Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Azərbaycanın beynəlxalq nüfuzu onu barış məkanına çevirib"

Prezident İlham Əliyevin İrana səfəri İran-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.

Dərc edilib: 2 noyabr 2017 [11:12]
Baxış sayı: 91

Bunu AzNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İran və Rusiya prezidentlərinin İlham Əliyevin təşəbbüsü ilə Tehranda görüşmələrini şərh edərkən deyib. Politoloq bildirir ki, Azərbaycanın regionda nüfuzu o qədər çoxalıb ki, indi ona barış məkanı kimi baxırlar:

"Təsadüfi deyil ki, siyasi gərginlik yaşayan tərəflər, məsələn, NATO ilə Rusiya və yaxud ABŞ ilə Rusiya tərəfləri Azərbaycanda görüşürlər. Ümumi mənzərəyə baxanda isə iqtisadi-siyasi məsələlər üzrə Azərbaycanla Rusiya arasında kəskin problemlər yox idi. Amma İran-Azərbaycan münasibətləri haqqında bunu demək olmazdı. Həsən Ruhani hakimiyyətə gələndən sonra isə 2 ölkə arasında münasibətlər bir çox dövlətlərin qibtə etdiyi səviyyəyə gəlib çatıb. İndi 2 dövlət arasında münasibətlər o qədər yaxşıdır ki, "Şimal-Cənub" dəmiryol xətti kimi böyük vəsait tələb edən bir marşrut reallığa çevrilib. Ortada Rəşt-Astara dəmir yol xəttinin inşası məsələsi qalıb, o problem də həll edilmək üzrədir. Prezidentlərin görüşündən bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, Azərbaycan tərəfi sözügedən xəttin inşası üçün İran tərəfinə 500 milyon dollar kredit verəcək. Bilirsiz ki, "Astara - Astara" dəmiryol xətti də Azərbaycanın İrana ayırdığı kredit hesabına başa gəlib. Yəni İranda əvvəlki prezidentlərin dövründə həyata keçməsi inandırıcı görünməyən məsələlər, indi Ruhaninin dövründə reallaşdırılıb. Çünki Ruhani Azərbaycana əməkdaşlıq təklifi irəli sürdü".

Ermənistan-İran münasibətlərinə gəlincə, politoloq qeyd edir ki, İranın Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişib:

"Ruhani hakimiyyəti hazırda Ermənistana təklif edir ki, regional münaqişələr həll olunmalıdır. İranın bizim regionla bağlı mövqeyi ondan ibarətdir ki, bu regionda pul qazanmaq, iqtisadiyyatı dirçəltmək istəyiriksə, hökmən regionda sabitlik olmalıdır. Onlar yaxşı başa düşürlər ki, regionda sabitliyə ən böyük təhlükə Dağlıq Qarabağ məsələsidir. Bu yaxınlarda Ermənistanın baş naziri Karen Karapetyanın İrana səfəri zamanı Həsən Ruhani belə bir təkliflə çıxış edib ki, Ermənistan İranın vasitəçiliyi ilə Yəmən, Suriya, İraq münaqişələrinin həllində tərəfdaş ölkə kimi iştirak etsin. Ancaq Ermənistan da imkan versin ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etsin. Bütün bunlar göstərir ki, Ruhaninin Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasəti getdikcə daha da güclənir. Bu yumşalma aydın sezilir və bunu qiymətləndirmək lazımdır".

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460