Akif Çovdarov bəraətlə azadlığa çıxır – Iddiabackend

Akif Çovdarov bəraətlə azadlığa çıxır – Iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən O.Osmanovun vəkili müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. A.Çovdarovun vəkili Sadiq Rəsulov da sabiq MTN generalın günahsız olduğunu, ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Proses sentyabrın 27-də təqsirləndirilən şəxslərin məhkəmədə son sözləri ilə davam etdiriləcək.

Hazırda məhkəməni izləyənlərin bir çoxunu bir sual düşündürür – Akif Çovdarov və onunla mühakimə olunan şəxslərə bəraət verilə bilərmi?

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyir ki, “MTN işi” üzrə məhkəmə qarşısına çıxarılan şəxslərə bəraət verilə bilməz: “Akif Çovdarov, ümumiyyətlə hazırda məhkəmə qarşısına çıxarılıb mühakimə olunan ləğv olunmuş MTN zabitlərinin heç birinə bəraət düşmür. Onlardan bəziləri deyirlər ki, ”bizlik nə var, yuxarıdan deyiblər etmişik\”. “Mənə yuxarıdan tapşırıq verildi” fikri kimsəni cinayət məsuliyyətindən azad eləmir. Tapşırıq qanunidirsə, qanuni verilibsə icra olunmalıdır. Qanunsuz tapşırıq yerinə yetirilməməlidir. Tapşırıq konstitusiyaya, qanunlara ziddirsə, birbaşa cinayət törətməyə yönəlibsə icra olunmamalıdır. Yuxarıdakı deyirsə ki, cinayət et, etməlisən? Dövlət naminə, dövlətin və millətin təhlükəsizliyi naminə tapşırıq olmayıbsa, əksinə dövlətə və millətə qarşı olubsa, icra olunmamalı idi. Vəkillər də “tapşırıq yuxarıdan verilib, icra olunub” arqumenti ilə çıxış edirlər. Bəs, tapşırığı verəni niyə həbs etmirlər? Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər iş adamlarını, gözlərinə xoş görünməyənləri qanunsuz tapşırığa əsasən tutublar, döyüblər, mal-mülklərini, pullarını əllərindən alıblar. İndi də bəraət istəyirlər. Bu absurddur. Törədilən cinayətlərə görə tutulan hər bir şəxs cəzaya çatdırılmalıdırlar. Hələ məhkəmədə araşdırılanlar bu adamların törətdikləri cinayətlərin 10-da biri deyil. Bu adamları o qədər cinayətləri var ki… Bəzi məsələləri ortalığa çıxarmırlar\”.
İ.İsmayıl deyir ki, bir zaman kəsiyi ötəcək və daha ağır cinayətlər üzə çıxacaq: “İndiki mərhələdə Akif Çovdarova bəraət verilməyəcək. İstintaq, sonradan da məhkəmədə ”MTN işi\” üzrə həbs olunanlara loyallıq ona görədir ki, tutulanları çox da sıxa bilmirlər. Bilirlər ki, bunları çox sıxsalar daha böyük məsələlərin üstü açılacaq və müvafiq olaraq həbslərin dairəsi də çox geniş olmalıdır. Elə məlumatların, informasiyalaırn üstü açıla bilər ki, arzuolunmaz vəziyyət yaranar\”.

İ.İsmayıl cəza təyini məsələsində ötən illərin təcrübəsinə müraciət ediləcəyi qənaətindədir: “Azərbaycanda elə vəzifəli şəxslər olub ki, yuxarı səlahiyyətli şəxsin tapşırığını yerinə yetirib həbsə gediblər. Sonradan isə həmin adamı türmədən çıxarıb bəraətini verib nazir təyin ediblər. Azərbaycanın yaxın tarixində belə şeylər olub. Bu baxımdan Akif Çovdarova real cəza veriləcək, sonradan isə onu azad edə bilərlər”.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbslər qoyulub. (musavat)

İnterpress.az