Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Prezident seçkiləri ilə bağlı "dəyirmi masa" — AXCP müxalifətə dekabrın 31-nə qədər vaxt verdi

AXCP "Müxalifətin Prezident seçkilərində iştirakı və perspektivlər" mövzusu ilə bağlı "dəyirmi masa" keçirib.

Dərc edilib: 26 sentyabr 2017 [15:37]
Baxış sayı: 587

"Dəyirmi masa"ya ölkədəki bütün müxalif partiyalar dəvətli olub. Tədbirdə AXCP funksionerlərindən əlavə Ümid partiyası və BAXCP nümayəndələri də iştirak edirdi.

Tədbiri Rafael Becanov açdı. O, iştirakçılara tədbir haqqında qısa məlumat verib sözü AXCP sədri Razi Nurullayevə ötürdü.

AXCP sədri Razi Nurullayev sözə başlayaraq bildirdi ki, müxalifət hər zaman seçkiyə 1 ay qalmış belə, namizəd müəyyən edə bilmir:

"Müxalifət hər zaman ya seçkiyə dava-qırğınla, ya da boykot etməklə gedir. Bizim mövqeyimiz odur ki, heç bir seçki boykot edilməməlidir. Bu, hakimiyyətin işinə yarayır. Biz Azərbaycanda hakimiyyəti dinc yolla, konstitusiyada göstərildiyi kimi, seçki yolu ilə əldə etmək istəyirik. Azərbaycanda zor gücü ilə hakimiyyəti dəyişməyə çağırış edən siyasi partiya olmayıb. AXCP mənim namizədliyimi verməyimi tələb edir. Düşünür ki, seçkiyə 10-11 ay qalmış bütün məsələləri müəyyən etməliyik. Dekabr ayının 31-nə qədər müxalifət toplaşıb qərar verməlidir. Əgər 31 dekabra qədər müxalifət qərar verməsə, AXCP özü öz yolu ilə gedəcək və digər müxalif partiyalarla heç bir danışıqlara oturmayacaq".

Xalqa veriləcək vədlərə gəldikdə isə Razi Nurullayev bildirdi ki, ölkədə azad və demokratik seçki keçirilməlidir:

"Azad və demokratik seçki keçirilməsə, heç bir siyasi islahatdan söhbət gedə bilməz. Bundan əlavə, əsas məsələmiz Dağlıq Qarabağ problemi və əhalinin rifahıdır.

Dağlıq Qarabağ probleminin həll edilməsi üçün "Vahid qərar şurası"nın yaradılmasını təklif etdik. Bunu bütün siyasi partiyalara da təklif etdik. Bu hələ də qüvvədədir. İlham Əliyev tək başına bu məsələni həll edə bilməz. İlham Əliyev bilməldir ki, danışıqlara gedən zaman xalq onun arxasında durur.

Ölkədə işsizlik baş alıb gedib. Vətəndaşlar ərzaq məhsullarını əvvəlkindən 2-3 dəfə baha qiymətə alır. Qiymətlər artıb, ancaq maaşlar artmayıb. Təhsilimiz də biabırçı vəziyyətdədir. Biz zaman-zaman proqramlar hazırlayıb hakimiyyətə də təklif etmişik. Bunun bəziləri yarımçıq şəkildə həyata keçirilib də.

Azərbaycanda elə zavodlar var ki, 1 milyard dollardan çox pul xərclənib. Həmin zavodlarda 800-1000 adam işləyir. Ancaq həmin 1 milyard kiçik sahibkarlığa ayrılarsa, ölkəmiz inkişaf edərdi".

Ölkədəki kadr siyasətinə toxunan AXCP sədri bildirdi ki, Azərbaycanda xaricdə oxumuş yaxşı kadrlar var:

"Bütün sahələrin inkişafı üçün əlimizdə proqramlarımız var. Bunu ictimaiyyətə çatdıracağıq".

Razi Nurullayevdən sonra sözə Ümid Partiyasının icra aparatının rəhbəri Taleh Əliyev başladı.

