“Sarkisyan hakimiyyəti açıq şəkildə məğlubiyyətini qəbul etmir”backend

“Sarkisyan hakimiyyəti açıq şəkildə məğlubiyyətini qəbul etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı siyasətçilərin fikrincə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Ermənistan-Dispora” forumununda dedikləri buna əyani sübutdur. Siyasətçilərin fikrincə, Nalbandyanın Azərbaycan ərazilərinin geri qaytarılması məsələsinə üstüörtülü razılıq verdiklərini bəyan etməsi erməni tərəfinin məğlubiyyət acısından irəli gəlir.

Politoloq İlqar Vəlizadə “Ölkə.Az”a açıqlamasında bildirib ki, Ermənistan hökuməti açıq şəkildə məğlubiyyətini qəbul etmir. Onun sözlərinə görə, bu səbəbdən də, Sarkisyan hakimiyyəti nala-mıxa vurur.

“Ötən ilin aprel ayında baş verən döyüşlərdə ermənilərin məğlubiyyətindən sonra Ermənitan hakimiyyəti cəmiyyəti Azərbaycan torpaqlarını qaytarmaq mövzusuna hazırlamağa çalışır. Ermənistan hökuməti bunu açıq şəkildə deyə bilmir. Prosesin gedişatını dolayı yollarla xalqa çatdırırlar. Hakimiyyət nümayəndələri müxtəlif fikirlərlə bu məsələni qabardır. Bu da erməni cəmiyyətində böyük müzakirələrə səbəb olur. Bu məsələnin bir hissəsidir. Ermənistan hökuməti prosesləri geniş və ətraflı açıqlamağa cəsarət etmir”, – deyə politoloq bildirib.

İ.Vəlizadə deyir ki, digər tərəfdən də, Ermənistan hökuməti Azərbaycanla danışıqlarda mümkün qədər uduzmamağa cəhd edir: “Ermənilər istəyirlər ki, bir neçə rayonu qaytarmaqla, aradakı əlaqələri düzəltsinlər. Sarkisyan hakimiyyəti Dağlıq Qarabağın statusunun Azərbaycan tərəfindən tanınmasına nail olmaq istəyir. Baş verənlər göstərir ki, Ermənistan hakimiyyətinə çox güclü təzyiqlər var. Bu səbəbdən də, onlar bu mövzunu gündəmə gətirirlər. Lakin prosesin hansı istiqamətdə inkişaf edəcəyini və nəticələrin necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, bəzi ərazilərin geri qaytarılması Qarabağ münaqişəsinin həllində problem yaratmaz.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaratmır. Proses barədə ətraflı açıqlama verə bilmərəm. Bu danışıqların gedişatına mənfi təsir göstərə bilər”, – deyə E. Nalbandyan bildirib.

İnterpress.az