Sabir Rüstəmxanlı: Müstəqilliyi gözdən salmaq olmazbackend

Sabir Rüstəmxanlı: Müstəqilliyi gözdən salmaq olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, Dünya Azərbaycanlıları Konqresinə həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasını sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan müstəqilliyini Gözdən salmaq istəyən şəxslərə özünün rəsmi Facebook səhifəsində cavab verib.

İnterpress.az Sabir Rüstəmxanlının həmin paylaşımını olduğu kimi təqdim edir.

\”Feysdə mənim Müstqillik günü ilə bağlı qeydlərimə yazılmış yorumlardan gördüm ki, çox uzaq keçmiş olmasa da o günlərlə bağlı bəzi sorular var.. Dövlət Müstəqilliyinin bərpa Aktı 360 deputatı olan Ali sovetdə, deputatların səs çoxluğu ilə qəbul olunmuşdusa onda bu 43 nəfərin xidməti niyə ayrıca vurğulanır? Mənim minlərlə arkadaşım arasından seçilib öz rəylərini yazanların hamısına təşəkkürümü bildirirəm. Onu deyim ki, yorum yazanlardan Feyruz bəy həmin sualın cavabını verib və yazdığı tamamılə doğrudur. Sağ olsun!
Bu yorumları oxuyandan sonra bəzi fikirlərimi paylaşmağa ehtiyac duydum.
Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq məsələsi mitinqlərdə tez-tez səslənsə də Ali sovetin sesiyasında ilk dəfə 1991-ci ilin mart ayında- İttifaq refrendiumu məsələsi müzakirə olunarkən səsləndi. Bu, şər imperiyasını qoruyub saxlamaq üçün Moskvanın göstərdiyi son cəhdlərdən biri idi. O vaxt şəxsən mən və yəqin ki bir çox başqaları da, bu dağılma prosesinin qarşısıalınmazlığını, labüdlüyünü görürdük və intizarla həmin günü gözləyirdik. Buna görə də Azərbaycanın kommunust rəhbərliyi xalqı zorla SSRİ-nin qorunmasına, yəni Azərbaycanın müstəqilliyinin əleyhinə səs verməyə məcbur edəndə mən “Azərbaycan” qəzetində, mart ayında “Bəsdir” adlı sərt bir məqalə yazmışdım.
Sesiyada iki günlük müzakirədən o qədər qəzəbləmişdim ki, yazımı mənim üslubuma zidd olan bir tərzdə, açıq həqarətlə başlamışdım:
“Dünyada yalnız bir canlı var ki, (“heyvan” demək istəmirəm) acı taleyinə müqavimətsiz boyun əyir, düşməninə yem olmağa özü “könüllü” gedir; kol dibində, dərədə uzaqdan-uzağa qurdun qaraltısını görən kimi onun dalınca düşür, oxuya-oxuya (“anqıra-anqıra” demək istəmirəm) “tələsir”, qaçır ölümün ağzına. Lətifəsi bizdən uzaq! Bu günlərdə bizi zorla ittifaq referendiumuna sürükləyirlər. … Güya biz “hə” deyən kimi dünyanın altıda birini əhatə edən bu xaraba dirçələcək… Kağız üstündəki dəbdəbəli sözlərlə çürüyən dayaqları, uçan divarları necə saxlamaq olar?
İttifaqın ömrünə az qalıb! Nəyə görə özümüzü , qul psixologiyası ilə , məhvi labüd olan bir xəstənin quyruğuna bağlamalıyıq? … Bu qərara etiraz əlaməti olaraq aclıq edən”Müstəqil Azərbaycan” blokunun deputatları ələ salındı, onlara zorakılıq göstərildi; deputat hüquqları və Konctitutsiya ayaqlar altına atıldı.“ ( Bax. “Dərdə əyilmə” kitabı. səh.130)
Bu sitat həmin günlərin gərginliyini və çəkdiyimiz ağrıları aydın göstərir. (Nəzərə alsanız ki, bu sözlər Qorbaçovun öz səlaiyyətlərini artırdığı və SSRİ-nin hələ güclü vaxtında yazılmışdı onda şairlərin uzaqgörənliyinə şübhəniz qalmaz!) Bu, bir zarafat olsa da fakta söykənir…
Müstəqilliyə “hə” deyib-deməmək məsələsi mart ayında ilk dəfə müzakirə ediləndə SSRİ-nin, referendiumun əleyhinə olan həmin 43 nəfər idi. Bizim deputat bloku və əlavə 18 nəfər ziyalı… Mərhum Heydər Əliyev də bu 43 nəfərin arasındaydı. Mart ayında bu etiraz əsil qəhrəmanlıq idi. Oktyabrda isə mənzərə dəyişilmişdi. Bəzi respublikalar öz müstəqilliklərini elan etmişdilər, SSRİ Ali soveti öz işinə xitam vermişdi ( xoşbəxtlikdən mən də o sesiyada iştirak etmişdim), Azərbaycan rəhbərliyinin Moskva ilə münasibətlərində problemlər yaranmışdı. Buna baxmayaraq, oktyabrda da bizim blokun hazırladığı Müstəqillik aktını qəbul etdirmək o qədər asan olmadı. “Moskva aşiqləri” və “balaca padşahlar” hələ də müqavimət göstərirdilər.Təkcə bir “bərpa” sözünü razılaşdırmaq üçün dəfələrlə çıxışlar etdik. Çünki kommunist deputatlarımızın çoxunun 1918-ci il Xalq Cümhuriyyətindən xəbərləri yox idi və ya o illərə köhnə sovet düşüncəsiylə baxırdılar. Xalqın təzyiqi də az rol oynamadı. Yenə əsas söz o 43 nəfərin idi, lakin bu dəfə yerdə qalan deputatların da şoxu bu tarixi sənədə səs verdi. Bu dəfə başqa yol qalmamışdı və böyüklərindən belə sifariş almışdılar.
