Yaxın Şərqi silkələyəcək kritik referenduma iki gün qaldıbackend

Yaxın Şərqi silkələyəcək kritik referenduma iki gün qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq kürd muxtariyyəti məclisinin sədri və müxalif Qoran Hərəkatının sədri Yusif Məhəmməd müstəqillik referendumunun ləğv olunması çağırışı edib. BBC-yə verdiyi müsahibədə Y.Məhəmməd referendumun qanunsuz olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, muxtariyyət beynəlxalq qurumların vasitəçiliyi ilə Bağdadla danışıqlara getməlidir.

Xatırladaq ki, hazırda İraq kürd muxtariyyətinin parlamenti faktiki olaraq fəaliyyət göstərmir. 2015-ci ildə daha əvvəl səlahiyyətlərini iki il uzadan muxtariyyət lideri Barzani səlahiyyətlərinin daha iki il artırılmasını tələb edərkən, bu tələb parlmanetdəki əleyhdarlarının sərt etirazı ilə qarşılanıb. Müxaliflər, xüsusən də Qoran Hərəkatı üzvləri Barzaninin iqtidarı seçki keçirmədən qanunsuz olaraq əlində saxlamasına etiraz edib. Qoranın əsas mərkəzi hesab olunan Süleymaniyyə şəhərində iqtisadi böhran və maaşların gecikməsinə etiraz edənlər Barzaninin Kürdüstan Demokrat Partiyasının binalarını yandırıb, bir neçə nəfərin ölməsi ilə nəticələnən toqquşmalar olmuşdu.

Bu hadisədən sonra Qoran lideri Məhəmməd Yusif paytaxt Ərbilə buraxılmayıb ardınca isə Barzani ümumiyyətlə, parlamenti bağlayıb. Bu səbəbdən də hazırda faktiki olaraq 4 ildir Barzaninin seçkilərinin vaxtı keçib, parlament isə bağlanıb.

Yusif Məhəmməd deyib ki, referendum böhranın əsas səbəbi Barzaninin hakimiyyətdən əl çəkmək istəməməsi ilə bağlıdır. O deyib ki, daha əvvəl, yəni 2012 və 2013-cü illərdə də referendum mövzusu aktuallaşmışdı, ancaq sonradan gündəmdən çıxdı. İndi isə payızda muxtariyyət rəhbəri postuna seçkiləri gözlənildiyi bir vaxtda yenidən referendum məsələsi gündəmə gəlib: “Referendumla parlament böhranı arasında bağ var. Nə zaman prezident seçkiləri gündəmə gəlir, həmin vaxt referendum mövzusu qabardılır”.

Kürd parlamentinin sədri deyib ki, proseslərin bu şəkildə qızışsa bütün bölgəni “yandıra” bilər. Y.Məhəmmə deyib ki, Barzani referendum qərarını bütün siyasi qüvvələrin iştirakı ilə qəbul etməyib: “Bu səbəbdən də referendum legitim sayıla bilməz. Bu referendum xalqı bir araya gətirmək əvəzinə daha da böldü. Bu səbəbdən də indiki mərhələdə təxirə salınması daha faydalı olardı. O təklif edib ki, kürd muxtariyyəti rəhbərliyi beynəlxalq qurumların vasitəçiliyi ilə Bağdad hökuməti ilə danışıqlara getməlidir. Çünki indi yaranmış problemlərin tək həll yolu danışıqlardır.

Y.Məhəmməd deyib ki, hazırda Kürdüstan və İraq hökumətləri arasında əsas problemlər mübahisəli ərazilər, Peşmərgə (Kürd silahlı gücləri – K.R.) ilə bağlı anlaşmazlıqlar və neft yataqlarının istismarı məsələləridir. Bunun üçünsə Bağdadla danışmaq lazımdır, deyə Y.Məhəmməd bildirib. Eyni zamanda əlavə edib ki, kürdlərin alacağı istənilən hüquqi, siyasi status – federasiya və ya konfederasiya, müstəqillik – kürd xalqının maraqlarına xidmət etməli, zərər vurmamalıdır.

