BDU-nun həbsdə olan hüquqşünas müəllimi: “Dedi ki, atamı MTN tutub”backend

BDU-nun həbsdə olan hüquqşünas müəllimi: “Dedi ki, atamı MTN tutub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1966-cı il təvəllüdlü Abbasov İlham Cabir oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid Şakir Həşimov ifadə verib. Şahidin özü də hazırda həbsdədir. Ş.Həşimov dələduzluqda təqsirləndirilərək elə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ş.Həsənov ixtisasca hüquqşünasdır. O, həbs edilməmişdən əvvəl Bakı Dövlət Universitetində dərs dediyini, banklardan birində hüquqşünas kimi çalışdığını söyləyib. 59 yaşlı Ş.Həsənovun 10 il cəza alması başqa dələduzluq işi üzrə olub. 20 min manatlıq dələduzluğa görə tutulan Ş.Məmmədov vurduğu zərəri ödədiyini və işinə hazırda Ali Məhkəmədə baxıldığını deyib.

Daha sonra məhkəmədə İlham Abbasovun işi üzrə şahid qismində ifadə verən Ş.Həşimov deyib ki, təqsirləndirilən şəxslə bir dostu vasitəsi ilə tanış olub və sonradan yaxın münasibətləri yaranıb.

O, həmçinin İlham Abbasovun aldatdığı İntiqam adlı şəxsi də tanıdığını deyib: “Biz İlhamla yaxın olmuşuq. İlhamı Təyyar adlı dostum vasitəsi ilə tanımışam. İntiqamı da universitetdə oxuyandan tanıyırdım. Münasibətlərimiz yaxşı olub, gediş-gəlişimiz var idi. Bir gün İntiqam mənə zəng edib görüşmək istədiyini dedi. Elə bütün söhbətlər, mənim başıma gələnlər də bu görüşdən sonra başaldı. İntiqam görüşən kimi telefonunu söndürdü, telefonun arxasını açıb nömrəsini çıxardı. Mənə dedi ki, atamı MTN tutub. Hökumət evinin qabağında onun cibindən narkotik çıxarıblar. Mən də dedim ki, MTN tutubsa, mən kömək edə bilmərəm. Xahiş elədi ki, onu tək qoymayım. Amma mən ona söz vermədim ki, işini həll edəcəm. Dedim ki, maraqlanarıq görək nə edə bilərik? İntiqam mənə onu da demişdi ki, MTN-də bu işi araşdıran müstəntiq əvvəlki Əlibayramlı Rayon Məhkəməsinin sədrinin oğludur”.

Ş.Həşimov söyləyib ki, bu məsələ ilə bağlı ilk olaraq dostu Təyyarla söhbət edib: “Mən Təyyarla görüşəndə dedim ki, belə bir məsələ var. Təyyar da İlhamla görüşməyi məsləhət bildi. Belə də oldu. İlhamla görüşəndə o bildirdi ki, məhkəmənin sədri onun tələbə yoldaşıdır. Bu işi həll edə biləcəyini söylədi. Mən də bütün bunları İntiqama danışıb dedim ki, İlham sənin atanın işinə kömək edə bilər. Onları görüşdürmək istədim. Amma İntiqam mənə dedi ki, MTN onu izləyir, ona görə də heç yerə gedə bilmir. Xahiş elədi ki, İlham və Təyyarla bu haqda mən danışım. Bir müddət sonra İlhamla razılaşdıq və Əlibayramlıya, məhkəmənin sədrli ilə görüşə getdik. Mən həyətdə gözlədim. İlham sədrin otağına girdi. İki saata yaxın danışıqdan sonra çıxdı. İlham mənə dedi ki, iş həll olacaq, amma pulu düzəltmək lazmdır. Bunun üçün 45 min lazım olduğunu dedi. Mən də necə olubsa, İntiqama çatdırdım. İntiqam pulu bizim evə gətirdi. Axşam pulu evdə gizlədib, səhər İlhamla görüşə getdim. Pulu “Elmlər Akdemiyası” metrostansiyasının qarşısında İlhama verdim. 45 min dollar kağıza bükülmüşdü. İlham pulu götürüb getdi”.

Amma danışqlar istənildiyi kimi getməyib. İlham Abbasov daha sonra telefonunu söndürüb və ölkəni tərk edib.

Ş.Həşimov deyir ki, 45 mindən əlavə İntiqam adlı şəxsdən 5 min manat da alıb. Amma həmin pulu İlhama yox, öz dostu Təyyara verib: “İlham dedi ki, 5 min də lazımdır. Mən də İntiqamdan aldım. Amma İlham dedi ki, Bakıda deyiləm. Pulu Təyyara verməyimi istədi. Bir müddət keçsə də İlhamdan səs çıxmadı. İntiqam da mənə zəng edib pulu istədi. Dedi ki, işə baxan müstəntiq deyir ki, gəlib özü ilə danışaq. Müstəntiq işə kömək edəcəyi ilə bağlı razılaşmışdı. Mən İlhama zəng elədim. Dedi ki, pulu qaytara bilməz, çünki işi danışıb və həll edəcək. Bir müddət sonra yenə İlhama zəng elədim. Amma telefonu sönmüşdü. Tanışlardan maraqlananda bildim ki, Moskvaya gedib. Onda anladım ki, mən işə düşdüm”.

İlham Abbasovu Moskvadakı tanışları vasitəsi ilə tapdığını deyən Ş.Həşimov pulu geri ala bilmədiyi üçün özü ödəməli olub: “50 min dollar alınmışdı. Mən artıqlaması ilə qaytardım. Əvvəlcə 18500 dollar evdə olan pulumu verdim. 5 min bacanağımdan, min dollar tələbəmdən və qalanını da dostlarımdan aldım. İndi də həmin borcları qaytarmamışam. 41 min ödədiyim halda İntiqamgil məndən şikayətçi oldu. 9 min borcum qalmışdı. Maşın almaq istədilər. Mən də dedim ki, bankla alınan maşının 9 minini ödəyərəm. Belə də oldu. Mən bu pulları vermək üçün yoldaşımın adına banklardan kredit götürdüm. Bu iş məni xəstəliyə saldı. Bir ay Mərkəzi Klinikada yatdım. Aylarla müalicə aldım”.

Şahidin ifadəsindən sonra İlham Abbasov deyilənlərin hamısını təsdiq edib və Ş.Həşimova sualının olmadığnı deyib. Bildirək ki, bu hadisələr 2008-ci idə baş verib. İlham Abbasov uzun müddət Moskvada olduğu ərəfədə istintaqdan yayına bilib.

Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib. İ.Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

İnterpress.az