Yorumların birində o 43 nəfərdən sağ olanlara “prezident kimi “ toxunulmazlıq statusu verilməsinin ədalətli bir iş olacağı vurgulanır. Məncə, həmin insanların heç birinin toxunulmazlıq istəyi yoxdur. Qanun hamımıza aiddir. Mənim yazıda dediyim və köhnə istiqlalçı deputatların illər uzunu tələb etdikləri sadəcə Millət vəkili təqaüdüdür. Azərbaycan Respublikasının Konstitutsiyası 1995- ci ildə qəbul edilib deyə həmin tarixdən əvvəl seçılmış millət vəkillərinə, hətta istiqlalçı deputatlara şamil edilmir. Məncə burada ədalətsizlik var. Bunun bir həlli olmalıdır.
O 43 nəfərdən biri Məryəm Həsənzadə idi. Bəzi dövlətlərdə Müstəqillik Aktını qəbul etdirənlərə Milli Qəhrəman adı verilib. Bizlərə və Məryam xanıma bu ad lazım deyil, biz borcumuzu yerinə yetirmişik. Ancaq niyə onun ən minimum ehtiyacları ödənilməsin? Xəstə, ehtiyac içində boğulan Məryəm xanım rayonda bir yataqxana küncündə, unudulmuş vəziyyətdədir. Bəs bu gün müstəqilliyin dadını çıxaran məmurlarımızın vicdanları hardadır?
Dövlətçilik şüurunun bir tələbi də vətəndaşa sayqı və məsuliyyətdir. Görün o əziyyətləri çəkən millət vəkillərinə və ümumiyyətlə dövlətin taleyinə, beynəlxalq nüfuzuna, atributlarına, himninə, dilinə, tarixinə, mədəniyyətinə, təhsilinə, yeni yetişən nəsillərinə milli dövlətin bəzi məmurlarının münasibəti necədir? Görün həmin deputatlar bu məmurların “qalaçalarına” yaxın düşə, sözünü onlara çatdıra bilir? Bəli,
hər nazir və ya icra başçısı oturduğu binanaı öz qalaçasına çevirib. Hər qapıda bir neçə polis və ya mühafizəçi!.. Telefonlar sanki Nuh əyyamından bəri susur. Ərizələr quyunun dibində…Hansını axtarırsan –“obtektdədir!” “Şəxsi obyetindədir” deyilsə daha doğru olar…
Mən iki stulda oturmamaq üçün nazir vəzifəsindən istefa vermişdim. Prezident Heydər Əliyev ərizəmi qəbil etmək və məni işdən buraxmaq istəmirdi. Mən xahiş etdim. Çünki qanuna sayqı da, istefa da bir mədəniyyətdir. Baxın, bizdə bəzilərinin bu üzünə tüpürürlər o biri üzünü çevirir. Öz sahəsində aşkarlanan biabırçılıqlara görə hansı vəzifə sahibi istefa verib? Hətta xalqa açıqlama verməyi də artıq iş hesab edir, şənlərinə sığışdırmırlar…
Məryəm xanım müəllimədir. Görəsən təhsil nazirliyi nə vaxt onun taleyi ilə maraqlanıb? Bu boyda xidməti olan ləyaqətli bir ziyalıynı, keçmiş millət vəkilini ayrıca bir mənzillə təmin etmək nazirliyin və ya bu dövlətin əlində çətin işdir bəyəm?
Və yadıma düşmüşkən… O boyda dərslik xəyanəti və ya savadsızlığının, məsuliyyətsizliyinin axırı nə oldu görəsən? Niyə nazirlik rəhbərliyindən bir adamın səsi çıxmadı; bir adam məktəbdən, müəllimdən, şagirddən, nəhayət xalqdan üzr istəmədi,“mən bu vəzifənin öhtəsindən gələ bilmirəm”, demədi. Görəsən erməni saytlarının yazdıqlarından onların xəbəri oldu? Və oxuyub utandılarmı?
Bu, bizim dövlətimizdir. Onu biz qurmuşuq və biz yaşatmalıyıq. Dövlətin də insan kimi şəxsiyyəti, kişiliyi, ədalət hissi olmalıdır. Bu da öz-özünə yaranmır, bütün millətin, yaxarıdan aşaqşya hamının ümumi səyi ilə, xalqa, torpağa, insana məhəbbətlə yaradılır. Amma bizdə səlahiyyət sahiblərinin çoxu öz əməlləriylə gecə-gündüz dövləti, Vətəni, müstəqilliyi, görülən işləri gözdən salmaqla, insanları bezdirmək və öz vətənindən küsdürməklə məşğuldurlar… \”

İnterpress.az