Əli Əhmədov: “Kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub”backend

Əli Əhmədov: “Kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın yaranmasının 25 illiyinə həsr olunan kampaniyaya bu gün Bakı ətrafında start verilib. Zirə-Qala yolunda yerləşən geniş ərazidə həyata keçirilən ağacəkmə kampaniyasına Yeni Azərbaycan Partiyasının Sədr müavini, baş nazirin müavini Əli Əhmədov, partiyanı təmsil edən Milli Məclis üzvləri, hökumət təmsilçiləri, gənclər təşkilatları nümayəndələri qatılıblar.

Jurnalistlərə açıqlama verən Əli Əhmədov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası istər regionda, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik olan siyasi təşkilatlar sırasında yer almaqdadır: “Belə ki, ötən 25 ildə partiya ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, inkişaf və tərəqqisində, eləcə də digər sahələrdə öz töhfələrini verib və bu gün də həmin siyasi kurs əldə edilən çoxsaylı nailiyyətlərlə davam etdirilir”.

“Eyni zamanda, hakim partiya olaraq, YAP hər zaman öz xoş ənənələri ilə uğurlara imza atmaqda davam edir”-deyə vurğulayan Yeni Azərbaycan Partiyasının Sədr müavini, baş nazirin müavini hazırkı ağacəkmə kampaniyasının da özündə bu amili ehtiva etdiyini deyib: “Kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub”-deyə vurğulayan Əli Əhmədov bildirib ki, hazırda partiyanın 700 min üzvü var və 700 min ağacın əkilməsi təşəbbüsü bu rəqəmi simvolik olaraq xarakterizə edir.

Əli Əhmədov onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəsinin, vətəninin inkişafı, tərəqqisi üçün var qüvvəsi ilə çalışır və bu faktor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən mütərəqqi siyasətlə davam etdirilməkdədir.

O, həmçinin vurğulayıb ki, bənzər təşəbbüsün həyata keçirilməsi eyni zamanda ətraf mühitin daha da yaxşılaşdırılmasına, insanların sağlamlığına da öz müsbət təsirlərini göstərir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası tərəfindən qoyulan bu ənənə davamlı olaraq reallaşdırılacaq.

Qeyd edək ki, ağacəkmə kampaniyasına qatılan millət vəkilləri, eləcə də Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri, tanınmış ictimai-siyasi nümayəndələr də bu təşəbbüsü yüksək qiymətləndirərək, partiyanın fəaliyyətinə uğurlar arzulayıblar.

İnterpress.az