“Sapı özümüzdən olan baltalar”backend

“Sapı özümüzdən olan baltalar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Məhəmməd Peyğəmbərin xəbəri olmayan cərəyanlar islamı parçalayır\”

\”Azərbaycanın müstəqilliyinə, bu günkü mövcudluğuna qarşı olan qüvvələr bir neçə cəbhədən hücuma keçiblər”.

Bu barədə \”Sherg.az”a İraq ordusunun İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadını saxlamasına münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli bildirib.

Deputatın qənaətincə, dilimizə, dinimizə, əxlaqımıza qarşı çox böyük mübarizə var:

\”Bu mübarizə gizlin və ya açıq formada həyata keçirilir. Məsələn, Ermənistan açıq formada düşmənçilik edir, amma digərləri gizli təxribatlar aparır. Bu, islam dünyasının özündən qidalanır. Sifarişçi hansı ölkədir, hansı xristian aləmidir, fərqi yoxdur, işi icra edən \”sapı özümüzdən olan baltalardır”.

Terrorda şübhəli bilinənlər üzərlərində xüsusi işlənmiş insanlardır. Onların əxlaqını, düşüncəsini dəyişdirirlər. Burada ilk olaraq psixoloji təsir vasitələri, ikinci isə maddiyyat məsələləri çox güclüdür. Ona görə, məsələ ciddiliyini saxlayır.

Millət, dövlət üçün ən qorxulu hal dini formada edilən təzyiqlərdir. İslam əxlaqı bizim əxlaqımızdır, bununla yaşayırıq. Hətta molla dəfn mərasimində ölünün qulağına nə isə pıçıldayır. Bu, islam qanunlarıdır. Amma təəssüf ki, inandığımız Məhəmməd Peyğəmbərin xəbəri olmayan cərəyanlar islamı parçalayır. Həmin cərəyanlar islamın bel sütununa arxadan vurulmuş qılıncdır.

İŞİD-in arxasında ona qoşulan qadınlar, insanlar durur. Ruhu əlindən alınmış, əxlaqı pozulmuş, millətini, dövlətini unudub, müxtəlif təsirlərlə bu işə qoşulurlar. Çox ciddi məsələdir. Aidiyyəti qurumlar kifayət qədər diqqətli olmalıdırlar. Gözümüzün qabağında dolaşan qara geyimli insanlar araşdırılmalıdır.

İnam insanın əxlaqı, varlığıdır. Allahsız insanlar çox qorxuludur. Amma nəyə inam, nəyə itaət olunur ? Bax, bu, aydınlaşdırılmalıdır. Ona görə, həmin qadınlar doğrudan da Azərbaycanın adını korlayıbsa, ilk növbədə allahın qarşısında günahkardır. İŞİD nə ilə mübarizə aparır, nə uğrunda mübarizə aparır? Bu gün Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək məsələsi vacib olmalıdır. İŞİD isə sadəcə ərəb ölkələrini işğal etmək üçün yaradılmış siyasi vasitədir”.

Qeyd edək ki, Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını söyləyib.

İnterpress.az