İlham Əliyevə ümummilli etimad mandatıbackend

İlham Əliyevə ümummilli etimad mandatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26-cı ildönümü tamam olacaq müstəqillik tariximiz hazırda özünün ən möhtəşəm və güclü dövrünü yaşayır. Dünyanın yeni nüfuz və əməkdaşlıq məkanına çevrilmiş ölkəmiz həm də uzun illərdir bölgənin şəriksiz lider dövləti, iqtisadi güc mərkəzi, siyasi paytaxtıdır. Qlobal miqyasda tüğyan edən sosial-iqtisadi çətinliklərin, maliyyə çətinliklərinin fəsadlarından qorunmaq üçün həyata keçirilən yeni iqtisadi kurs da artıq öz səmərəli nəticələrini verir.

Güclü dövlət – güclü xalq – güclü hakimiyyət

Şübhəsiz, bu nailiyyətlərin əldə olunması asan başa gəlməyib. Antiazərbaycançı şəbəkənin davamlı hal alan təfriqələri, dünya erməniliyinin bitməyən qərəzli kampaniyaları qarşısında məğrurluqla dirəniş göstərən Azərbaycan və onun Lideri bütün bu təxribatları puça çıxarmaqla bərabər, ölkənin hərtərəfli yüksəlişinə də nail olmuşlar.

Prezident İlham Əliyev dövlətin əsas prioritetlərini, daha doğrusu yürütdüyü böyük mücadiləsinin manifestini belə müəyyənləşdirib: “Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”.

Bu, İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin, Azərbaycan xalqının mövqeyi, mübarizəsi və qələbəsidir!
“Güclü dövlət – güclü xalq – güclü hakimiyyət” formulunun real təzahürü də məhz bugünkü Azərbaycan, onun uğurları, beynəlxalq nüfuzu, qlobal miqyasda daşıdığı strateji əhəmiyyətdir!

Bu nailiyyətlərin davamlılığını qorumaq üçün isə əsas şərt mütərəqqi islahatların ardıcıllığını təmin etmək, həmçinin onun qlobal çağırışlara tam adekvatlığına, dünyanın ən müasir, modern tələblərini özündə ehtiva etməsinə nail olmaqdır. Bu baxımdan 1 il öncə keçirilən referendum və onun nəticələri bu prosesin uğurlu gedişinə böyük töhfə verdi.

Dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təmininə yönələn Konstitusiya dəyişiklikləri əslində Prezident İlham Əliyevin “2016-cı il dərin islahatlar dövrü olacaq” məramının əsas leytmotivini təşkil etdi. Referendumaqədərki mərhələdə ölkədə sosial-iqtisadi yönümdə kompleks inkişaf strategiyası hazırlanmış, müxtəlif sahələr üzrə tətbiq edilmiş, onların hüquqi və qanunvericilik əsasları hazırlanmışdır. Belə məqsədyönlü tədbirlərin nəticəsi olaraq qlobal böhranın fəsadlarının aradan qaldırılmasına əsasən nail olunmuş, əhalinin sosial müdafiəsinin təminində çətinliklərə rast gəlinməmiş, maliyyə durumunda sərt təsirlər yaşanmamışdı. Sosial-iqtisadi islahatların ilkin nəticələri uğurlu olmuş və ölkə rəhbəri bu prosesi “böhran şəraitində inkişaf” kimi dəyərləndirmişdir.

Sosial-iqtisadi islahatlar hüquqi-siyasi təkmilləşmə prosesi ilə bir-birini tamamlayır

Azərbaycan sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət bir-birini tamamlayıb və dövlət quruculuğunun inkişaf vəhdətini təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların intişar tapması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet olmadığı dövlətlərdə də əsaslı sosial-iqtisadi nailiyyətlər əldə edilə bilməz.

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının əsas müddəaları da nümayiş etdirdi ki, son sosial-iqtisadi islahatların davamı artıq dövlət quruculuğunun hüquqi-siyasi istiqamətində də aparılacaq. Hərbidən sosial-iqtisadi yönümə, hüquq və azadlıqlardan sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid dəyişiklikləri və əlavələri zəruri edən səbəblər yetərincə idi. Əvvəla, bu tipli dəyişikliklər bütün dövlətlər üçün xarakterikdir və onlar mütəmadi olaraq bu təcrübədən istifadə edirlər. Qlobal miqyasdakı yeni sosial-siyasi-hüquqi yönümlü çağırışlar, təhlükəsizlik məsələlərinin ön plana çıxması, dövlət idarəçiliyinin daha müasir və effektiv trendlərinin geniş yayılması hər bir ölkəni öz çoxspektrli fəaliyyət metodlarında daha mükəmməl yenilikləri təşviq etməsinə zərurət yaradır.
Digər tərəfdən, demokratikləşmənin geniş vüsət alması, insan hüquq və azadlıqlarının təminində bütün məhdudiyyətlərin ləğvi, xalq-hakimiyyət ünsiyyətinin hər cür maneələrdən azad olunması, ən əsası isə dövlətin vətəndaşlarına daha səmərəli və keyfiyyətli xidmət göstərməsi kimi mühüm proseslərin fonunda qanunvericilik bazasının daim yeniləşməsi, həmçinin konstitusiyalara vacib əlavələrin edilməsi mütləq zərurət kimi ortaya çıxır.

22 il öncə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ötən müddət ərzində iki dəfə dəyişiklik aparılıb. 2002-ci ilin 24 avqustunda Konstitusiyanın 22 maddəsinə 31, 2009-cu ilin 18 martında isə 29 maddəyə 41 əlavə və dəyişiklik referendum yolu ilə hüquqi qüvvəyə minib. Ötən il isə Azərbaycan vətəndaşları Əsas Qanuna edilən 29 əlavə və dəyişikliyə müsbət rəy verdi.

Dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsi

Bir il öncə “Azərbaycanda dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsi başlayır” – deyənlər yanılmadılar. Həqiqətən də Konstitusiya islahatlarının nəticələri ölkədə köklü islahatlara, yeniliklərə təkan verdi, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi.

Referendumda ümumxalq dəstəyi qazanan müddəalar əsasında Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyinatı da ilk andan etibarən vətəndaşların rəğbəti və məmnunluğu, dünya ictimaiyyətinin isə təqdiri ilə qarşılandı. Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan Mehriban Əliyeva ötən 7 aylıq dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın doğruluğunu təsdiqlədi.

Xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan referendum tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevrildi.

İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təşəbbüsü təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi.
Ən əsası isə xalq bu referendum vasitəsilə Prezident İlham Əliyevə olan inamını növbəti dəfə rəsmiləşdirdi, 91 faizlik göstərici ilə ona ümummilli etimadın yeni mandatını verdi!

İnterpress.az