Hüseyn Abdullayev və Rəsul Quliyevin prezidentlik iddialarına qanun nə deyir?backend

Hüseyn Abdullayev və Rəsul Quliyevin prezidentlik iddialarına qanun nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hakimiyyətinin xaricdə mühacir həyatı yaşayan Hüseyn Abdullayev 2018-ci ilin prezident seçkisində namizəd olacağını bəyan edib. 2012-ci ildən Almaniyada mühacir həyatı yaşayan keçmiş deputat bununla bağlı öz feysbuq profilində status paylaşıb. Həmin statusda yazır ki, o, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətindədir.

Hüseyn Abdullayev yazır ki, onun bu qərara gəlməsi Bakıdakı bir çox qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsinə qarşı yönəlmiş qarayaxma təbliğatlara start veriləcək: “Bəribaşdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır… Vətənə xidmət ən böyük ibadətdir”.

Daha sonra H.Abdullayev prezident seçiləcəyi təqdirdə görəcəyi işlərdən yazıb.

Qeyd edək ki, H.Abdullayevdən bir həftə öncə 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev də seçkidə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

Qeyd etdiyimiz kimi, həm Rəsul Quliyev, həm də Hüseyn Abdullayev uzun müddətdir Azərbaycanda yaşamırlar. Konstitusiya 18 yaşı tamam olmuş vətəndaşın prezident, parlament və bələdiyyə seçkilərində namizədliyini irəli sürmək hüququ verir. Ancaq bəzi istisna və məhdudiyyətlər də qanunvericilikdə əksini tapıb. Seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və Seçki Məcəlləsinin 13-cü maddəsi ilə müəyyən edilir. Maddə 13.3-də bildirilir ki, Azərbaycan Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ-passiv seçki hüququ yoxdur:

13.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

13.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları;

13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.

Bəs bu məhdudiyyətlərin hər hansı biri və hansılarısa Rəsul Quliyevlə Hüseyn Abdullayevi öz təsiri altına salırmı?

Qeyd edək ki, adıçəkilən hər iki şəxs haqqında iqtisadi məzmunlu cinayət işləri var. Lakin barələrində azadlıqdan məhrumetmə barədə məhkəmə hökmü olmadığı üçün Seçki Məcəlləsinin 13.3.1-ci maddəsini onlara şamil etmək mümkün deyil. Hər iki sabiq deputatın ikili vətəndaşlığı da yoxdur. Deməli maddə13.3.3-də nəzərdə tutulan məhdudiyyət də onlara aid deyil.

Maddə 13.3.4 isə onların hər ikisinə seçkidə namizədliyini verməkdə əngəl ola bilər. Bəlli olduğu kimi Rəsul Quliyev artıq 21 ildir xarici dövlətdə yaşayır. Hüseyn Abdullayev isə 2012-ci ildən Azərbaycanda yaşamır. Gələn il onun ölkə xaricində yaşamasının müddəti 6 il olacaq. 5 ildən artıq müddətdə ölkə xaricində yaşamaları seçki komissiyalarının onların müraciətinə mənfi cavab verməsi üçün əsas yarada bilər.

Hüseyn Abdullayevin prezidentliyə namizəd olmaq istəyinə hakim Yeni Azərbaycan Partiyasından (YAP) reaksiya gecikməyib. YAP Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə modern.az-a açıqlamasında Hüseyn Abdullayevin 2018-ci ilin prezident seçkilərinə namizədliyini irəli sürmək fikrinə belə münasibət bildirib: “Azərbaycan Konstitutsiyasının prezidentliyə namizəd üçün irəli sürdüyü şərtlər var. Həmin şərtləri ödəyən və həmin şərtlərin tələblərinə cavab verən istənilən ölkə vətəndaşı namizədliyini irəli sürə bilər. Bu məsələdə problem yoxdur”.

YAP rəsmisinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası seçkilərdə yenidən qalib gəlmək əzmindədir: “Bu gün partiyada bütün fəaliyyət ona yönəlib. Apardığımız sorğular göstərir ki, Yeni Azərbaycan Partiyasından namizədin qalib gəlmək şansı həddindən artıq yüksəkdir. Çünki indiki prezident, partiyanın sədri cənab İlham Əliyevin ötən müddət ərzində fəaliyyəti ölkənin və hər bir vətəndaşın maraqlarına cavab verir. Ölkənin müstəqilliyi möhkəmlənib, iş yerlərinin sayı çoxalıb, insanlar özlərini güvəncli və təhlükəsiz hiss etməyə başlayıblar. Bu baxımdan kimlərinsə prezidentliyə namizədliyini irəli sürməsi bizi maraqlandırmır. Biz öz namizədimizin qalib gələcəyinə inanırıq və bu baxımdan digərlərinin namizəd irəli sürüb öz təbliğatını aparması qanun çərçivəsində həyata keçirilə bilər”.

Xatırladaq ki, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Ardınca məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi və barəsində 2 il sınaq müddəti müəyyən olundu, məhkəmə zalından azadlığa buraxıldı.

2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar. Sonra eks-deputat Almaniyaya mühacirət etdi. 2013-cü ildə isə Azərbaycanın hüquq-mühafizə orqanları Hüseyn Abdullayevi axtarışa verdi. Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. ( musavat.com )

İnterpress.az