Samir Şərifov və Zahid Oruc arasında — Beynəlxalq Bank gərginliyibackend

Samir Şərifov və Zahid Oruc arasında — Beynəlxalq Bank gərginliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclas dövlət və icmal büdcəsinin müzakirəsinə həsr edilmişdi. Nazirin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosedurunda heç bir sərmayədar ziyan çəkməyib. Bu bəyanat həm parlamentdə, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Millət vəkili Zahid Oruc bildirib ki, ölkənin bütün pulları ABB-nin xarici borclarının ödənilməsinə xərclənilir. Əslində Zahid Oruc yeni fikir səsləndirməyib, cəmiyyətdə və ekspertlərin dilində dolaşan fikri təkrar edib. Amma cəmiyyətdə gedən söhbətlərdən xəbərdar olan nazir bu fikirlə razılaşmayıb və müzakirələri başqa məcraya yönəldib.

Samir Şərifov etiraf edib ki, dövlətin bütün pulunun ABB-nin borclarının xarici kreditorlar qarşısında bağlanmasına xərcləndiyi barədə təsəvvür yaranıb. Əslində bu belə deyil.

Maliyyə naziri deyib: \”ABB kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməlidir, əks halda onun defoltu elan edilə bilər. Sonra bankın iflası proseduru başlaya bilər və ABB-nin müştəriləri olan şirkət və sadə vətəndaşların hüquqlarının qorunması ilə problemlər ortaya çıxa bilər. Bankın səlahiyyətlərini özünə götürən dövlət yeganə düzgün yolu seçib. Bəli, bu bizim xarici borcumuzun 2.4 milyard dollar artması ilə nəticələnib. Amma görülən tədbirlər nəticəsində bankın vəziyyəti yaxşılaşır. Düşünürəm ki, ABB öz işini normal rejimdə davam etdirə bilər\”. Samir Şərifov əlavə edib ki, bankın borcunu üzərinə götürməklə hökumət 300 milyon dollar qənaət edib.

Bu gün Beynəlxalq Bankın üzərindəki təhlükə dəf olunub, reytinqi həqiqətən də yaxşılaşır. Bu məsələdə nazirin fikrini müzakirə etməyə hazırlaşmırıq. Amma burada deyəsən bəzi anlaşılmazlıqlar vaar. İclasda iştirak etməyən insanlar üçün birmənalı nəticə çıxarmaq çətindir. Amma deyəsən deputat və nazir bir-birlərini başa düşməyiblər. Zahid Orucun fikirlərində həqiqətin payı az deyil.

Azərbaycanda və onun hüdudlarından kənarda da hamıya məlumdur ki, ABB-nin keçmiş rəhbərliyinin \”ağıllı\” iş bacarığı sayəsində ölkəyə 15 milyard manat ziyan dəyib. Bu ziyanı isə bank rəhbərliyi yox, əhali və Azərbaycan dövləti ödəyir.

Ölkənin illik büdcəsinə bərabər olan borcu biz hələ uzun müddət ödəməli olacağıq. Azərbaycan ABB rəhbərliyinin talan etdiyi milyardları ödəyəcək. Bu, eləcə də xarici kreditorlar qarşısında götürülən öhdəliklərə də aiddir.

Beynəlxalq Bankın üzərindəki təhlükə buludu çəkilib, bu məsələdə Samir Şərifovla razılaşmaq olar. Bankın maliyyə mövqeyini bərpa etmək üçün onun problemli aktivləri \”Aqrarkredit\”ə ötürülüb. \”Aqrarkredit\” isə bu aktivlərin əvəzində ABB-ni likvid vəsaitlə təmin edir. Hökumətin bankın xarici kreditlərinin restruktruzasiyasına yönəldilmiş səylərini də qeyd etmək lazımdır. Amma Azərbaycan gələn il özəlləşdirilməsi planlaşdırılan ABB-dən ibarət deyil.

Qeyd etmək lazımdır ki, ölkənin bank sektorunun sağlamlaşdırılması prosesi hələ bir neçə il davam edəcək. Məhz bu barədə maliyyə naziri məlumat verib. ABB ölkənin bank sisteminin məhz bu vəziyyətə düşməsində ABB-nin rolu az deyil. İflic vəziyyətdə olan bankların iqtisadiyyata hansı zərbələr vurduğu isə məlumdur. Deməli, bu bir neçə il ərzində iqtisadiyyatımız da əziyyət çəkəcək. Dövlətin və şirkətlərin beynəlxalq reytinqləri də aşağı düşüb. Bəs bu ölkənin böyükmiqyaslı ziyan çəkməsindən xəbər vermir? Deməli Zahid Orucla razılaşmaq lazımdır.

Göründüyü kimi, bu müzakirədə haqsız tərəf yoxdur. Təbii ki, günahkar nə Azərbaycan xalqı, nə deputatlar, nə də nazirlərdir. Günahkar ölkəni bu vəziyyətə salan oğru və xəzinə talançılarıdır. Xalqın vəsaitlərinin qayğısına qalan deputat və çətin maliyyə vəziyyətini normallaşdıran maliyyə naziri bu məsələyə öz nöqteyi-nəzərlərini ortaya qoyurlar. Açığı, bu tip müzakirələri çoxaltmaq lazımdır. Məhz bu müzakirələr sayəsində cəmiyyətdə danışılan şəffaflığı tam təmin etmək mümkündür. ( olke.az )

İnterpress.az