Qeyd edək ki, cümə gününə qədər hələ də Barzani referendum qərarında israr edib. Ancaq BBC-nin rəsmi mənbələrdən əldə etdiyi məlumata görə kürd muxtariyyəti və Bağdad hökuməti hazırda Qərb dövlətlərinin irəli sürdüyü təkliflər paketini müzakirə edir. Əgər uyğun qərar olarsa referendumun ən sonda təxirə salınması mümkündür. Məsələ ondadır ki, Barzani özü də açıq şəkildə bəyan edib ki, Qərb ölkələri referendumun təxirə salınması və ya tamamilə ləğv olunması təklifinin qarşılığında ciddi və əlverişli təklif irəli sürməlidir. Doğrudur, amerikalılar Barzaniyə “uyğun” təkliflər verdiklərini bəyan etsələr də, kürd lideri bununla qane olmayıb. Ancaq hələlik ekspertlər son günə qədər ümid qaldığını. Barzaninin geri çəkilə biləcəyini qeyd edirlər.

Məsələ ondadır ki, referendum Barzaninin iddia etdiyi formada baş tutsa, Bağdad və Ərbil arasında silahlı qarşıdurma qaçılmaz olacaq. Çünki Barzani faktiki olaraq İraqın kürdlər yaşayan bütün bölgələrində səsvermə keçirir. Bu isə İraqın suverenliyinin təhdid olunmasıdır. İraq Konstitusiyasında kürd muxtariyyətinin ərazisi təyin olunub. Ancaq son illərdə, xüsusən də İŞİD-ə qarşı müharibə zamanı kürdlər böyük əraziləri ələ keçiriblər və bunu geri qaytarmaq istəmirlər.

Ancaq kürdlərin müstəqillik arzusu yalnız İraq hakimiyyəti deyil, eyni zamanda İran və Türkiyəni də narahat edir. Çünki regionda kürd dövlətinin yaranması bölgədə yeni ərazi mübahisələrinə səbəb olacaq, həll olunmayan münaqişəyə səbəb olacaq. Digər tərəfdən, bu hadisə kürd separatizmini alovlandıracaq. Türkiyədə və İranda əhəmiyyətli sayda kürd azlığı var və bunlar siyasi və hərbi təşkilatlanma keçiblər. Kürd dövləti bu ölkələrdəki qrupları hərəkətləndirəcək. Buna görə də indi İran və Türkiyə də açıq şəkildə referenduma qarşı olduqlarını bəyan ediblər. Türkiyə baş naziri Binali Yıldırım deyib ki. kürdlərin referendumuna beynəlxalq dəstək yoxdur. Türkiyə dövləti də müxtəlif kanallarla referendumu ləğv etməyə çağırıb. Yıldırım deyib ki, referendumun baş tutması Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Baş nazir deyib ki, Türkiyə İraq və Suriyanın ərazi bütünlüyünün pozulmasına qarşıdır və bu baş verərsə, beynəlxalq anlaşmalar əsasında lazımı addımlar atılacaq. Yıldırım deyib ki, bu qərar kürdlərə də uğur vəd etmir. Bu səbəbdən də o, referendumun son anda təxirə salınacağına ümid etdiklərini deyib. Eyni zamanda əlavə edib ki, parlament Türkiyənin cənub sərhədlərində ölkənin təhlükəsizliyinə zidd olan fəaliyyətlərin qarşısını almaq üçün ordu göndərmək haqqı verən layihə hazırlayır. Bu qanun oktyabrın 30-dan başlayaraq bir il qüvvədə olacaq.

Artıq referenduma iki gün qalsa da, təxirə düşməsi ehtimalı hələ də qalır. Ancaq referendumun baş tutması istənilən halda özü ilə gərginlik, hərbi qarşıdurmaya səbəb ola bilər. Bu isə bütövlükdə Yaxın Şərqdə yeni situasiyanın yaranması deməkdir. Hələliksə hər kəs Qərbin kürdlərə alternativ təkliflərin təsirini gözləyir. (musavat)

İnterpress.az