“Müstəqillik aktının qəbulu ağır bir mücadilənin nəticəsi idi”backend

“Müstəqillik aktının qəbulu ağır bir mücadilənin nəticəsi idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktının qəbul edilməsinin 26-cı ili tamam oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı 20-ci əsrdə ikinci dəfə istiqlaliyyətini əldə etdi. Bütün tarixi proseslərdə olduğu kimi, Azərbaycanın istiqlaliyyət mücadiləsinin də öz qəhrəmanları var. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktına qol çəkmiş, həmin gün Ali Sovetdə keçirilən səsvermədə SSRİ-nin saxlanılmasının əleyhinə olan millət vəkillərindən biri də Tahir Kərimlidir.Tarixi günün qəhrəmanlarından sayılan Tahir Kərimli həmin günlərin təəssüratını AzNews.az-a danışıb:

\”Müstəqillik günündə ki, biz bu aktı qəbul etdik, inandırım sizi mən o dərəcədə də həyəcan keçirmədim. Çünki buna qədər olan hadisələr o qədər önəmli idi ki…Bir sıra dövlətlər müstəqil olandan sonra bizim də dövlətin müstəqilliyini elan etməyi əhəmiyyətinə görə bir az zəif gəldi. Niyə görə? Çünki buna qədər çox məşəqqətli günlərimiz oldu. 43 nəfər müstəqillikdən ötrü ölüm aclığı elan etdik. O zaman bizdə hərbi-fövqəladə vəziyyət idi. Bunu eşidən kimi rus qoşunu hərbçiləri Azərbaycan milisi ilə birgə hərəmizi bir yana apardılar. Başımıza nələr gəldi. Nə əzablar çəkdik, nə qədər şəhidlər verdik. Qarabağla başlayan ,müstəqilliklə davam edən xalq hərəkatında tək biz yox, yüz minlərlə insan ağır əzablar çəkirdi və bizdə onların iradəsini parlamentdə ifadə edirdik. Mən ən əhəmiyyətli məsələrdən biri onu hesab edirəm ki, müstəqiilik aktının qəbulu uzun və ağır bir mücadilənin nəticəsi idi. Həmin gün artıq hər şey qərarlaşmışdı, hamı razılaşmışdı ki, nə edək, daha əlac yoxdur. Amma bütün bunlarla bağlı bu fövqəladə bir hadisə idi. Azərbaycan dövlət müstəqilliyini elan etdi.Təbii ki, bu konstitusiya aktının qəbulu 1918-1920 ci illərdə AXC hakimiyyətinin davamı idi. Yəni öz müstəqilliyimizi bərpa etdik. Bu unudulmaz bir hadisə idi.

Müstəqilliyin lehinə səs verənlər əsasən xalq hərəkatının nümayəndələri idi. Amma ən əhəmiyyətlisi o idi ki, indiki hakimiyyətin əsasını qoyan Heydər Əliyev də bizimlə idi. Lakin bu akta qaşı çıxanlar da kifayət qədər idi. Elə insanlar oldu ki, onlar bu işə razı deyildi. Əgər o vaxt yuxarıdan iradə olmasaydı, 18 oktyabrda yenə də müstəqilliyin əleyhinə gedərdilər. Çünki bir neçə ay əvvəl həmin insanlar müstəqilliyin əleyhinə səs vermişdilər. Sonradan onlar vəziyyəti görüb müstəqilliyin lehinə səs verməyə məcbur oldular. O 43 nəfər vardı ki, misilsiz fədakarlıq göstərirdi, onların əməyi həqiqətən qiymətləndirilməlidir ki, ölümü gözlərinin qarşısına almışdılar. Həqiqətən də biz ölümdən qorxmurduq. Əlimizdən gələni edirdik bu yolda. Şəxsən mən ailəmizdən şəhid də vermişəm. Bütün bunlara rəğmən, Allaha şükür edirəm ki, Azərbaycan müstəqilliyinə yenidən qovuşdu.

O vaxtlar mən mübarizə aparan zaman belə bir formulum vardı Azərbaycan üçün. Biz 25 ilə \”Göyçək Fatma\” misalı bir Azərbaycan quracağıq. Azərbaycanın mübarizəsi müstəqillik aktı ilə yekunlaşmadı. Bu 26 ildə çox mürəkkəb tarixi proseslərdən keçdik. Qarabağ müharibəsi şiddətləndi, hakimiyyət dəyişikliyi oldu, nə qədər xarici dövlətlər Azərbaycana təzyiqlər etdi….Şükür ki, sonradan \”Əsrin müqaviləsi\” bağlandı, ölkəmiz iqtisadi cəhətdən gücləndi, ordumuz möhkəmləndi. Amma məni indi narahat edən mənəvi problemlərin həllini tapmamasıdır. Yəni indi mənəvi inkişafımız, mənəvi sağlamlığımız üçün daha çox çalışmalıyıq. Biz Avropa Şurasının üzvü ona görə olmuruq ki, bəzi mənəvi dəyərlərimizi, tərbiyəmizi , böyük- kiçikliyimizi itirək. Yəni qurduğumuz dövlət Azərbaycan modelli dövlət olmalıdır. Nə Avropa,nə də Səudiyyə modelli olmamalıdır. Amma görünür hələ bunun uğrunda mübarizə aparmaq lazım gələcək\”.

İnterpress.az