Mais Məmmədov ANS-in taleyi haqda: “Biz neynəmişik ki…”backend

Mais Məmmədov ANS-in taleyi haqda: “Biz neynəmişik ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ANS-in hansı səbəbdən bağlanılmasından asılı olmayaraq, əməkdaşları sosial problemlər, işsizliklə üz-üzə qalmışdı. Bəzi əməkdaşlar televiziya bağlanan andan yeni kanallarda fəaliyyətə başlasa da, bir qismi ANS-in bağlanılmasını qəbul etmədiklərini, buna görə də başqa televiziyalarda iş axtarmadıqlarını deyirdilər. Lakin zaman keçdikcə digər əməkdaşlar, o cümlədən ANS-in məşhur simaları Elgiz Əkbər, Ülvira Qarayeva, Rövşanə Bektaşi də özlərinə yeni iş yeri tapmaq məcburiyyətində qaldılar. Maraqlıdır ki, televiziya əməkdaşlarının əksəriyyətini ARB kanalı qəbul edib.

ANS-in digər tanınmış siması, ABŞ üzrə xüsusi müxbiri, Fətullah Güləndən müsahibə aldığı üçün televiziyanın bağlanılmasında adı hallanan Qənirə Ataşova isə bu günlərdə ABS-a köçüb. Məlumata görə teleaparıcının ABŞ-a köçməsi bu ölkədə təhsil alması ilə bağlıdır.
Xatırladaq ki, ötən ilin oktyabrında İstanbuldan iş təklifi alan teleaparıcı ölkəni tərk etmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək, geri qaytarılmışdı. Sonradan isə teleaparıcının ölkə çıxışına qoyulan qadağa aradan qaldırılmışdı.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən ANS şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb. Bununla bağlı şirkət məhkəmələrə müraciət etsə də, iddiaları qəbul olunmayıb. Bununla da televiziyanın yenidən açılacağı ilə bağlı ümidlər də puç olmağa başladı.

Qeyd edək ki, ANS televiziyası fəaliyyət göstərdiyi 25 il ərzində 7 dəfə bağlanıb. 1992-ci ildə 3 dəfə, 1993-cü ilin fevral-iyul aylarında, 4 noyabr 1994-cü ildə, 2006-ci ilin 24 noyabrında və sonda 2016-cı ildə. Maraqlıdır, kollektiv televiziyanın açılacağına yenə də ümid edirmi? ANS-in taleyi tamamilə bitdimi?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı: “ANS-lə bağlı hələ ki, bir xəbər də yoxdur. Bu barədə rəsmi orqanlardan soruşmaq lazımdır. Biz isə, kollektiv gözləyir ki, birdən Allah üzümüzə baxdı, televiziya açıldı, vəssalam”.

Mais Məmmədov bundan sonra heç bir məhkəməyə müraciət etməyəckələrini də vurğuladı: “Dünyada nələr olduğunu görürsüz… Hər şey hökumətdən asılıdır, yəni bizlik heç nə yoxdur”.

Televiziya rəsmisi kollektivin tamamilə dağıldığını dedi: “Kim ki, iş tapır, gəlib deyir ki ”xahiş edirik, ANS açılanda bizi çağırın\”. Camaatın uşaqları, banklarda kreditləri, naxoş ata-anaları var. Neyləməlidirlər, işləməlidirlər də… Bizi tamamilə buraxdılar. Biz axı neynəmişik?\”

İnterpress.az