AAK-ın sədr əvəzi Vəli Hüseynovdan Mehriban Əliyevaya şikayətbackend

AAK-ın sədr əvəzi Vəli Hüseynovdan Mehriban Əliyevaya şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Təzadlar»a Prezident yanında AAK sədri vəzifəsini müvəqqəti əvəz edən Vəli Hüseynovun barəsində Azərbaycanın birinci vitse-Prezidenti xanım Mehriban Əliyevaya ünvanlı müraciət daxil olub. Hüquq üzrə mütəxəssis olan Bakı şəhər sakini Rasim Həsənovun məktubunda diqqəti çəkən məqamlar olduğundan ixtisarla təqdim edirik. Müraciətdə deyilir:

Çox hörmətli Mehriban xanım!
Hörmətli «Təzadlar»!

Bu günlərdə KİV-də AMEA-nın müxbir üzvü, tanınmış alim, AMEA-nın İqtisadiyyat İnstitutunun sabiq direktoru Şahbaz Muradovun Prezident Yanında AAK-ın sədr əvəzi Vəli Hüseynov barədə yazdığı «Açıq Məktub»nu diqqətlə oxudum. Alim elmimizin bu günü və problemləri ətrafında olduqca doğru mülahizə və şərhlərini təqdim etmiş, təkliflər vermişdir. Ona dərin minnətdarlığımı bildirirəm.

AAK-ın sədr əvəzi Vəli Hüseynovdan Mehriban Əliyevaya şikayət

Hörmətli Mehriban xanım!
Cənab Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın vitse-Prezidenti kimi Sizin Azərbaycan elminin inkişafı yolunda göstərdiyiniz diqqət və qayğı danılmazdır. Azərbaycan rəhbərliyi elmimizin inkişafı və alimlərimizin səsinin, elmi yaradıcılığının dünya elm məbədlərində görünməsi üçün əlindən gələni edir. Mərhum dünya şöhrətli alim Lütfi Zadənin adı ilə nə qədər qürurlanırıqsa, eləcə də ondan sonra dünya səviyyəli alimlərimizin olmasını arzu edirik. Lakin təəssüflər olsun ki, Azərbaycan elminin uzun illərdir tənəzzül və ətalətdən çıxa bilməməsi düşündürücüdür. Dövlət rəhbərliyi alimlərimizin elmi yaradıcılığı üçün bütün mümkün olanı edir, amma niyə bəhrə yoxdur??? Təcrübə və real faktlar göstərir ki, bütün bunların başında elmi saxtakarlıq, saxta yolla professor, elmi dərəcələr alınmasına hesablanmış korrupsiya əməlləri durur. Yadıma Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “8” dekabr 2009-cu ildə “Azərbaycan” qəzetində çap edilən “İctimai və Humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi düşür. Akademik ürək yanğısı ilə yazır və etiraf edirdi ki, Azərbaycanda alim var, elm yoxdur… Bu necə ola bilər? Hörmətli R.Mehdiyev yazırdı: «…Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur… Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri Elmi Şuralarda yekdilliklə dəstəkləyirlər”.
Nə qədər düşünməli və nəticə çıxarmalı bir məsələdir, ciddi və ciddi olduğu qədər də ağrılı məsələ!
AAK-ın sədr əvəzi Vəli Hüseynovdan Mehriban Əliyevaya şikayət-YENİLƏNDİ

