Azərbaycanda yeni dövlət qurumu yaradıldıbackend

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir;

2.2. Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır;

2.3. Cəmiyyətin Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır;

2.4. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.

3. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.1.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.2. Cəmiyyətin Müşahidə Şurasına:

3.2.1. bu Fərmanın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyəti sədrinin təqdimatı əsasında İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Bu Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri

İşçi qrupun üzvləri

Asif Qasımov – Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru

Asim Zülfüqarov – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru

Samir Hümbətov – Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri

Xalid Əhədov – “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Cəlal Qasımov – “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Nuran Kərimov – “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru

Vüqar Əliyev – “KPMG Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru.

5. İşçi qrupa tapşırılsın ki, bir ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

5.1. Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini;

5.2. beynəlxalq təcrübə nəzərə alınmaqla:

5.2.1. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini;

5.2.2. sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi halları və qaydasının layihəsini;

5.3. risklərin azaldılması məqsədilə kredit reytinq sisteminin tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti alətlərinin tətbiqinə dair təkliflərini;

5.4. Cəmiyyətin vəzifələrini həyata keçirməsi üçün zəruri olan digər normativ hüquqi aktlar, o cümlədən mövcud normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflərini.

6. Bu Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün İşçi qrup tərəfindən xarici və yerli ekspertlər cəlb edilə bilər.

7. Bu Fərmanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq hazırlanacaq qaydanın layihəsində, o cümlədən aşağıdakı məsələlər öz əksini tapsın:

7.1. kredit təminatı məhsullarından faydalanacaq benefisiarlar (kiçik, orta və ya iri sahibkarlar, o cümlədən yeni fəaliyyətə başlayan sahibkarlar) və təminat veriləcək layihələrin iqtisadiyyatın hansı sektoruna aid olması;

7.2. təminat veriləcək kreditlərin maksimum dəyəri və müddəti;

7.3. Cəmiyyət, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri;

7.4. müvəkkil banklara verilən kredit təminatının maksimum limiti və bir müvəkkil bank üzrə limitin müəyyənləşdirilməsi mexanizmləri;

7.5. Cəmiyyət tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə maksimum nisbəti, habelə verilmiş təminatın kredit məbləğinə nisbətinin müəyyənləşdirilməsi mexanizmləri;

7.6. bir sahibkar üzrə verilən təminatın yuxarı həddinin müəyyənləşdirilməsi mexanizmləri;

7.7. Cəmiyyət tərəfindən təminat verilməsinə görə xidmət haqqının müəyyənləşdirilməsi mexanizmləri.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə üç ay müddətində onun müvafiq inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün;

8.5. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulmuş hallarda İşçi qrupun müraciəti əsasında maliyyələşdirməni təmin etsin;

8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. Bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulan dövlət orqanları və qurumları Cəmiyyətin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

İnterpress.az