“Bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi”backend

“Bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün \”Azəri-Çıraq-Günəşli\” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmışdır: “1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu da dünyanın neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.

2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir”.

Prezident bizim çox böyük maliyyə resurslarımızın olduğunu bildirib: “Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.

Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir”.

İnterpress.az