Yıldlray Arslan: Biz Azərbaycana can Azərbaycan deyirikbackend

Yıldlray Arslan: Biz Azərbaycana can Azərbaycan deyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRT Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslanın Azərbaycandakı fəaliyyət müddətinin başa çatdığına dair xəbəri bir qədər təəssüflə qarşıladım. Təəssüf ona görə ki, ölkəmizə könül verən, Azərbaycanı, sözün əsl mənasında, ikinci vətəni hesab edən, bu vətəni üçün də əlindən gələn hər şeyi etməyə hazır olan bir dostumuz artıq burada bizlərlə bərabər olmayacaq. Amma bir şeyə əminik ki, harada olmasından, harada çalışmasından asılı olmayaraq, Y.Arslan Bakıya ilk gəlişində sevib ailə qurduğu Lalə xanım, hazırda Kanadada təhsil alan oğlu Alp Enes Arslanla birlikdə bundan sonra da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməyəcək. Elə Türkiyəyə dönüşü öncəsi qəzetimizə müsahibə verən Y.Arslana ilk sualımız da məhz ölkəmizə ilk gəlişi və azərbaycanlı xanımla ailə qurmasının tarixçəsi ilə bağlı oldu.

İçərişəhər, Qafqaz rəqsi və ilk baxışdan sevgi…

Söhbətimizə “Biz Azərbaycana can Azərbaycan deyirik. Yəni Azərbaycan mənim üçün, bizim üçün candır. Uşaqlıq illərində böyüklərimizdən eşitdiyimiz hekayələrdə, xatirələrdə hər zaman adı keçən Qafqazın incisi, Qafqazın mərkəzi, gənclik illərimizdə də inandığımız dəyərlərin mənbəyi olaraq gördüm Azərbaycanı” sözləri ilə başlayan Y.Arslan ölkəmizə ilk gəlişinin SSRİ dönəminə, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinə təsadüf etdiyini dedi: “Bakıda Türkiyənin ixrac məhsullarının sərgisi açılırdı. Həmin sərgi ilə bağlı bura gəldik. Onu da deyim ki, bu, mənim TRT müxbiri kimi xarici ölkədə ilk işim idi”.

Müsahibim deyir ki, Bakıya ilk gəlişində onun həyatında əlamətdar bir hadisə baş verib: “Bizim əslimiz Şimali Qafqazdandır. Babamın babası rus-çərkəz savaşı dönəmində oradan Türkiyəyə köçüb. Anamın anası hər dəfə mənə Qafqaz barədə böyük həvəslə danışardı. Yəni Qafqaz bizim kökümüzün olduğu yerdir və Bakı məni yenidən Qafqaz ruhuna qovuşdurdu. Belə ki, sərgidən sonra Bakıda, İçərişəhərdəki restoranda yemək yeyirdik. Birdən Qafqaz rəqsinin sədalarını eşitdim. Səsə qulaq verib, irəliyə getdim. Baxdım ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının açıq havada konsertidir. Başladım əl çalmağa. Bu vaxt kənardan şlyapalı bir adam yaxınlaşdı və “sən bu rəqsi anlayırsanmı?” – deyə soruşdu. Söhbət zamanı həmin adam (sonradan bildim ki, o, rəqs ansamblının rəhbərlərindən biridir) dedi ki, rəqs etməyi bilirsənsə, bizim bir qızımız var, buyur, onunla rəqs et. Bir də gördüm ağ paltarlı, uzun saçlı bir qız gəldi. Onunla rəqs etdim və sonra da (gülür) evləndim”.

Qarabağ müharibəsi haqqında əsl həqiqətləri dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biri…

TRT-də Azərbaycanla bağlı digər ilklərə də imza atan Y.Arslan həm də Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir: “İlk səfərimdən bir neçə ay sonra yenidən Bakıya gəlmişdim. Həmin vaxt bir qəbiristanlığın yanından keçərkən bir-iki qəbrin başında qadınların ağladığını gördüm. Məlum oldu ki, onların yaxınları Qarabağda erməni separatçılar tərəfindən şəhid ediliblər. Həmin şəhid yaxınları ilə reportaj hazırlayıb, Ankaraya göndərdik. Bu reportaj həm Türkiyədə, həm də dünyada böyük əks-səda doğurdu. Çünki ona qədər xarici xəbər agentlikləri elə təqdim edirdilər ki, sanki Qarabağda qətliam törədən azərbaycanlılardır. Amma bizim reportaj erməni yalanlarını ifşa etdi. Bəlli oldu ki, xarici mətbuatın iddia etdiyi kimi, azərbaycanlılar erməniləri deyil, ermənilər azərbaycanlıları qətlə yetirirlər”.

Bakıya üçüncü gəlişinin 20 Yanvar faciəsindən sonra baş tutduğunu deyən müsahibim 1990-cı illərdə Qarabağda savaş bölgəsinə ezam olunub, Qarabağda, Murovda, Qazaxda, Tovuzda çəkilişlər aparıb. Kəlbəcər qaçqınları ilə ilk reportajı da o hazırlayıb.

