Politoloq: ABŞ-ın EİTİ-ni tərk etməsi Azərbaycanın düzgün qərar qəbul etdiyini təsdiqləyirbackend

Politoloq: ABŞ-ın EİTİ-ni tərk etməsi Azərbaycanın düzgün qərar qəbul etdiyini təsdiqləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, təşkilatın rəhbərliyinə ünvanlanmış məktubda qeyd olunub ki, ABŞ korrupsiya ilə mübarizəyə sadiq qalır, lakin təşəbbüsün ölkə daxilində tətbiqi Birləşmiş Ştatların qanunvericilik tələblərinə uyğun gəlmir.

Bu barədə bəyanatla çıxış edən EİTİ-nin hazırkı rəhbəri Frederik Reynfildt məsələni geriyə addım kimi qiymətləndirib: “Bu geriyə məyusedici addımdır. EİTİ korrupsiya və maliyyə axını ilə bağlı qlobal səviyyədə vacib nailiyyətlər nümayiş etdirir. Bizim işimiz transmilli cinayətkarlıq və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə səylərini dəstəkləyir. Vacibdir ki, Birləşmiş Ştatlar kimi zəngin resurslara malik dövlətlər digərləri üçün nümunə olsunlar. Bu qərar yanlış siqnaldır”.

ABŞ-ın EİTİ təşəbbüsündə fəaliyyətini davam etdirməyəcəyinə dair şübhələr hələ bu ilin əvvəlində məlum olmuşdu. Həmin vaxt Konqress Exxon Mobil Corp kimi şirkətlərin vergilər, xarici dövlətlərə ödəniş xarakterli gəlirlər və maliyyə ilə bağlı digər məsələləri açıqlamağa məcbur edən resursların hasilatına dair qanun layihəsini rədd etmişdi. Qeyd edək ki, EİTİ 2003-cü ildə yaradılıb və təbii resurslarla zəngin olan ölkələrin hökumətləri üçün neft, qaz və mədən hasilatı sahələrində öz gəlirlərini açıqlamaq üçün vahid standartlar müəyyənləşdirir.

EİTİ-nin hazırkı durumunu və perspektivini şərh edən politoloq Əliməmməd Nuriyev bildirib ki, ABŞ nümunəsi göstərir ki, Azərbaycanın bu qurumu tərk etmək qərarı düzgün addım olub: “Azərbaycan EİTİ təşəbbüsünə ilk qoşulan dövlətlərdən olub və təşkilatın müəyyənləşdirdiyi standartlar çərçivəsində neft, qaz və mədən sənayesi sahələri üzrə şəffaflıq təşəbbüslərini fəal şəkildə dəstəkləyib. Ölkəmiz 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk olaraq çap edib və 2009-cu ildə tamhüquqlu üzv statusunu qazanıb. 2007-ci ildə SOCAR MHŞT-nin uğurlu tətbiqi nəticəsində \”Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb. Lakin təxminən 2013-2014-cü illərdə bir çox digər təşkilatlar kimi, EİTİ-nin də siyasiləşdirilməsi prosesi başlandı. Əsas məqsəd də bu təşkilat vasitəsilə Azərbaycan kimi zəngin təbii resurslara malik ölkələri təsir altına salmaq və öz iradəsini qəbul etdirmək idi. Məlumdır ki, Azərbaycan müstəqil siyasət yürüdür və bütün məsələlərdə öz milli maraqlarını düşünür. Bax bu aspekt EİTİ-ni siyasiləşdirərək təzyiq vasitəsi kimi istifadə etməyə çalışan qüvvələrin maraqlarına cavab vermədi. Artıq EİTİ-nin siyasiləşmiş bir quruma çevrildiyini görən Azərbaycan hökuməti bu qurum çərçivəsində fəaliyyətin mənasız olduğu qənaətinə gəldi və 2016-cı ildə müvafiq qərar qəbul olundu. Bu gün ABŞ hökumətinin də analoji addım atması Azərbaycanın qərarının düzgün olduğunu təsdiq etməklə yanaşı, EİTİ-nin artıq lazımsız bir quruma çevrildiyini aydın nümayiş etdirir. Görünən odur ki, bəzi xarici dairələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə fəaliyyət göstərən ayrı-ayrı qurumlar üzərində öz nəzarətini bərqərar etmək və müxtəlif dövlətlərə qarşı təzyiq siyasəti yürütmək cəhdləri ən qabaqcıl və pozitiv təşəbbüsləri belə boğur. Hazırda EİTİ-nin iflas vəziyyətinə düşməsi də məhz kimlərinsə hədsiz ambisiyalarının və iştahının məntiqi nəticəsidir”.

İnterpress.az