Taleh Əliyev bildirdi ki, seçkilərdə iqtidarın və müxalifətin hansı resursları olduğunu bilirik:

"Biz siyasi qüvvələrin bir-biri ilə, siyasi təşkilatların xalqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinin vacib olduğunu düşünürük. Dekabrın 31-i deyib bu təşəbbüsü zərbə altına almayaq. Seçki gününə qədər alternativ imkanlar var. Seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik".

BAXCP sədrinin müvini Niyaməddin Orduxanlı sözə başlayaraq bildirdi ki, ölkədən əlavə Azərbaycanda maraqlı olanların namizədləri də olur:

"Misal üçün ötən seçkidə Rusiyanın namizədi Milli Şura idi. Etiraf edək ki, hazırda İlham Əliyev ən güclü namizəddir. Ancaq partiyamızın sədri Qüdrət Həsənquliyev prezidentliyə namizədliyini verəcək. Rəqib güclüdür, bunu bilirik, ancaq yenə də seçkidə iştirak edəcəyik. Hər bir siyasi partiya seçkidə iştirak etməlidir. Düşünmürəm ki, müxalifət seçkiyə vahid formada qatıla bilməz. Azərbaycanda Rusiyanın, İranın, Qərbin maraqları var".

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə çıxışında bildirdi ki, prezident seçkiləri çox mühüm bir hadisədir:

"AXCP çalışır ki, müxalifətin birliyinə nail olsun. Təəssüf ki, ənənəvi müxalifət bu çağırışlara məhəl qoymur. Bu gün Azərbaycanda siyasi fəaliyyət göstərmək çox çətindir. Biz partiya olaraq regionlarda görüşlər keçiririk və inanırıq ki, dəyişikliyə nail olacağıq. AXCP yalnız xalqa arxalanır və özümüzü hakimiyyətə alternativ görürük".

AXCP sədrinin müavini Ehtiram Mehdiyev:

"Tarixə baxdıqda görürük ki, AXCP seçkilərə öz namizədləri ilə qatılmayıb. Elçibəy Əliyevdən sonra ilk dəfə AXCP seçkilərə öz namizədi - Razi Nurullayevlə gedəcək".

Sonda AXCP sədri Razi Nurullayev bildirdi ki, 2018-ci ildə ADR-in yaranmasının 100 illiyini qeyd edəcəyik:

"Xalqımız o zaman demokratik dövlət qurdu. Azərbaycan xalqı Şərqə örnək ola bilər. İnanırıq ki, 2018-ci ildə demokratik və azad seçki keçiriləcək. Azərbaycan xalqına inanırıq".

AXCP-nin "Müxalifətin Prezident seçkilərində iştirakı və perspektivlər" mövzusu ilə bağlı keçirdiyi "dəyirmi masa"nın platforması:

Azərbaycanda sosial-iqtisadi vəziyyət, siyasi proseslərin inkişafını nəzərə alaraq AXCP hesab edir ki, siyasi partiyaların və bütün ictimai qurumların, eyni zamanda seçki hüququna malik bütün vətəndaşlarımızın 2018-ci il Prezident seçkilərində iştirakı milli əzmkarlıq və "vətəndaş iradəsi” olmalıdır. Eyni zamanda müxalifət əvvəlki illərdə olduğu kimi xalqın inamını qıran seçkiləri boykot taktikasından çəkinməlidir və biz partiya olaraq bu kimi çağırışlardan uzaq olacağımızı bəyan edirik.

Ölkədə yenilik tərəfdarı olan qüvvələrin və bütün müxalifət təşkilatların birlik mövqeyindən çıxış etməsi zamanın tələbidir. Belə ki, ölkədə demokratik idarəetmə ənənələrinin möhkəmlənməsi və dəyişilməməsi üçün bütün müxalif qurumlara birgə mübarizə yolu təklif edirik.

