“Sevinək, tədris ilinə gülər üzlə start verək”backend

“Sevinək, tədris ilinə gülər üzlə start verək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftənin əvvəli Amerikada yeni tədris ilinə start verildi. Amma yeni tədris ili insanların həyatında intensiv aqressiya və biri-birinə qarşı dözümsüzlük nümayişi ilə müşayiət olunmadı. Yollarda siqnal səsləri, ittiham dolu baxış və davranışları heç müşahidə etmədim. Bəlkə də ona görə ki, hər bir tədris ocağının müxtəlif yaş qruplarına aid olan məktəblilər üçün xüsusi avtobusları var və bu da eyni istiqamətdə hərəkət edəcək nəqliyyat vasitələrinin sayının əhəmiyyətli azalmasına səbəb olur. Bu cür şans olduğu üçün və heç kəsdə öz şəxsi avtomobilini digər valideynlərə nümayiş etdirmək istəyi olmadığından həyat axını tədris ilinin başlanğıcı ilə 180 dərəcə dəyişmir. Onu da qeyd etmək istəyirəm ki, Amerikada bir çox uzun məsafəli yollarda xüsusi hərəkət zolağı var və bu zolaq bir neçə maşın yerinə bir maşına cəmlənən 4 nəfər üçün nəzərdə tutulub. Yəni sən jest edirsən və onun qarşılığında üz tutduğun məkana daha rahat çatman üçün xüsusi zolaqdan istifadə edirsən. Belə yerdə atalar deyib ki, “Əl əli yuyar, əl də üzü”. Deyəsən yenə də amerikalılar bizim atalar sözümüzü bizdən daha düzgün analiz ediblər.
Toxunmaq istədiyim digər məsələ kitabxanalardır. Amerikada elə bir şəhər tapmaq mümkünsüzdür ki, orada kitabxana olmasın. Kitabxanaya gəlmək istəyənlər “görəsən uşaqları harada qoyum” sualının qarşısında aciz qalıb sonunda istəyindən əl çəkmir. Kitabxanalarda 2-dən 92-yə qədər hər yaşda insan görürsən. Elə bir abu-hava yaradılıb ki, insan imkan tapan kimi gedib orada oturmaq və həmin abu-havanın təsirinə düşmək istəyir. Əgər bir xalqın gələcəyini əlindən almaq istəyirsənsə, onu savadsız etmək kifayətdir. Ona görə də uşaqlıqdan müxtəlif janrlı kitablar oxumağa maraq oyatmaq lazımdır. Bunun üçün isə düşünülə biləcək ən yaxşı variantlardan biri körpələri cəlb edə biləcək abu havada kitabxanalar formalaşdırmaq və ya ən azından mövcud kitabxanalara azyaşlı həvəskarlarımız üçün onların dünya görüşünə uyğun xüsusi otaqlar təsis etməkdir. Həmçinin səs-küy istəməyənlər üçün səsdən izolyasiya olunmuş otaqlar da təsis etmək olar. Və nəticə etibari ilə heç kəs istədiyi vaxt kitabxanaya üz tutmaqdan çəkinmir.
Bu dəfə haqqında danışmaq istədiyim sonuncu mövzu isə Amerikada siqaret çəkmə məsələsidir. Kimlər ki, amerikalşmaq naminə bu işə başlayırlar, onlara demək istəyirəm ki, burada olduğum müddətdə 2 siqaret çəkən xanım görmüşəm ya yox. Hətta kişilər arasında da ürək-damar sistemi xəstəlikləri və ağciyər xərçəngi riski ilə əlaqədar siqaret çəkənlərin sayı sürətlə azalmaqdadır. Ümid edirəm tezliklə bizdə də bu dırnaqarası cool olma həvəsi azalacaq.
Gələcəyimiz gənclərimizdir, uğurlu gələcək isə yalnız saglam və savadlı gəncliklə mümkündür.

Ulviyyə Qasımova
Amerika