Ana fəryadı: “Daha bu yükü daşıya bilmirəm” – VİDEObackend

Ana fəryadı: “Daha bu yükü daşıya bilmirəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övlad dərdi valideyn üçün dözülməzdir. Bir ananın gözünün önündə özünü idarə etmək bacarığında olmayan iki övladının böyüməsi dəhşətli bir mənzərədir. Bunu təsəvvür etmək belə üzür insanı. Hələ bunu yaşamaq nə deməkdir ?.. Ayağı yer, dili söz tutmayan, özünü, istəklərini anlada bilməyən, hər addımını köməksiz ata bilməyən iki gül bala – Həvva və Hüseyn. Həvva 13, Hüseyn isə 8 yaşındadır. Amma heç biri böyüdüyünün fərqində deyil bu uşaqların. Ağır dərd, böyük faciədir bu ana və ata üçün. Serebral iflicli iki bala… 36 yaşlı Aynurun üç övladı var, onlardan ikisi ağır xəstəliklə yaşamağa məhkum olub. Aynur 2002-ci ildə xalası oğlu Ruslan Əhmədovla ailə qurub. İlk uşaq Fatimə problemsiz doğulub, hazırda 10-cu sinifdə oxuyur. Ailənin ikinci uşağı Həvva 13 ildir ömrünü bu cür – yataqda, əziyyətlə keçirir. Həvva anasını belə işarələrlə çağırır. Nə gəzə bilir, nə danışa, yaşıdları kimi nə oynayır, nə də məktəbə gedir. Həyətə düşüb qonşu uşaqları ilə oynamalı olan yaşdadır Həvva. Amma bütün bunlardan məhrumdur, təəssüf ki. Valideynlərinin dərdi tək Həvva deyil, ailənin yeganə oğul övladı olan 8 yaşlı Hüseyn də eyni xəstəliklə çarpışır. Ailədə iki uşağın eyni problemlə yaşamağa məhkum olmasının səbəbi kimi qohumluq əlaqələri göstərilir. Bizə müraciət etmələrinin səbəb isə dərdlə heç çarə tapmamaları və maddi durumlarının getdikcə ağırlaşmasıdır. Artıq müalicəyə lazım olan vəsaiti tapa bilmirlər. Uşaqlarının sağlamlığındakı problemlərdən dolayı gənc qadının əsəbləri də, səbri də tamamilə korlanıb. Danışdıqca göz yaşlarına hakim ola bilmir: “2003-cü ildə böyük qızım anadan olub. Hər şey yaxşı idi. Sonradan qan azlığından əziyyət çəkir. 2005-ci ildə ikinci qızım anadan olub. 7 ayına qədər yaxşı idi, kalyaskadan tutub dirəşirdi. Peyvənd vurulandan sonradan əsmə başladı”.

Sonra Həvvaya 6 yaşınadək fasiləsiz müəyyən müalicələr alıb. Nevroloji Xəstəxanada yatıb, həkimlər Həvvanın yaxşı olacağına ümidləndirib ailəni. Aynur xanım deyir ki, həmin dövrdə bir həkimin müalicəsi səhv olub və uşağın xəstəliyi daha da güclənib. Həvva balaya beyin sıxılması diaqnozu qoyulub. Bəzi həkimlər onun xəstəliyinin qohumluqla bağlı olduğunu deyiblər, bəziləri isə peyvənddən sonrakı problem hesab edirlər: “Hər şeyi başa düşür. Atası çöldən gələndə hər şeyi bilir. Yemək istəyəndə dilini çıxarır. O üzə bu üzə çevrilir, əlinə nə versəm yeyir”.

Ailənin üçüncü övladı Hüseyn 2009-cu ildə doğulub. Hüseyndə də eyni problem olduğunu valideynləri onun 6 aylığında hiss ediblər. Hüseynin də xəstəliyi əsmə ilə başlayıb və sonradan onda da bu ciddi xəstəlik aşkarlanıb. Ailə hər iki övladının sağlamlığında irəliləyiş olması üçün illərlə mübarizə aparıb. Seyr etdiyimiz bu iki uşaq yaşlarının ən qayğısız və xoşbəxt olmalı bir vaxtda xəstəxanaları gəziblər. Bəlkə şəfa tapılar – deyə onları İrana da aparıblar: “Bütün həkimlər deyib ki, düzələcək. Rus həkim də deyib vaxtı-vaxtın da gətirin. Bahalı iynə yazılıb, hər ay vurulmalıdır. Ailəmizin imkanı yoxdur. Yoldaşım 200 manata işləyir. Uşaqlarımın hər ikisi aylıq cəmi 78 manat təqaüd alır. Nəyimiz var bu uşaqların üstünə qoymuşuq, çatdıra bilmirik. Mənim özüm çox çətinlik çəkirəm, dəyişə bilmirəm, qaldıra bilmirəm, çimizdirə bilmirəm, əziyyət çəkirəm. Mən də istəyirəm balaların yerisin”.

