edirmiş.

Mariya-Antuanetta dəri gözəlliyi üçün bitkilərdən istifadə edib. Kraliça kremlərə qızılgül ləçəklərini, bənövşə, zanbaq, süsən, nərgizgülü, naringi çiçəyini, yasəməni əlavə edirdi. O, bitkilərdən həmçinin gül suyu düzəltdirib üzünü silirmiş. Vanna qəbul edəndə mütləq suya şirin badam, şam qozlarını, kətan toxumu, gülxətmi kökü, su zanbağının soğanığının qarışığını tökürdü.

Əllərinin qayğısına qalırdı, belə ki, yatanda əlinə şirin badam yağı, gülab və mum hopdurulmuş əlcək geyinərdi.

Kraliça sifəti və bədəni üçün qaymaqdan hazırlanmış maskalardan istifadə etməyi sevərdi. Nəticədə dərisi zərif və gözəl idi.

Saçlarına da xüsusi qulluq göstərirmiş. Mariya-Antuanetta saçlarını yuyanda zəfərandan, sarıkökdən, səndəl ağacından, ravənddən istifadə edirmiş ki, saçlarının rəngini xüsusi vurğulasın.

Yeri gəlmişkən, Mariya-Antuanettanın pəhrizi günümüzdə də çox məşhurdur. Şirniyyat həvəskarları yalnız səhərlər kiçik porsiyalarda pirojna, tort və digər un məmulatından istifadə edə bilərlər.

Qreys Kelli

Qreys Kellinin qəribə taleyi həmişə bütün dünya narahat edir. Ötən il təqdimatı olan \”Monako Şahzadəsi\” bir daha onu bizlərə xatırlatdı. Knyaginya Qreys kübar gözəlliyi ilə seçilən son dərəcə zərif qadın idi. Monako knyaginyasının əsas sirr o idi ki, o, həmişə bilirdi ki, ona nə yaraşır. Bu, təkcə geyimlərə aid deyil. Qreys Kellinin istənilən obrazı xırdalıqlarına qədər düşünülmüş olurdu. Əsas detallar arasında aşağıdakılar olub: Dalğalı klassik saç düzümü, ağ əlcək və iri çərçivəli günəş eynəyi.

Monoko knyaginyası təbii makiyaja üstünlük verirdi. O, heç vaxt parlaq çalarlardan istifadə etməyib, yalnız müəyyən detalları açıq rənglərin köməyi ilə vurğulayıb. Məsələn, o, həmişə ideal formada olan qaşlarını vurğulayırdı. Qreys qaşlarına açıq-qəhvəyi rəngdə kölgə çəkirdi. Bu zaman qaşları olduğundan bir az tündləşirdi. Buna baxmayaraq, o, çox təbii və mənalı görünürdü.

Qreys Kelli ənlikdən çox bacarıqla istifadə etmişdir. Almacıqlara açıq, kənarlarına isə tünd rəng çəkərdi. Beləliklə, siması daha qabarıq və aydın görünürdü.

Knyaginyanın dərisi Monako kim isti ölkədə belə aristokratik solğun görünürdü. Dərisini qorumaq üçün başına şlyapa qoyurmuş.

Şahzadə Diana

Şahzadə Diana təkcə xeyirxah işləri ilə deyil, həm də gözəlliyi ilə də məşhur idi. Ötən il vizajist Meri Qrinvell şahzadənin gözəllik sirlərini mətbuata açıqlayıb.

Ən birincisi Meri şahzadəyə gözlərini mavi layner və karandaşla boyamağı tərgidib. Çünki mavi gözləri eyni rəngdə kölgələr və karandaşla rəngləmək onların ölçüsünü vizual olaraq kiçildir.

Şahzadə Diana öz dərisinin qayğısına xüsusilə qalırmış, yatmazdan qabaq mütləq makiyajını təmizləyir və gündə iki dəfə dərisini kremlərlə nəmləndirirmiş.

Şahzadə göz ətrafı makiyajda konsilerdən, tuş, dodaq boyası və ənlikdən istifadə edirmiş.

Formada qalmaq üçün isə şahzadə hər səhər 7-də yuxudan oyanıb idman edirmiş. Faydalı səhər yeməyindən sonra o, təxminən 1 saat Kensinqton bağçalarının ətrafında qaçırdı. Gün ərzində bədənini daha dərindən hərəkətə gətirmək üçün idman zalında 1 saat məşq edirmiş. İdman onun həyatının vacib hissəsi idi.

