Rusiya və İranla necə davranaq – partiya sədrlərindən təkliflərbackend

Rusiya və İranla necə davranaq – partiya sədrlərindən təkliflər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ məsələsində regionun iki böyük dövləti Rusiya və İranın mövqeyinin ciddi əhəmiyyət daşıdığı bəllidir. Rusiyanın Ermənistana siyasi, hərbi dəstəyi, İranın isə Ermənistanın iqtisadiyyatının ayaq üstə qalmasında önəmli rol oynaması işğalçı ölkənin Dağlıq Qarabağ məsələsində dirəniş göstərməsində öz sözünü deyir.

Bəs, Azərbaycan Dağlıq Qarabağ məsələsinə münasibətdə Rusiyanın və İranın ən azından neytral qalması, yaxud da Azərbaycanın yanında olması üçün nə etməlidir

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı 26 il ərzində qonşu dövlətlər olan Rusiya Federasiyası və İran İslam Respublikası ilə normal qonşuluq münasibətlərini saxlamaqla balanslaşdırılmış siyasət yürütməkdədir. Buna baxmayaraq sirr deyil ki, adı çəkilən hər iki dövlət təkcə Dağlıq Qarabağ məsələsində yox, digər məsələlərlə əlaqədar da davamlı olaraq ölkəmizə qarşı heç də xoş olmayan siyasət yürüdürlər: “Əlbəttə ki, İran və Rusiyanın müstəqil Azərbaycan dövlətinə münasibətində tarixi faktorların da rolu danılmazdır. Bildiyimiz kimi, Azərbaycan hələ iki əsr əvvəl məhz bu dövlətlər arasında bağlanmış Türkmənçay və Gülüstan müqavilələri ilə ikiyə bölünüb.

Bugünkü dünya düzənində Azərbaycan dövlətini zəiflətmək və özündən asılı vəziyyətə salmaq istiqamətində açıq-aşkar siyasət yürütməyin mümkün olmadığı səbəbi ilə bu dövlətlər bir sıra məsələlərdə, xüsusilə də ən ağrılı və zəif yerimiz olan Dağlıq Qarabağ məsələsində düşmən tərəfə dəstək verməklə öz siyasətlərini yürütməkdədirlər. Məsələn, Rusiya Minsk qrupunun həmsədrlərindən biri olaraq neytrallıq nümayiş etdirmək əvəzinə Ermənistanla hərbi müttəfiqlik barədə saziş bağlayıb və işğalçı dövləti müasir silahlarla silahlandırır. Əslində Dağlıq Qarabağ probleminin mövcudluğu və torpaqlarımızın işğalında da bu dövlətin “xidmətləri” də heç kimə sirr deyil. Eyni zamanda İran dövləti islam ölkəsi olmasına baxmayaraq din qardaşları olaraq bizdən daha çox Ermənistana hərtərəfli, xüsusilə də ticari əlaqələrini genişləndirməklə iqtisadi dəstək verir. Hesab edirəm ki, bütün deyilənlərə rəğmən Azərbaycan hər iki dövlətlə əvvəlki kimi balanslı siyasətini davam etdirməli, eyni zamanda bir qədər fərqli siyasət yürütməlidir”.

A.Əlizadə hesab edir ki, Azərbaycan dövləti olaraq öz haqlı mövqeyimizi daha qətiyyətlə diqqətə çatdırmalıyıq: “Məsələn, bugünkü İranın inzibati ərazisində 30 milyondan artıq soydaşımız yaşayır. Bir sıra elementar hüquqlardan, həmçinin ana dilində təhsil almaq hüququndan məhrum olan bu soydaşlarımıza dövlət səviyyəsində dəstək olmaq lazımdır. Bu insanlar Azərbaycanın bir parçası olduqlarını və Azərbaycan dövlətinin qayğısını daima hiss etməlidirlər. Eləcə də tarixi Azərbaycan torpaqları olan Dərbənd ətrafında və Rusiya Federasiyasının digər regionlarında daimi yaşayan və işləmək üçün bu ölkəyə üz tutmaq məcburiyyətində qalan soydaşlarımıza hər sahədə daha aktiv dəstək nümayiş etdirməliyik.

Bununla yanaşı Azərbaycanın Qərbə inteqrasiyası davamlı və sürətli olmalıdır. Yəni bu illərin təcrübəsi onu deməyə əsas verir ki, yalnız sivil qonşuluq münasibətləri saxlamaqla adı çəkilən dövlətlərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olacağına inanmaq sadəlövhlükdür. Bu dövlətlərin demokratik dəyərlərə söykənərək qərbyönlü siyasət yürüdən müstəqil və güclü Azərbaycanın yanında olmağa çalışacaqları daha realdır”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, Azərbaycanın Rusiyaya və İrana təsir imkanları kifayət qədərdir. Azərbaycan Rusiya ilə münasibətlərdə Türkiyə ilə birgə hərəkət etməlidir.

İlk öncə Rusiyadan asılılıq ortadan götürülməlidir. MDB-yə daxil olan türk dövlətlərinin bu məsələdə fəaliyyəti koordinasiya olunmalıdır: “MDB-yə daxil olan dövlətlərin palamentlərində bu məsələ müzakirə olunmalı və qərarlar verilməlidir. Rusiya tərkibindəki federal subyektlərlə əlaqələr yaradılmalıdır. Ən əsas məsələlərdən biri Rusiyadakı Azərbaycan diasporunun bu istiqamətdə aktiv fəaliyyəti olmalı, Azərbaycan diasporu ciddi təşkilatlanmalıdır.
İrana gəldikdə, burda resurslar daha çoxdur. Faktiki olaraq Ermənistanın dünya bazarı ilə əlaqələri, bütün iqtisadi təminatları İran vasitəsilə, İranın Azərbaycan türkləri yaşayan ərazisi ilə həyata keçirilir. Hesab edirəm ki, həmin vilayətlərdə bu məsələnin müzakirəsini təşkil etmək, qardaşlaşmış şəhər və s. vasitəsilə bu məsələni gündəmə gətirmək lazımdır.

İranda Xocalı soyqırımı abidələrinin inşasına nail olunmalı, eləcə də Azərbaycan dini icması İranın din xadimlərinin Qarabağ məsələsinə münasibətinin ortaya qoyulmasına nail olmağa çalışmalıdır. İran cəmiyyəti ilə təmaslar gücləndirilməlidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının konfranslarında təcavüzkar Ermənistana dəstək olan müsəlman ölkələri məsələsini qaldırmalıdır”. (musavat)

İnterpress.az