“Xanımlarımız səhnədə elə hoppanıb-düşürlər ki, səhnə silkələnir”backend

“Xanımlarımız səhnədə elə hoppanıb-düşürlər ki, səhnə silkələnir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kişilər rəqslərini qadın, qadınlar da kişi hərəkətləri ilə ”zənginləşdirirlər\”. İndi toylara rəqs qrupları da çağırılır. Onların arasında qadınlar da olur. Onlar da kişi kimi şıdırğı rəqs edirlər\”.

“Azərbaycan” qəzetində dərc edilən bu məqalə yenidən rəqslərlə bağlı problemi müzakirəyə çıxardıb. Məqalədə qadın və kişilərin bir-birini təqlid edərək rəqs etməsi tənqid olunub: “Özü də bu texniki-dinamik hərəkətlər heç bir məna daşımır, yalnız fiziki əzələ oynatmalarından ibarət olur. İncə hiss, qadın zərifliyi ifadə etməyən belə mənasız və sərt hərəkət yığını kənardan çox kobud görünməklə yanaşı, fərqinə varmasaq da, estetik zövqü korlayır.

Yeniyetmə və gənclərin belə “rəqs” vərdişləri ilə böyüməsi sonda milli rəqslərimizin yad ünsürlərlə kirlənməsinə, mahiyyətini itirməsinə, unudulmasına gətirib çıxara bilər. Bu hal artıq “ənənə”yə döndüyündən milli rəqslərimizin qorunması, yaşadılması, təbliği haqqında da düşünməliyik.

O cümlədən nəzərə almaq lazımdır ki, qadınların kişi hərəkətləri ilə rəqs ifa etməsi onların “bacarığını” göstərsə də, Azərbaycan qadınına xas cəhətləri, incəlikləri gözdən salır. Kişilərin isə əzilib-büzülüb “zərif” əcaib hərəkətlərlə özlərini ifadə etmələri onların cəngavər ruhundan xəbər vermir\”.

Qeyd edək ki, rəqslərimizlə bağlı bu problem uzun illərdir ki, yaşanır. Peşəkar rəqqaslar bu məsələyə öz tənqidi fikri və tövsiyələrini bildirsələr də, artıq tendensiya efirlərə də ayaq açmağa başlayıb. Halbuki milli rəqslərimizin hər birində xalqımızın tarixi, milli dəyərləri, adət-ənənəsi, psixologiyası yaşayır. Tanınmış rəqqaslar da dəfələrlə qeyd ediblər ki, rəqslərimiz heç də primitiv hərəkətlərdən, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət deyil. Hər bir rəqsin özünəməxsus xüsusiyyəti var.

Məsələn, “Uzundərə”, “Heyvagülü”nə müdriklik, bəy ədası, “Vağzalı”da sevinc göz yaşları, “Tərəkəmə”də bir tərəkəmə ab-havası, “Qoçəli”də igidlik, “Yallı”da birlik, “Turacı”da, “Ceyrani”də zəriflik tərənnüm olunur.

Beləliklə, rəqslərimizdə hər hərəkət ölçülüb-biçilib. Rəqslərdə qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərdə isə cəsurluğu, cəldliyi bildirir. Lakin uzun illərdir ki, toy və məclislərdə, el şənliklərində bu amil tamamilə sıradan çıxmağa başlayıb. Qız-qadınlar şıdırğı rəqslər edib sanki kişilərlə yarışa çıxır, rəqslərində kişilərə məxsus kobud, cəld, əndazədən çıxan hərəkətlər edirlər. Bununla bağlı internet resurslarında çoxlu sayda videolar da paylaşılır. Mətbuatda da bəzən bu cür videolara “qız öz rəqsi ilə hər kəsi heyran qoydu” deyə başlıqlar qoyaraq yayılır. Əslində isə milli qadın rəqslərimizdə heç zaman hoppanıb-düşmək olmayıb. Qadınlarımız uzun, zərif paltarlarına uyğun rəqslər ediblər. Yalnız “Yallı” rəqsində kişilərlə bərabər bəzi iti ayaq hərəkətləri olub. Bu da qadın incəliyinə, zərifliyinə heç də zərər gətirməyib. Beləliklə, artıq milli rəqslərimizin quruluşu, dəyəri itirilməyə, unudulmağa başlayıb.