Sağlam yuxu Diananın gözəllik sirlərindən biri idi. Şahzadə yaxşı bilirdi ki, gözəl qalmaq üçün hər bir qadın sutkada ən azı 8 saat yatmalıdır.

Keyt Middleton

Dünya Keyt Middletonun hər bir addımını izləyir. Cəmi üç ildir ki, o, Kembric hersoginyasıdır. Lakin bu müddət kifayət edib ki, Keyt stil ikonasına çevrilsin. O, istənilə şəraitdə qüsursuz görünür: Təmtəraqlı gecə mərasimlərində, hətta ekzotik ölkələrə səyahət zamanı, futbol oyununda belə biz hersoginyanın qüsursuz stilinin şahidi oluruq.

Keyt Middletonun vacib gözəllik sirlərindən biri balanslı qidalanmadır ki, bunun sayəsində o, gözəl qədd-qamətini saxlayır. Hersoginya səhər yeməyində yulaf, şamda isə yağsız ət və tərəvəz yeyir. Yeri gəlmişkən, toydan öncə Keyt arıqlamaq üçün Pyer Dukanın pəhrizini tutması bu metoda inanılmaz populyarlıq gətirmişdi.

Keyt hər gün yumşaq skrablardan və nəmləndirici maskalardan istifadə edir, müntəzəm olaraq şəxsi kosmetoloqu Debor Mitçellin qəbulunda olur.

Hersoginya tərkibində arı zəhəri olan sifət maskaları çəkməyə üstünlük verir ki, bu, botoksu əvəz edir. Maskanın effekti nəticəsində dəridə qan dövranı yaxşılaşır, dərinin elastikliyi artır, nəticədə hollagen istehsal olunur, üz dərisi uzun müddət tonusda qalır.

Hersoginya makiyajını özü edir, hətta toyunda belə o, vizajistlərin xidmətindən istifadə etməyib, özü bəzənmişdi. Keyt dəri gözəlliyi üçün tonal effekti olan nəmləndirici kremdən istifadə edir. Göz qapaqlarına oxlar çəkir və kirpiklərini tuşla boyayır.

Dəbdəbəli uzun saçları Keyt Middletonun vizit kartıdır. Hersoginyanın stilist və bərbəri Riçard Uord onun gözəl saçlarının sirlərindən birini mətbuata açıb. Nəm saçlara zərdab vurmaq lazımdır. Bu, saçların parlaqlığını qoruyur və ipək kimi yumşaq edir. Bundan sonra saçları fenlə qurutmaq və iri dişləri olan daraqla daramaq olar.

Zərdab saç düzümünü yaxşı saxlayan kosmetik vasitələri mükəmməl əvəz edir. Beləliklə kraliçasayaq saç düzümü hazırdır!

Ancaq Keytin əsas sirri onun parıldayan gözləri və xoşbəxt təbəssümüdür.

Kraliça Letisiya

Ötən il İspaniya kralı VI Filippin tacqoyma mərasimi sayəsində onun həyat yoldaşı Letisiyanı bütün dünya tanıdı. Onu stil ikonası və Keyt Middletonun əsas rəqibi hesab edirlər.

Kraliça Letisiyanın anoreksiyadan əziyyət çəkdiyindən şühhələnirdilər. Əslində, o, italyan mətbəxini, xüsusilə spagettini sevir, ancaq axşamlar meyvə və tərəvəzlə kifayətlənir. Bu, ona həmişə əla formada qalmağa imkan verir. Meyvə-tərəvəz onun rasionunun əsasını təşkil edir.

Həmçinin, kraliça fiqurasını saxlamaq üçün pilates və üzgüçülüklə məşğul olur. Hətta onun üçün sarayda trenajor zalı tikiblər.

Şayiələr gəzir ki, kraliça Letisiya bir neçə dəfə plastik əməliyyat olunub. Əslində isə o, yalnız 2008-ci ildə burun çəpərini düzəltdirmək üçün cərrah masasına uzanıb. Yerdə qalan təbii gözəlliyidir.

Letisiya eksprimentlərdən çəkinmir. Kraliça adətən, uzun saçlara üstünlük verir. Amma mükafatlandırma və təqdimat mərasimlərində onu dəbdə olan bob saç düzümündə də görmüşük. Hamı kraliçanın saçlarını kəsdirdiyini düşünsə də, sonradan məlum oldu ki, o, sadəcə, saçlarının arxasını içəriyə doğru qatlamaqla bob düzümünə sahib olubmuş.

Saray xanımlarının inanılmaz sirləri

İnterpress.az