Həvva üçün aparılan müalicənin heç bir nəticə vermədiyini görəndə valideynlər imkanlarını özünü azca da olsa idarə edən və az da olsa danışa bilən Hüseynə sərf ediblər. Təhsilsizdi iki balasının həyatda normal yaşaması üçün çarpışan Aynur… Uşaqlarının əziyyət çəkməsi onu çox incidir, 13 yaşlı qız balasını belində daşıyır bu ana… Göz yaşı ilə… Ananın bu göz yaşları Həvva ilə Hüseynin qavrayacağı hiss deyil. Çox ağırdır bu mənzərəni seyr etmək, hələ bizim üçün bu belə ağırdırsa, bir də o ananı düşünün. Bu ana kömək istəyir, qapı istəyir balalarının üzünə açılacaq, sağlam və ümid dolu bir qapı…

Aynur deyir ki, bu vaxta qədər Həvva və Hüseynin sağalması naminə üç evin pulu xərclənilib. Nəticə isə göz qabağındadır. Aynur bu gün çarəsizlikdən ağlayır. Başqa heç cür hisslərini çatdıra bilmir. O, balalarının sağalması üçün imkanlı şəxslərə müraciət edib yardım istəyir. Ailə Allahdan ümidini kəsmir. Ana düşünür ki, əgər bu problemin qohumluqla əlaqəsi varsa, birinci uşağında da belə olmalı idi. Həvva və Hüseyn məktəbli həyatı yaşamaqdan da məhrumdurlar. Aynur xanım deyir ki, evdə hazırlıq üçün məktəblərə dəfələrlə müraciət olunsa da, uşaqlarına müəllim verilmir. Əvəzində ailəyə uşaqları internata qoymağı tövsiyə edirlər. Ata isə uşaqlarının internata verilməsinə qarşıdır, Allahdan ümidini üzmür, möcüzəyə inanır.

Uşaqlarının sağalması naminə 13 ildir Mingəçevir – Bakı yollarında keçirir həyatını Aynur xanım üç balası ilə. Bakıya gələndə ata evində qalır. Çəkilişimiz də Aynurun atasının Saray qəsəbəsində yerləşən evində gerçəkləşdi. Aynurun anası Minayə xanım nəvələrinin bu halına acıyır, əlindən heç bir kömək gəlmədiyi üçünsə daha çox üzülür. Nənə nəvələrinin taleyindən narahatdır. Deyir bu illər ərzində Həvva və Hüseyn üçün əllərində olan – qalan nə var xərcləyiblər. Qızının ailəsinə uşaqlarının sağlamlığı üçün yetərincə kömək edən ata və ana nəticə olmadığından və daha pulları qalmadığından imkanlı adamlara müraciətlər etməyə qərar veriblər: “Mən də çox istəyərdim nəvələrim başqalarının nəvələri kimi yerisinlər, məktəbə getsinlər. Həmişə əlimdən gələn qədər köməklik eləmişəm, özüm də şəkər xəstəsiyəm. İmkan da yoxdur”.

Minayə xanım nəvələrinin xəstəliyi ilə əlaqədar qızının əsəblərinin pozulduğunu deyir. Ana qızına bu çox çətin dövrdə səbirli olmağı məsləhət görür. Deyir ki, bir tərəfdən bağlayan Allah bir tərəfdən açar. Minayə xanım, qızının bir qadın, bir ana kimi əziyyət çəkməsinə, nəvələrinin normal həyat yaşamaq imkanından məhrum olmalarına görə çox əzab çəkir. Deyir bunları görüb yaşamaqdansa, ölüm daha yaxşıdır: “Mən özüm də uşaqlara görə hər yerə müraciət edirəm, deyirəm bəlkə kimsə kömək ola bilər. Mən hər gün ağlayıram”.

Bir nənə nəvələrinin sağalması üçün nə edə bilərsə, Minayə xanım onu da edir. Amma nəticə onu incidir. Çünki uşaqların üzərində aparılan müalicələrin nəticəsi yaxşı deyil. Minayə xanım deyir ki, Həvvaya nisbətən Hüseyn müalicəyə daha yaxşı reaksiya verir. Hüseyn ayaq üstə dayana, əlinə nəyisə ala bilir, ata, ana sözlərini deyir: “Bilmirəm bu həyat nə zamana kimi belə davam edə bilər. Mən özüm artıq ölmək istəyirəm”.

Aynur və Ruslan üç balası ilə Mingəçevirdə qohum evində qalırlar. Onlar özlərinə ev tikməyə imkan belə tapmayıblar, çünki əllərinə gələni yalnız bu iki balanın müalicəsinə xərcləyiblər. Evsizlik onları üzmür, balalarının öz ayaqları üzərində dayanmağı bacarmamaları, normal uşaqlar kimi təhsil ala bilməmələri, həyatda zülm çəkmələri incidir ata ilə ananı. Bu uşaqların gələcəyinin yaxşı olması üçün davamlı müalicə almalıdırlar. Əgər bir ümid varsa, həkimlərin dediyi kimi, o ümiddən yapışıb bu balaları yaşatmaq lazımdır. Ailənin artıq gücü qalmayıb bu yükü daşımağa. İndi bu ağrı-acının, bu ağır yükün altına daha güclü çiyinlər keçməlidir. Yardım olmasa təkcə uşaqlar yox, onların dərdindən valideynləri də tələf olub gedə bilərlər. Lütfən kimlərsə irəli çıxıb bu uşaqlara yardım etsin. Yardım edənlər bu xeyirxah əməlləri ilə təkcə iki gül balanı yox, bütöv bir ailəni xilas etmiş olacaqlar…

Qeyd: Ailəyə kömək etmək istəyən şəxslərdən Ruslan Əhmədovla 055 755–14-70 nömrəsi ilə əlaqə saxlamaları rica olunur.

İnterpress.az