Putin İlham Əliyev və Serj Sarkisyanı görüşdürmək istəyir?backend

Putin İlham Əliyev və Serj Sarkisyanı görüşdürmək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentlər iki ölkə arasında ticarət dövriyyəsinin 24% artmasından, Avrasiya İttifaqı çərçivəsində əməkdaşlığın möhkəmlənməsindən danışdılar. Çox güman ki, bağlı qapılar arxasında Putinlə Sarkisyan Dağlıq Qarabağ məsələsinin həllini də müzakirə ediblər.

Maraqlıdır ki, bundan 1 ay əvvəl, iyulun 21-də Putin Azərbaycan Prezidenti İlham Əliyevilə də Soçi də görüşmüşdü. Həmin görüş ərəfəsində də mətbuata sızan informasiyalara görə əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsinin həlli və iqtisadi əməkdaşlıqla bağlı idi.

Görünən odur ki, 1 ay fərqlə həm İlham Əliyevin, həm də Serj Sarkisyanın məhz Soçidə Putinlə görüşü Rusiya prezidentinin yaxın vaxtlarda Bakı və Yerevan arasında ən yüksək səviyyədə danışıqları bərpa etmək niyyətindən xəbər verir.

Artıq 14 aydır ki, görüşməyən İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə 2016-cı ilin iyununda Sankt-Peterburqda görüş keçirmişdilər.

Putinin münaqişə tərəfləri arasında dialoqu bərpa etməyə maraqlı olması bir neçə amillə bağlı ola bilər. Onlardan ən önəmlisi 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi Putinin özünü sülhpərvər kimi təqdim etməyə çalışmasıdır. Belə ki, Suriya və Ukrayna münaqişələrinə görə ciddi təzyiqlə üzləşən Vladimir Putin Azərbaycan və Ermənistan arasında dialoqu bərpa etməklə beynəlxalq aləmdə imicinə vurulan reputasiya zərbəsini unutdurmağa çalışacaq.

Qarabağ münaqişəsinin həlli üçün irəliləyiş olmasa belə, Əliyev-Sarkisyan görüşünün uzun fasilədən sonra Rusiyada keçirilməsi belə Putinə xal qazandıracaq.

Digər tərəfdən, keçmiş sovet respublikalarını daim öz nüfuz dairəsində görən Rusiya prezidenti Qarabağ münaqişəsinin hələ də Kremlin nüfuz orbitində olduğunu nümayiş etdirmək üçün belə bir görüşün keçirilməsində maraqlıdır.

Həmçinin Moskva Paris və Vaşinqtonun vasitəçilik missiyasında önə çıxmasına qısqanclıqla yanaşır. ABŞ və Avropa Birliyi ilə sanksiyalar şəraitində yaşayan Moskva qonşu ölkələrlə bağlı önəmli geosiyasi məqamları öz əlində saxlamağa çalışır. Bu baxımdan Kreml ATƏT-in Minsk qrupunun həmsdər ölkələrini qabaqlamağa çalışır. Soçidə ehtimal görüş isə bu istəyi tam qarşılamaq iqtidarındadır.

Moskva Minsk qrupunun həmsədri kimi də münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etsə də, hər iki tərəfə müasir silahlar satmaqda davam edir. Əslində Kreml bu siyasəti ilə nə münaqişənin yekun həllini istəyir, nə də Qarabağda aktiv hərbi əməliyyatların başlanmasını gözləyir. Kremlin əsas məqsədi Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Donetsk münaqişələrinin uzunmüddətli dondurulmuş münaqişələrə çevrilməsi və bu bölgələrin Avropa Birliyi və NATO-ya inteqrasiyadan çəkindirilməsidir.

İnterpress.az