“Bu üç il ərzində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdım”

Çeçenistanda ilk çəkiliş aparan türk müxbir kimi də tarixə düşən Y.Arslan TRT-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2014-cü ildə TRT Bakı təmsilçiliyinin rəhbəri təyin edilib: “Öncə qeyd edim ki, TRT Bakı təmsilçiliyi fəaliyyətə başladığı 2001-ci ildən Azərbaycan və Türkiyənin ortaq gündəmi, tarixi və gələcəyi ilə bağlı səmərəli fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. 2014-cü ilin avqust ayında təmsilçiliyin rəhbəri vəzifəsinə təyin olundum və bu üç il ərzində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdım. Həmin müddətdən bu günə kimi iki ölkənin qardaşlığına, ölkələrimiz arasında reallaşdırılan layihələrə, iki ölkə rəsmilərinin səfərlərinə, mədəniyyətin təbliğinə yönələn müxtəlif verilişlər hazırlanıb. Bundan əlavə, 20 Yanvar faciəsi, 26 fevral – Xocalı soyqırımı və 21 mart – Novruz bayramı ilə bağlı Bakıdan canlı yayımlar edib, Azərbaycanla Türkiyənin münasibətlərindəki inkişaf haqqında materiallar hazırlayıb bu dostluğa öz töhfəmizi verməyə çalışmışıq. Hazırda TRT Bakı təmsilçiliyi tərəfindən aylıq 4 bölüm “Can Azərbaycan”, 4 bölüm “Bakı spor dosyası” və 4 bölüm “Dosya Haber” olmaqla 12 bölüm proqram, ümumilikdə 50 xəbər buraxılışı, həmçinin Türkiyənin bir çox tv və radio kanalları üçün canlı yayım, telefon bağlantısı və reportajlar hazırlanmaqdadır. Eyni zamanda, Azərbaycanın AzTV və İTV kanalları ilə ortaq televiziya verilişləri, “TRT FM” və “ASAN RADİO” ilə qurulan “radio körpüsü” vasitəsilə hər bazar ertəsi 17:30-17:50 arasında “Tam bu saat” adlı ortaq canlı yayım hazırlanır.

Təmsilçiliyimiz tərəfindən Bakıda keçirilən beynəlxalq idman yarışları da yaxından işıqlandırılıb. Rəhbərlik etdiyim üç il ərzində TRT Bakı təmsilçiliyi nümunəvi fəaliyyətinə görə Azərbaycanda fəaliyyət göstərən qurumlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb”.

“Azərbaycan dünyada bir nümunə olaraq qəbul edilir”

Yeri gəlmişkən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Prezident seçiləndən sonra Türkiyəyə ilk səfərində Ondan müsahibə alan ilk türk jurnalisti də məhz Y.Arslan olub: “Müsahibə zamanı “Azərbaycanın gələcəyini necə görürsünüz” sualıma cənab Heydər Əliyev “Müasir, öz sərvətlərini özü istifadə edən, mədəni, inkişaf etmiş, dövlət kimi bütün qurumlarını formalaşdırmış qüdrətli bir Azərbaycan qurmaq mənim arzumdur”, – deyə cavab verdi. Bu gün çəkinmədən bildirərəm ki, cənab Heydər Əliyevin həmin arzusu tamamilə reallaşıb və Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hər keçən gün ərzində daha da güclənir. Mən bu gücü, bu inkişafı alqışlamaqla yanaşı, demək istəyirəm ki, 2014-cü ildə Bakıya gələndə şoka düşdüm. Çünki 1994-cü ildə gördüyüm Azərbaycanla 2014-cü ilin Azərbaycanı arasında yerlə göy qədər fərq vardı. Bir tək cümlə ilə desək, Azərbaycan bütün sahələrdə inkişaf əldə edib. Onu da deyim ki, əgər müstəqilliyin ilk illərində Azərbaycan deyəndə Qərbdəki ölkələrdə insanların, hətta siyasətçilərin üzündə sual qarışıq təəccüb yaranırdısa, indi Azərbaycan bütün dünyada tanınır. Bu tanınmaq da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarının həyata keçirdiyi düşünülmüş, bütün sahələrin inkişafına yönəlmiş siyasətin nəticəsidir. Qeyd edim ki, ölkənizdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınması, həmçinin ölkənin üzləşdiyi Qarabağ problemi haqqında həqiqətlərin dünya miqyasında çatdırılması istiqamətində mühüm əhəmiyyəti var”.
“Hər dəfə Bakıdan gedəndə hüznlü oluram”
“Bakıdan hansı təəssüratla dönürsünüz” sualına xeyli sükuta daldıqdan sonra bir qədər də kədərlə cavab verən Y.Arslan “Mən hər Bakıdan gedəndə hüznlü oluram. Bu dəfə də belə olacaq. Mən şeir də yazıram. Bir müddət öncə Bakıdan ayrılışa aid bir şeir yazdım, içində kədər, deyəsən, daha çox olub. Yəni, gedişimin hüznü həmin şeirdə əks olunub, deyə bilərəm. Sanki doğma Vətənimdən gedirəm”, – dedi.
Sonda “Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da bütün dünyaya nümunə olaraq qalacaq”, – deyən müsahibim bildirdi ki, xalqlarımız arasındakı sarsılmaz bağlar, həmçinin dövlət başçılarının siyasi iradəsi belə deməyə əsas verir və ötən il bu qardaşlığın növbəti, özü də əvəzolunmaz nümunəsinin şahidi olduq: “Ötən ilin martında Ankarada baş verən terror aktı səbəbindən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin təxirə salınmasından dərhal sonra cənab Prezident İlham Əliyevin Ankaraya səfər etməsi, iki dövlət başçısının bir-birinə “əziz qardaşım” deyərək, mehribanlıqla görüşməsi, Ankaranın “Esenboğa” hava limanında yolasalınma mərasimi zamanı Azərbaycan Prezidentinin dəvəti ilə Onun təyyarəsində iki qardaş ölkənin dövlət başçılarının çay süfrəsi arxasında söhbət etmələri dünyada tayı-bərabəri olmayan Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”. (yeniazerbaycan)

İnterpress.az