Eyni zamanda da, AXCP arxada qalan illərin acı təcrübəsinə istinadən bunu da elan edir ki, hazırkı hakimiyyətin siyasətinə qarşı müxalif qurumların birgə mübarizəsinin baş tutmayacağı təqdirdə belə xalqın və dövlət, demokratik təsisatlar naminə sözügedən seçkilərdə iştirak edəcəkdir. Seçkilərə indidən hazırlaşmaq vacibdir və bunu nəzərə alaraq bəyan edirik ki, 2017-ci ilin sonuna kimi vaxtımız var. Bütün müxalif qüvvələrlə seçkidə iştirakın formatı il bağlı hərtərəfli müzakirələrə hazırıq. Bu elə formada olmalıdır ki, bütün maraqlı siyasi qüvvələr bu formatda təmsil olunsun. Bu format baş tutmayacağı təqdirdə 2018-ci ilin yanvar ayından AXCP öz namizədi ilə seçkilərə qatılacaq.

AXCP üçün seçkidə iştirak və qələbə aşağıda ümumiləşdirilmiş olaraq verilən məsələlərin həllinə nail olmaq vəzifəsidir:

1. Ölkədə demokratik, azad və ədalətli seçkilər vasitəsilə siyasi dəyişikliyə nail olmaq.

2. Qarabağın və ətraf rayonlarımızın erməni işğalından azad edilməsi üçün təklif etdiyimiz və artıq cəmiyyətə məlum olan “Vahid Qərar Şurasını” tətbiq etmək.

3. Sosial sahədə xalqın rifah halını yüksəltmək.

Birinci onunla şərtlənir ki, demokratik seçkilər olmadan siyasi islahatların keçirilməsinə nail olmaq mümkün deyil. Bu həm də o deməkdir ki, azad və demokratik cəmiyyətdə yaşamaq, demokratik dünyanın bir parçasına çevrilmək də mümkün deyil. Siyasi islahatların həyata keçirilməsi Azərbaycan cəmiyyətini elə yöndə quracaqdır ki, 1918-ci ildə olduğu kimi, 2018-ci ildə də - yəni bir əsr sonra Azərbaycan müsəlman dünyasının ən demokratik, dünyəvi, azad və firavan bir ölkəsi olacaqdır.

İkincisi onunla səciyyələnir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqe sənədinin – Vahid Qərar Şurasının olması vacibdir. Bu, eyni zamanda Azərbaycan dövlətinin və prezidentin danışıqlarda qətiyyətli olması, verdiyi qərarların ölkədə daxili sabitliyin pozulmaması və yaranmış situasiyanın hakimiyyət uğrunda çəkişməyə çevrilməyəcəyinə inancı üçün vacib olduğu qədər də, işğal olunmuş ərazilərin geri qaytarılması, sosial-iqtisadi durumun yaxşılaşdırılması, ölkənin qaçqın-köçkün problemindən xilas olması üçün çox vacib məqamlardandır.

Üçüncüsü onunla bağlıdır ki, sosial problemlərin dərinliyi xalqla hökumət arasında uçurum həddinə çatmışdır. Ölkə neft və qazla zəngin olsa da, neft gəlirləri gəlməkdə davam etsə də, insanların sosial vəziyyəti yaxşılaşmır. Səbəblərdən ən böyüyü ölkədə hələ də qarşısı alınmayan korrupsiya və monopoliyadır. İkinci ən böyük səbəb uğurlu kadrların yerləşdirilməməsi və onların gücü ilə azad iqtisadiyyatın yaradılmamasıdır. Bu gün Azərbaycanın maliyyə imkanları var ki, kiçik və orta sahibkarlığı inkişaf etdirməklə iki il ərzində sosial problemləri kökündən həll edə bilsin. Bizim partiya olaraq, sosial-iqtisadi islahatlarla bağlı proqramlarımız var və inanırıq ki, xalqı ağır durumdan çıxarmaq gücünə malik partiyayıq.

Şübhəsiz ki, müxalifət partiyası olaraq ölkənin problemlərinə hec vaxt biganə qalmamışıq. Zaman-zaman ölkənin tərəqqisi üçün bütün sahələrə dair təkliflərimizi hökumətə təqdim etmişik. Lakin görəndə ki, hakimiyyət ölkənin tərəqqisində, vətəndaşlarımızın azad və hürr yaşamasında məqbul sayıla bilməyən siyasəti ilə getməkdə israrlıdır, AXCP olaraq belə qərara aldıq ki, seçkilərdə iştirak artıq xalqın və zamanın tələbidir.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 478