Hörmətli Mehriban xanım!
Azərbaycanın birinci vitse-Prezidenti olaraq elmimizin qeyd olunan kimi, biznesə çevrilməsinin qarşısının alınmasında Sizə böyük ictimai ümid və inam var. Təcrübə göstərir ki, elmi adlardan, müdafiələrdən biznes məqsədləri üçün istifadə əsasən Prezident yanında Ali Attestasiya Komissiyasından başlayır və nöqtələnir. Saxta və ya digər əyri yollarla professor adı alan şəxs auditoriyaya girir və onun tələbələrə hansı elmi öyrədəcəyi artıq bəlli olur. Nəticədə həmin məzunların elmi düşüncəsi həmin professorun elmi dünya görüşü çərçivəsindən kənara çıxa bilmir. Belə məzunlara Azərbaycan elminin gələcəyini necə etibar etmək olar?
Mən mətbuatdan oxudum ki, hazırda Azərbaycan Prezidenti yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov, 2003-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olmuş, 2004-2010-cu illərdə həm də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin bir İnstitutunda Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. O, 2010-cu ildə birdən-birə AAK-da sədrin müavini vəzifəsinə təyin edilib. Halbuki AAK elə bir strateji yerdir ki, Azərbaycan elminin yetirməsi olan alimlərin yolu buradan başlayır. Əgər bu yola kimsə biznes gözü ilə baxırsa, deməli, Azərbaycanın düşməni kimi də qəbul olunmalıdır. KİV-də yazılanlardan isə bəlli olur ki, AAK-ın sabiq sədri akademik A.Mehdiyev dünyasını dəyişəndən sonra, yəni 2016-cı ildən V.Hüseynov AAK sədrini müvəqqəti əvəz edir. Lakin elə həmin vaxtdan da AAK-ın özünün daxilində qalmaqalların, Prezident Administrasiyasına göndərilən şikayətlərin bünövrəsi qoyulub. Bu qısa zamanda AAK-da şöbə müdirinin müavini Səadət Zeynalova ilə AAK sədrini müvəqqəti əvəz edən Vəli Hüseynov arasında ciddi qarşıdurma yaranıb, sonuncunun haqqında Prezident Administrasiyasına şikayət göndərilib. Bu azmış kimi, Vəli Hüseynov bir müddət əvvəl isə AAK Dissertasiya şuraları və attestasiya sənədləri şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Lətifə Ələkbərzadə ilə qırğına çıxır, iclasda xanım əməkdaşı təhqir edir, bir gün sonra isə ondan üzr istəyir.
Belə yerdə elmin inkişafına dəstəkdən danışmaq olarmı? Görünür, elə Əməkdar elm xadimi Şahbaz Muradov mətbuatda əbəs yerə həyacan notları ilə demirdi ki, «Vəli Hüseynov, siz bilməlisiniz ki, «Şah qanun deyil, qanun şahdır, “Cidanı çuvalda gizlətmək olmaz”, nə qədər çətin olsa da son anda xeyir şərə, mərd namərdə qalib gəlir. Çünki: “Haqq nazilər, amma üzülməz””.
Bəli, AMEA İctimai Elmlər Bölməsinin Büro və AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki D.01.181 Dissertasiya Şurasının üzvü, AMEA-nın müxbir üzvü, i.e.d., professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Şahbaz Musa oğlu Muradovun mətbuatda dərc olunan və elə Vəli Hüseynova ünvanlı “Açıq Məktub”u onu deməyə əsas verirdi ki, AAK-a elə sədr-rəhbər təyin edilməlidir ki, ən azı sələflərinin adına layiq olsun, Azərbaycan elminin təəssübünü çəksin, cənab Prezident İlham Əliyevin elmimizə olan diqqət və qayğısına layiq olan alimlərin ortaya çıxarılmasına, elmi müdafiələrin biznec maraqlarından tam uzaq olmasına səy göstərsin. İndiki halda isə, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov bu etimadı doğrulda bilmir. İnanırıq ki, Siz Azərbaycan elminin uğurlu gələcəyi naminə bu problemin həllinə əncam çəkəcəksiniz. Bunlar mənim bir vətəndaş, elmi yaradıcılıqla məşğul olan gənc alim kimi ürək sözlərimdir, Vəli Hüseynova qarşı qərəzdən uzaqdır, yalnız elmimizin təəssübkeşliyinə hesablanmışdır….
«Təzadlar»dan: təəssüflər olsun ki, AAK-da son bir ildə baş verənlər dərindən düşünməyə əsas verir və inanırıq ki, hörmətli akademik Ramiz Mehdiyevin ürək ağrısı ilə yazdığı kimi, elmimizin bəzi şəxslərin biznes maraqlarından uzaq olması üçün çox işlər görüləcək…

İnterpress.az