Cəhənnəmdən qaçış, İŞİD-in oğurladığı qız- Səbuhi Məmmədli Suriyadan yazırbackend

Cəhənnəmdən qaçış, İŞİD-in oğurladığı qız- Səbuhi Məmmədli Suriyadan yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Müharibədən əvvəl bizim qəsəbənin 90 min əhalisi vardı. İndi 200 mini keçib. Özümüzdən çox suriyalı var burada, Reyhanlıda. Bir ucdan da gəlirlər.

Reyhanlının mərkəzində, bu qəsəbənin simvolu olan Saat Qülləsinin yanında çay içirik elə həmyaşıdım olan Fevziylə. Fevzi baqqal dükanı işlədir. 4 işçisi var, hamısı da yerli adamlardır. Deyir, suriyalılar yerlilərdən qat-qat ucuz qiymətə işləyirlər.

– Məsələn, günü 10 lirəyə. Mən isə özümüzünkülərə 30-40 lirə gündə pul verirəm. Bilirsiniz niyə? Çünki etibar etmirəm. Oğurluq edirlər. Polisə-filana şikayət etmək də yersizdir. Çünki heç bir tədbir görməyəcəklər. Ərizəsini alıb, buraxacaqlar. Başımıza bəla olublar.

Fevzi əslində haqlıdır.

Bu gün İstanbuldan tutmuş Urfaya, İzmirdən Hataya qədər bütün Türkiyəyə səpələnmiş suriyalı qaçqınlar ehtiyac səbəbindən ucuz işçi qüvvəsidir. Yerli sakinlərdən fərqli olaraq, çox cüzi, bəzən 300-400 lirə maaş qarşılığında bir ay işləyən suriyalıların varlığı yerlilərin böyük sayda iş yerlərini itirməsinə səbəb olub. Bu isə istər-istəməz yerli sakinlərdə narazılıq və qəzəb doğurur. Hələ mən az qala qəpik-quruşa işləyən azyaşlı uşaqları demirəm.

Düzdür, Fevzi kimilər də var, amma onlar azdır.

Düzdür, Fevzi haqlıdır, amma bir insanlıq deyilən məfhum da var ki, Türkiyə bunu boynuna götürüb.

Aşağıdakı şəkillərə diqqətlə baxın. Bu fotoları Suriya ilə sərhədin bir addımlığında çəkmişik. Axın-axın gəlirlər. Ən zəruri əşyalarını götürüb, qaçırlar Suriya adlı cəhənnəmdən. Qocalı-cavanlı, qadınlı uşaqlı…

***

Özgür deyir ki, hə, razıyam, Türkiyə insanlıq borcunu yerinə yetirir. Bir müsəlman dövlət kimi müsəlmanların qayğısını çəkir.

– Amma bağışlayın, bir məsələni mütləq deməliyəm. Hazırda Türkiyədə 2500 min suriyalı qaçqın var. Onların ən azı 500 mini gənclərdir. Necə deyərlər, əldə silah tutanlardır. 50 yaşdan yuxarı kişilər, qadınlar və uşaqlar qalsın burada, qalanları getsin vuruşsun da terrorçularla, Əsədlə, kimlə istəyirlərsə, onunla. Bizim əsgərin orada nə işi? Əksinə, narazılıq və qarşıdurma yaradır suriyalı gənclər. Dəstə halında gəzirlər, yerli adətlərə, qaydalara riayət etmirlər, insanları narahat edirlər, qəzəbləndirirlər. Bunların ucbatından Reyhanlıda neçə bıçaqlanma olub. Bir dəfə Türkiyə bayrağını cırmışdılar, bizim cocuqlar başa saldılar necə lazımdı.

***

Bu isə Əbülqədirdir. İdlib yaxınlığındakı Faylun qəsəbəsində yaşayıb müharibəyə qədər. Deyir, iki qızıl mağazası varmış. İndi isə Reyhanlıda bir zirzəmiyə yığışıb 7 nəfərlik ailəsiylə.

