“Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr ermənilərin əlində alətə çevrilib”backend

“Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr ermənilərin əlində alətə çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.

E. Nəsirov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter kəsb edir və hər iki dövlət arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi əslində biz bir millət, iki dövlətik. Lakin hesab edirəm ki, son zamanlar baş verən hadisələr ikitərəfli münasibətlərin bu yüksək səviyyəsinə müəyyən mənada kölgə salır. Təbii ki, bu da haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə qondarma rejimin mövcud olduğu əraziyə daxil olması, orada çoxsaylı görüşlər keçirməsi və bu görüşlər çərçivəsində həm Azərbaycan, həm də Türkiyə əleyhinə fikirlər səsləndirmələri, həmçinin onlara Türkiyəyə qayıtdıqdan sonra müxtəlif kanallarda səfər nəticələri, keçirdikləri görüşlərlə bağlı geniş şərhlərə, mətbuatda onların müsahibələrinin ətraflı dərc olunmasına, ermənilər haqda müsbət fikirlər səsləndirmələrinə şərait yaradılması bu gün Azərbaycan cəmiyyətində, ictimaiyyətində haqlı olaraq çox böyük narazılığa səbəb olub”.

Millət vəkili həmçinin xatırladıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən həmin şəxslərin Azərbaycan dövlət sərhədini qanunsuz keçmələri ilə bağlı cinayət işi açılıb və bu barədə Türkiyənin müvafiq qurumları məlumatlandırılıb: “Biz gözləyirik ki, Türkiyənin müvafiq qurumları bu istiqamətdə ciddi hüquqi addımlar atacaq. Lakin nəinki bu addımlar atılır, əksinə həmin şəxslərin Türkiyə mətbuatında öz səfərlərini işıqlandırmaları üçün çox münbit şərait yaradılır. Hələ bu azmış kimi, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli iki qətnamənin lehinə səs verənlər arasında Türkiyəni Avropa Şurası Parlament Assambleyasında təmsil edən üç deputat da var. Onların bu ədalətsiz qətnaməyə səs verməsi bizi olduqca məyus etdi. Biz heç bir halda qardaş Türkiyə dövlətindən və onun deputatlarından belə bir anti Azərbaycan yanaşması gözləmirdik. Axı həmin addımları Azərbaycan əleyhinə istiqamətləndirən erməni lobbisidir və onların əlində alətə çevrilmiş müəyyən siyasi dairələrdir. Təəssüflər olsun ki, bizim bəzi Türkiyəli qardaşlarımız da Azərbaycana düşmən kəsilən həmin qüvvələrin cəbhəsində yer alıb. Axı Azərbaycan dövləti, dövlətimizin başçısı hər zaman Türkiyənin ən çətin günlərində onun yanında olub. Bəs onlar nə tez unutdular ki, Avropa ŞurasıParlament Assambleyasında Ermənistan prezidenti Türkiyənin prezidenti, Türkiyə dövləti və xalqı əleyhinə bəyanatlar səsləndirərkən o zaman Azərbaycan prezidenti onun sözünü kəsərək demişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbirdə iştirak etmir, lakin mən burdayam. Beləcə prezidentimiz İlham Əliyev Ermənistan prezidentini yerində oturdaraq Türkiyə dövlətini və türk xalqını müdafiə etmişdi”.

Millət vəkili Azərbaycan dövlətinin hər zaman türk xalqının yanında olduğunu vurğulayıb: “Keçən il 15 iyul hadisələri zamanı, Türkiyə dövlətçiliyi üçün çox böyük bir təhlükənin yarandığı bir vaxtda Azərbaycan prezidenti, Azərbaycan xalqı və Azərbaycan dövləti Türkiyənin qanuni hakimiyyətinin, türk xalqının yanında oldu, həmin dövlət çevrilişinə qarşı öz etiraz səsini ucaltdı və Türkiyə hökumətinə dəstək verdi. Yəni bütün bunları unutmaq olarmı? Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr də ermənilərin əlində alətə çevrilib və bu bizi çox narahat edir. Bu hal Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin nə bu gününə, nə də gələcək mənafeyinə xidmət göstərmir və münasibətlərimizin perspektivlərinə böyük kölgə salır”.

E. Nəsirov ümidvar olduğunu bildirib ki, Türkiyə dövləti Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxaracaq bu təhlükəli tendensiyaların qarşısını almaq üçün lazımi adekvat addımlar atacaq: “Biz buna ümid edirik və inanırıq ki, Türkiyə hökuməti imkan verməyəcək ki, iki qardaş, dost xalq arasında münasibətlərə xələl gəlsin və düşmənlərimiz bundan sevinsinlər. İnanırıq ki, bu baş verməyəcək”.

İnterpress.az