Lapşini İsraildə azad edə bilərlərbackend

Lapşini İsraildə azad edə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin İsrailə təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Vəkil bildirib ki, A. Lapşinin təhvil verilməsi ilə bağlı İsrail hökumətindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir: “Sorğu təxminən 5-6 gün ərzində gəlməlidir. Ondan sonra məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, A. Lapşin özü İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək İsrailə verilməsini istəyib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə məhkum edilib. O, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib və burada Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə məhkum olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əgər Lapşin İsrailə təhvil verilsə, orada azad edilə bilərmi?

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, Lapşinin Azərbaycana verilməsi ilk növbədə Belarus hökuməti tərəfindən beynəlxalq hüquqa hörmət idi:

“Buna görə də məsələ ətrafında siyasi kampaniya aparanlar, xüsusilə də əslində heç bir aidiyyəti olmayan tərəf kimi Ermənistan dövləti nəyəsə nail ola bilmədi. Məsələnin ikinci bir önəmli tərəfi o idi ki, nə qədər hüquq çərçivəsində olsa da istər-istəməz bunun siyasi çalarları da mövcud idi. Bu isə Ermənistanın nəzərində Qarabağın Azərbaycan torpaqları kimi tanıdılması istiqamətində bir addım olaraq qəbul edildi. Ona görə də belə ağrılı gündəm hələ də onların media məkanında qalmalıdır. Önəmli bir məqam ondan ibarətdir ki, prosesi Rusiya və Azərbaycan konfliktinə çevirmək cəhdləri baş tutmadı. O cümlədən də bir şəxsin üzərindən İsraillə də münasibətlərdə pisləşməni müşahidə etmədik. Reallıq ondan ibarətdir ki, Azərbaycan bu məsələnin siyasi çalarlarına baxmayaraq, məsələyə daha artıq dərəcədə hüquqi formada qiymət verməyə çalışır. Ekstradisiya məsələsinə gəlincə isə bu o zaman baş verir ki, ilk növbədə həmin qanuni müddəalar qarşı tərəf ölkədə də mövcud olsun. Yəni cinayət qanunvericiliyinin həmin şəxsə yönəlik müddəaları bu ölkədə də mövcud olsun. Əgər cinayətə müvafiq olan cəza birində 3 il, digərində 7-8 ildirsə, bu halda ekstradisiya baş tutmaya bilir. Eyni zamanda sorğu edən ölkənin hüquq-mühafizə orqanları zəmanət verir ki, şəxsi aldıqdan sonra azadlığa buraxmayacağıq və ümumi cəzasını çəkəcək”.

Deputat bildirib ki, məsələ ətrafında Azərbaycanın hüquq-mühafizə orqanları da müəyyən rəyə malikdir: “Hər bir halda önəmli olan budur ki, Qarabağ ayrı-ayrı əcnəbilərin qanunsuz şəkildə gedib-gəldikləri, hətta işlə bağlı səfərlərin olunduğu subyektə çevrilməsin. Elə hesab edirəm ki, ”Lapşin işi\” yaxşı bir nümunəyə çevrildi və biz müəyyən bir sindrom yaratdıq. Əminəm ki, Lapşin nümunəsi digər bu kimi qərarlarda olanlara da təsir edəcək. Reallıq bundan ibarətdir ki, Ermənistan tərəfi Qarabağı beynəlxalq hüquq subyekti kimi təqdim etmək üçün ən müxtəlif şəxsləri satın alır. Onları Qarabağa gətirir, guya mövcud olan dövlətin dostları klubuna daxil edir və daim xidmətlərində durur. Lakin hazırda çox az adam Qarabağla siyasi təmaslarını saxlayır. Böyük bir hissə əməkdaşlıqdan imtina edib. Lapşinlə bağlı hadisə bu prosesə bir qədər də təsir göstərəcək\”.

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, hüquqi baxımdan Lapşinin birbaşa azad olunması mümkün deyil:

“Ancaq istisna hal kimi əfv etmə halı mümkündür. Hüquqda nəzərdə tutulsa da konkret olaraq dövlət başçısının səlahiyyətinə aiddir. Bu hal istisna olmaqla, cəzaçəkmə yerində olan və ya mübadilə edilən şəxs öz ölkəsində də azad edilə bilməz”.

İnterpress.az