– Hər şey əlimizdən çıxdı. Gəldilər bir gün ki, biz “Əl-Nüsra”yıq, bundan sonra bizim qaydalarla yaşayacaqsınız. Cəsarətimiz nədi bir söz deyək? Baş kəsmək, adam asmaq, başından güllə vurmaq bunlar üçün adi şeylər idi. Bir həftə sonra məni İdlibə çağırdılar. Şəriət məhkəməsi qurmuşdular. Məndən başqa haradasa 20-yə yaxın zərgər vardı. Sən demə, bunların bir vergi növü var, onu ödəmək lazım imiş. Adı yadımdan çıxıb, demək qazandığımızın, 70 faizini cihada xərcləməliyik. Cəhənnəmə, razı olduq. Amma yenə dayanmadılar. Bir gün mənim mağazama bir dəstə silahlı gəldi. Dedilər ki, Türkiyədən qızıl gətirmisən. Dedim hə, nə problem var burada? Küçənin ortasındaca şallaqladılar. Bütün malımı yağmalayıb, getdilər. Evdə bir az pulum vardı, başımızı götürüb qaçdıq Türkiyəyə. Vallah, kefimizdən gəlməmişik. Ora cəhənnəmdir, qayıtmayacam.

***

Hə, əksəriyyəti kefindən gəlmir təbii ki, Türkiyəyə. Elə indinin özündə də İdlib və Afrin şəhərlərində, ətraf kəndlərdə yaşayan 3 milyondan çox insan var ki, xilas yolunu sərhədin bəri tərəfinə, Türkiyəyə adlamaqda görürlər.

Balaca Mahmud da anası və qardaşıyla baş götürüb İdlibdən gəlib Hataya.
Anası deyir ki, bir oğlunu “Əl-Nüsra” əlindən alıb aparıb.

– Bu Mahmudu güclə xilas etmişəm. Yalandan demişəm ki, qardaşın vuruşur, qayıdıb gələcək kəndimizə. Bu da inanır. Hələ fəxr də edir ki, qardaşı savaşır. Amma iki ildir oğlumdan xəbər yoxdur. Biz hələ bəxtəvərik, canımız qurtarıb gəlmişik. Nə yaxşı qonşumuz Türkiyədir. İnanın, yüz minlərlə insan Türkiyəni, türk əsgərini gözləyir.

***

Fevzinin yanına yaşlı bir kişi buyurur. Çay və bəzi ərzaqlar alır. Deyəsən, pulu azca çatmır.

– Bunun üç ailə üzvünü məhv edib İŞİD. Bir qızını zorla bir İŞİD-çiylə evləndiriblər.
Təxminən 60 yaşı olar. Ağzında bir salamat dişi yoxdur. Döyüblər, qırıblar Əlinin dişlərini.

– Bizim kəndə gecə girdilər. Nə bilim, bəlkə də 100 nəfər olardılar. Qara bayraqlarını asıb, dedilər ki, Əsəd bitdi, indi şəriət qanunlardır. Məktəb də bağlanır. Hamını kənd meydanına yığdılar. Tapşırıqları verdilər, qaydaları izah etdilər. İlk günlər normal idi. Sonra bir-bir evlərə girdilər ki, kimdə televizor var. Bizim evə də gəldilər. Televizoru küçəyə atıb sındırdılar. Üstündən 3 gün sonra 5-6 nəfər gəldi. Mənə dedilər ki, bizim əsgərlərdən biri sənin qızınla evlənəcək. Mən dedim qızım uşaqdır. Qızı zorla bayıra çıxardılar. Ağlaya-ağlaya getdi balam. Bir yaraqlıyla kəbin kəsdirdilər. Ondan sonra xəbərim yoxdur. Biz suriyalılardan hər cür istifadə etdilər, hələ də istifadə edirlər…nə bilim, vallah. Hər gecə yuxuma girir qızım. (Kövrəlir)

***

Reyhanlılar isə bütün bu faciələrə baxmayaraq, daha suriyalı görmək istəmirlər qəsəbələrində.

Fevzi deyir ki, daha gücümüz qalmayıb. Yerimiz yoxdur, hətta xarabalıqlar belə doludur.

– Bir qədər əvvəl Qurban bayramında əksəriyyəti evlərinə qayıtdı. Bunların adətidir, Qurban bayramını evlərində keçirməlidirlər. Sərhədi açdılar, əksəriyyəti getdi, yenə gəldilər. Demək, gedib yaşaya bilər də. Amma istəmirlər. Rahatlıq istəyirlər, amma əvəzində bizim rahatlığımızı pozurlar.

***

Bax, beləcə. Biz isə Mahmudla getdik yemək yeməyə. Restoranın adı nə olsa yaxşıdır? Şəkillərdə var. “Laçın” …

Səbuhi Məmmədli,
Hatay, Reyhanlı