Serj Sarkisyanın BMT sessiyasında çıxışının böyük hissəsi Qarabağa aid olubbackend

Serj Sarkisyanın BMT sessiyasında çıxışının böyük hissəsi Qarabağa aid olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Mən bu yüksək kürsüdən sülh, tərəqqi və əməkdaşlıq haqqında danışmaq istəyərdim, lakin, təəssüflər olsun ki, artıq 5-ci dəfə Dağlıq Qarabağ münaqişəsindən danışmağa məcburam\”, – deyə Ermənistan prezidenti bu \”arzuedilən məqamdan uzaqlığın\” səbəblərini izah etməyə çalışıb.
Sarkisyan Dağlıq Qarabağ probleminin sırf dinc yolla həllinin alternativi olmadığını deyib və eyni zamanda, onun insan haqları problemi olduğu, \”insan haqlarının əsasını təşkil edən və ayrılmaz hissələrindən biri olan xalqın öz müqəddəratını sərbəst təyin etmək yolu ilə\” mümkün olduğunu deyib.
1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib.
BMT qəbul etdiyi 4 qətnamə ilə erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.
Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.
Sarkisyandan başqa, Türkiyə prezidenti Recep Tayyip Erdoğan da Dağlıq Qarabağdan danışıb. Prezident İlham Əliyevin çıxışı çərşənbə gününə planlaşdırılıb.
Sarkisyan çıxışında \”30 il əvvəl öz müqəddəratı uğrunda mübarizəsinin yeni mərhələsinə başlayan \”Artsax\” (Dağlıq Qarabağ) ermənilərinin dinc çağırışları və bu istiqamətdə addımları\” Azərbaycan tərəfindən \”zorakılıq tədbirləri\” ilə qarşılandığını bildirib.
Sarkisyan 1990-cı illərin əvvəlində \”ermənilərin Azərbaycandan kütləvi şəkildə çıxarılması və zorakılıq hallarını\” xatırladıb, Azərbaycan hökuməti tərəfindən nəzarəti altında olan \”nəhəng erməni mədəni və mənəvi irsininin ardıcıl olaraq məhv\” edildiyini deyib.
\”Təbii ki, belə olan şəraitdə Artsax xalqının özünümüdafiəyə əl atmaqdan başqa seçimi olmayıb\”, – Sarkisyan bəyan edib.
Sarkisyan \”ermənifobiyanın Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edən və ayrılmaz tərkib hissəsinə\” çevrildiyini bildirib.
\”Bu [siyasət] məktəb dərsliklərində dərin kök salıb və ölkənin gənc nəslinin təfəkkürünü zəhərləyir\”, – deyə Sarkisyan bu barədə illər boyu \”irqçilik və ksenofobiya\” məsələləri ilə məşğul olan rəsmi və qeyri-rəsmi təşkilatlara xəbər verildiyini bildirib.
Ermənistan prezidenti \”Azad Artsax\” deyə, Dağlıq Qarabağı \”baş tutmuş demokratik cəmiyyət\” adlandırıb və əmin olduğunu bildirib ki, \”Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətinin \”Artsax\” xalqının hüquqlarına heç bir təsiri olmamalıdır\”.
Həmin gün BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışında \”regionda sabitlik və təhlükəsizliyin daha da zəiflədiyini\” bildirib.
\”Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizininin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır.\”
Nazir əlavə edib ki, \”Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcəkdir.\”
Türkiyə prezidenti Erdoğan isə çıxışında Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün Cənubi Qafqazda regional \”sabitliyin açarı\” adlandırıb:
\”Ona görə də, biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün daha çox işləməliyik. Biz heç zaman unutmamalıyıq ki, bu gün məhəl qoyulmayan hər bir böhran sabah regional və hətta qlobal böhran yaratmaq üçün potensiala malikdir\”, cənab Erdoğan əlavə edib. (bbc)

İnterpress.az