Arzu Nağıyev: Metsamor Atom-Elektrik Stansiyası region üçün təhlükə mənbəyinə çevrilibbackend

Arzu Nağıyev: Metsamor Atom-Elektrik Stansiyası region üçün təhlükə mənbəyinə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün böyük təhlükə mənbəyi olduğunu artıq ermənilər özləri də etiraf ediblər. “Hazırda AES-in texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır”. Bu barədə “Nairit” zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan 1in.am saytına verdiyi müsahibəsində bildirib.

“Ermənistanda bu cür nüvə stansiyasının mövcudluğu rusların mənafeyinədir. Çünki bu gün onlar nüvə elektrik stansiyasını idarə edirlər. Əslində nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anaxronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslar sərf etdik və bu, baş verdi. Hələ heç vaxt hansısa ölkədə tikilən nüvə stansiyası bərpa edilməyib”, – deyə sabiq deputat bildirib (azvision.az ).

Metsamoru Çernobılla müqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: “Çernobıl fəlakətinin səbəbi texnoloji problem idi. Bizim nüvə stansiyamız da Çernobılın bənzəridir. Bunu nəzərə almalıyıq”.

Qeyd edək ki, Azərbaycan hökuməti də Metsamor təhlükəsi barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırıb. Hətta keçən il bu yararsız və təhlükəli obyektə qarşı aparılan kampaniyanın təşəbbüskarları dünya birliyinə, BMT-yə, onun bu sahədə ixtisaslaşmış qurumu olan MAQATE-yə üz tutaraq, region və dünyaya təhlükə olan, çirkli nüvə bombasının və nüvə materiallarının kontrabandasının mənbəyi kimi çıxış edən Metsamor AES-in bağlanmasını tələb etmişdilər.

Lakin stansiyanı istismardan çıxarmaq əvəzinə, Ermənistan onu 2026-cı ilə qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region daha 10 il ərzində təhlükə içində yaşayacaq. 2011-ci ildə İrəvan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib. Metsamor AES Türkiyədən cəmi 16, İrandan 60, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir. Əgər Çernobıl AES-in bir blokunun sıradan çıxmasının fəsadları kifayət qədər uzaq məsafədə yerləşən ölkəmizə qədər gəlib çatdısa, deməli, Metsamor daha dəhşətli təhlükələr vəd edir.

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı Metsamor Atom-Elektrik Stansiyası region üçün təhlükə mənbəyinə çevrilib: “Artıq qonşu dövlətlər də həyəcan təbili çalır və müxtəlif səviyyələrdə bu stansiyanın bağlanmasının vacibliyini vurğulayırlar. Yaponiyada ”Fukusima -1\” AES-də baş verən qəzadan sonra atom enerjisindən istifadə edən bir çox dövlətlər, hətta Avropada da nüvə təhlükəsizliyi məsələsini də gündəmə çıxardılar və ümumiyyətlə, bu cür enerji növündən istifadədən imtina etmək qərarına gəldirlər. Yəni enerji siyasətində yenilik yaratmaq üçün yollar arayırlar. Metsamorun bağlanması məsələsi Çernobılda baş verən qəzadan sonra gündəmdə olub və qəzalı vəziyyətdə olduğu üçün hətta bir müddət bağlanıb. Lakin sonralar müxtəlif bəhanələrlə, daha doğrusu, enerji çatışmazlığı bəhanəsi ilə yenidən işlədilib. Avropa İttifaqı stansiyanın de-montajı üçün 3 milyard avroya yaxın vəsait təklif edir, ermənilər isə daha çox vəsait tələb edir və bunun alveri ilə məşğuldurlar. Guya erməni mütəxəssislərinin apardığı hesablamalara görə, bu rəqəm 5-6 milyarddır. Avropa bu vəsaiti ödəməyəcək və yaxın gələcəkdə AES-in bağlanacağı da inandırıcı görünmür\”.

Ekspert vurğuladı ki, bunu eyni zamanda Rusiya da istəmir: “Guya alternativ enerji mənbəyi yoxdur. Digər tərəfdən, ermənilərin kütləvi qırğın silahlarının komponentlərinin alveri və ya qaçaqmalı ilə məşğul olmaları faktdır və bu bir daha onların rəhbərliyinin bir sıra terrorçu təşkilatlarla əlaqəli olmasına dəlalət edir. Digər problem də regionun seysmik olmasıdır.1989-cu ildə Spitak zəlzələsindən sonra AES bağlandı və 1995-ci ildə açıldı. Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq müqaviləsində əsas müddəlardan biri kimi AES-in bağlanması da nəzərdə tutulur. Çünki digər dövlətlər də bununla razılaşıb və müqavilələr bağlanıb”.

A.Nağıyev bildirdi ki, bu gün tək Azərbaycan tərəfdən deyil, ermənilərin özləri tərəfindən də petisiyalar həyata keçirilməlidir və MAQATE-dən bu məsələyə biganə qalmamaq tələb olunmalıdır: “Azərbaycan dövlətin və ümumiyyətlə, regionun təhlükəsizliyi üçün bunu etməlidir. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tam həlli məhz bu məsələni də nəzərdə tutmalıdır. Ermənilərin beynəlxalq konvensiyalara zidd olaraq isitifadə etdiyi silahlar, o cümlədən fosforlu mərmilər buna bariz nümunədir. Bir müddət öncə Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycanda səfirliklərdə təmsil olunan hərbi attaşelərin də iştirakı ilə bunu dünyaya bəyan etmək çox mühüm və vacib addım idi. Belə misallar çox olmalıdır və beynəlxalq səviyyədə Azərbaycan sübutlarla çıxışlar etməlidir”.(musavat.com)

İnterpress.az