Xalq şairi Sabir Rüstəmxanlı mövzuya bu cür şərh bildirdi: “Bu barədə ”Ömür kitabı\” adlı kitabımda qeyd etmişdim ki, məclisdə rəqs üçün bir qadının əli havaya qalxanda hər kəs nəfəsini içinə çəkərdi. Çünki xanımlar gözəl, incə və zərifliklə rəqs edərdilər. Amma indi xanımlarımız kişiləri üstələyib. Səhnədə elə hoppanıb-düşürlər ki, səhnə silkələnir. Bizim dövrümüzdə el şənliklərində xanımların bu cür rəqs etməsini xatırlamıram. Xanımlar kişilərlə “Yallı” gedib, öz sevgilisi, nişanlısı ilə rəqs ediblər. Uzaqbaşı halay tutublar. Yəni hərəkətlərinin hamısı zərif olub. Nə vaxtdan bu cür tendensiya yaranmağa başladı, anlaya bilmirəm. Bir qədər donlar da qısaldı, qızlar qısa donlarda rəqs etməyə başladı. Səhv etmirəmsə Tibb Universitetində bu cür rəqs qrupu var idi. O vaxtdan rəqslərin sürəti artmağa, öz əndazəsindən çıxmağa başladı\”.

“Xanımlarımız səhnədə elə hoppanıb-düşürlər ki, səhnə silkələnir”

Sabir Rüstəmxanlı qeyd etdi ki, bu barədə musiqiçilər, sənətşünaslar bir yerə toplaşıb məsələni müzakirə etməlidirlər: “Çünki düşünürəm ki, son vaxtlar rəqslərimizin, ümumiyyətlə, ritmi dəyişdirilməyə başlayıb. Bizim klassik və son dərəcə məşhur rəqslərimiz var idi ki, orada sakit, ağayana, qadın zərfliyi, kişi vüqarı nümayiş olunurdu. Lakin artıq onların ritmləri dəyişdirilir. Beləliklə, Azərbaycan musiqisində ritmləşmə gedir.

Bu barədə dəfələrlə qeyd etmişəm ki, son vaxtlar rəqslərimizdə həddən artıq gurultu var. Yəni ahəng itib, gurultu isə artıb. Məsələn, “Qaytağı” və digər oynanılan məğrur rəqslərimiz də var idi, indi görürəm ki, onları da “Məşədi İbad”ın rəqsinə döndəriblər. Bunlar narahatçılıq doğurur\”.

“Xanımlarımız səhnədə elə hoppanıb-düşürlər ki, səhnə silkələnir”

Xalq artisti, məşhur rəqqas Roza Cəlilova problemin əsası ölkəmizdə baletmeysterin olmaması ilə bağlı olduğunu bildirdi: “Rəqs quruluşları artıq yoxdur. Əminə Dilbazi və digərləri artıq vəfat edib, mən isə qocalmışam. Azərbaycanlı olan bir peşəkar baletmeysterlərə ehtiyacımız var. Amma gedib Qroznıdan baletmeyster gətiriblər. O isə heç azərbaycanca danışa bilmir, rəqslərimizi necə quracaq? Problemlərdə elə buradan başlayır”.

Xalq artisti toylara gedən rəqqasları da qınayıb:

“Toya indi çörək ağacı kimi baxırlar. Amma çörək qazanmaq üçün çox iş var. Gedib paltar yusunlar, ya da bir işin qulpundan yapışsınlar. Mən rəqqas qızların toylarda rəqs etməsinə mənfi münasibət bəsləyirəm. Çünki toy tamam başqa şeydir, orada sərxoşu da, ağılsızı da və sairə var. Biz səhnədə oynamışıq. Səhnə böyük aləmdir. Rəqqas qızlar səhnə üçün fəaliyyət göstərməlidirlər. İnsan özünü qorumalıdır.

Bir daha qeyd edirəm, toylarda qadınların kişi, kişilərin də qadın kimi rəqs etməsinin əsas kökü baletmeysterlərimin olmaması ilə bağlıdır. Ortaya çıxanlar da ordan-burdan kasetlər tapıb, başlayır rəqs öyrənməyə. Bizim çoxlu sayda gözəl rəqslərimiz var. Amma toyda “Hop-stop” oynayırlar. Gəlin “Ləzginka” oynayır. Elə burdan götürün, baxın ki, vəziyyət nə qədər dəyişib. Xatırlayıram ki, bizim dövrümüzdə gəlin toyda otururdu, yeməyə də utanırdı… İndi öz tənqidlərimizi bildiririk, xeyri nədir?\” ( musavat.com )

İnterpress.az