Səməndər Çaxmaqlının könül dünyası…backend

Səməndər Çaxmaqlının könül dünyası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dedilər…
(bir məmura)

Dedilər: “Dahisən, elin gözüsən,
Hər şirin nəğmənin şirin sözüsən,
Başların başısan” – sözün düzü sən,
Bilmədin bu sənsən, ya sən deyilsən.

Dedilər: “Şüvənli mərsiyəxansan,
Toylarda “toybaba”, həm “qazan” xansan,
Bu səfil millətə “təkcə” baxansan”
Bilmədin bu sənsən, ya sən deyilsən.

Dedilər: “Tanrıya mömin bəndəsən,
İbadət gətirdin şəhər-kəndə sən,
Ruhlar oyanacaq hər dinəndə sən”,
Bilmədin bu sənsən, ya sən deyilsən.

Dedilər: “Bələdsən hər çətin yola,
Könüldə yerin var, dildə deyilsən”.
Bərəldib gözümü baxıb sağ-sola,
Bilmədin bu sənsən, ya sən deyilsən.

Xoflu vücuduna baxıb bir qoca,
Söylədi el sözü-göylərdən uca,
“Bilirəm, canlısan, adam deyilsən”,
Bildin ki, bu sənsən, sənin özünsən.

Bizik

Dedik “Dünya xarab olub!”
Onu “dərdə” salan bizik.
Bir cığırı düz getməmiş,
Çaşıb yolda qalan bizik.

Unutmuşuq çox şeyi biz,
Düz yanında yalan bizik.
Hər gədaya kişi deyib,
Dalda zurna çalan bizik.

Yana düşüb əl qolumuz,
Yaltaqlığı qanan bizik.
Qorxaqlığı seçib peşə,
Özümüzü danan bizik.

Bardaş qurub ocağında,
Yedik-içdik yad bağında,
Mərdi namərd qabağında,
Gülüb, gözdən salan bizik.

Kim soxuldu gözümüzə,
Böyük bildik özümüzə.
İndi döyüb dizimizə,
Od içində yanan bizik.

Hiylə gəldi qarı düşmən,
Onu “sirdaş” bilən bizik.
Duz-çörəyi ucuz sandıq,
Yeri-yurdu talan bizik.

Kim-kimdir

Millət düşüb bir kəməndə,
İşləyən kim, yeyən kimdir?
Hardan bilsin yazıq bəndə,
Doğru sözü deyən kimdir?

“Köç” deyəndə, köç yığılıb,
“Çıx” deyəndə yurd dağılıb,
Millət yenə çaş-baş qalıb,
Başımızı əyən kimdir.

Bilinməyir nökər, ağa,
“Qalx” deyəndə qalxdıq dağa,
Bir baxmadıq sola-sağa,
Söyülən kim, söyən kimdir?

El-obası talan olduq,
Hər ulağa palan olduq,
Doğru sözü yalan olduq,
Döyülən kim, döyən kimdir?

“Vətən” sözü tar kamanda,
Vətən özü əl-amanda,
Bilinməyir bu zamanda,
Başı daşa dəyən kimdir?!

Sən nə hayda, biz nə hayda

Ara qarışıb, məzhəb itib,
Dərd çəkənlər ahu-vayda. Ömrümüzün sonu “yetib”,
“Kef çəkirsən” sən o tayda,
Sən nə hayda, biz nə hayda!

Düşmən alıb dövrəmizi,
Qandallayıb əlimizi,
Soyacaqlar dərimizi…
Sən güdürsən xeyir, fayda,
Sən nə hayda, biz nə hayda!

Kasıb çörək hayındadır,
Gözü qismət payındadır,
Evi tövlə tayındadır,
Şellənirsən, xan sarayda,

Sən nə hayda, biz nə hayda!
Xoş günlərdə buralısan,
Qəm-qüssədən aralısan.
Sən bilirsən “haralısan?”,

Üzmək olar hansı çayda,
Sən nə hayda, biz nə hayda!
Qalıb allah ümidinə
Ayaq üstə səndələrik

Düşmənə də qardaş deyən
Başı batmış bəndələrik,
Siz o tayda, biz bu tayda
Biz nə hayda, siz nə hayda!

Səməndər Çaxmaqlı
İnterpress.az