“Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçəcədə gecələməyə məcbur edibbackend

“Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçəcədə gecələməyə məcbur edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə haqqında daha dəqiq məlumat almaq üçün \”Ölkə.Az\” saytının əməkdaşı Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə olub.

Ərazi sanki cənnətlə cəhənnəmin kəsişməsi, qovuşması, qonşuluğunu xatırladır. Bir tərəfdə göstərişli, milyonluq villalar, digər tərəfində isə üfunət, zir-zibil içərisindəki sınıq-salxaq daxmalar. Dünən \”Qaçqınkom”un nümayəndələri, polislər əraziyə gələrək ailələrin köçürülməsinə start verildiyini bildirib. Ailələr qaçqın və məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə yox, Xətai rayonu, Tellov küçəsində tikilmiş çoxmərtəbəli binaya köçürüləcəyi deyilib.

Zəruri qeyd, qaçqın və məcburi köçkünlərin köçürüləcəyi binanı \”Şərur\” MTK tikib, ancaq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünləri evlərlə təmin etmək üçün həmin binanı satın alıb.

Cəhənnəmdən cənnətə köçənlər

Köçürülmə xəbəri sevinclə qarşılanıb. Niyə də sevinməsinlər? Artıq ciyərləri təmiz hava qəbul edəcək, gözləri zir-zibilsiz yer görəcək, ayaqları palçığa həsrət qalacaq. Orada yaşayan ailələrin dili ilə desək cənnətə gedəcəklər. Cənnətdən çox danışdıq, bəs cəhənnəm hardan çıxdı?

Gələk cəhənnəmə. 10 ailə əşyalarını \”Qaçqınkom”un ayırdığı maşınlara yükləyərək üz tuturlar cənnətə. Maşınlar dayanır, əşyalar boşaldılır, evlərə getmək istəyəndə binanın komendantı belə desək deyir ki, cənnətin qapıları bağlıdır.
Sən demə, ailələri köçürən \”Qaçqınkom” binadakı digər məsələləri həll etməyibmiş. Komendant hətta bildirib ki, sizin buraya köçməyinizdən xəbərimiz belə yoxdur. Köçən ailələrə tək köməklik kimi əşyalarını binanın bloklarına yığmaq olub.

İndi irad tutmağa çalışacaqsınız ki, bəs oraya yerləşə bilmirdilərsə niyə geri qayıtmayıblar? Əla iraddır. Amma və lakin köçürülmə başlayan kimi yanğından mal qaçırırmışcasına ekskavatorlar boşalmış evləri uçurmağa başlayıblar. Nə geriyə dönüş var, nə də binaya buraxılış. Bakı şəhərində qohumları olanlar qohum evinə gedir, qohum evi olmayan 8 ailə isə binanın qarşısındakı çardağın altında gecələməli olurlar.

Gecəni binanın qarşısında keçirənlərdən biri Nazilə adlı xanım bildirir ki, 8 ailədən biri körpə uşaqlı idi, uşaq soyuqdan ağlayırdı, binada yaşayanlardan birinin rəhmi gəlib körpə uşaqlı ailəni öz evinə dəvət edib. Digərləri isə səhəri çardaqda açıblar. Səhər açılar açılmaz ailələr üz tutublar \”Qaçqınkom”a. \”Qaçqınkom”da ailələri qarşılayanlar öz məsuliyyətsizliklərini boyunlarına alıb, üzr istəyiblər və bildiriblər ki, gün sonuna qədər bina rəhbərliyi ilə aralarındakı problemi həll edəcəklər.

Köçürülən ailələrlə söhbət zamanı məlum olur ki, onlar \”Qaçqınkom”da olarkən komendant zəng edib və axşam saatlarına qədər məsələ həll olunmasa binanın bloklarına yerləşdirilmiş ailələrin əşyaları küçəyə atılacaq.

Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində olarkən \”Qaçqınkom”dan qayıdan ailə rəhbərləri gəlib keçmiş, uçurulmuş daxmalarına baxırlar. Baxışlarda bir həsrət sezilir. Heç biri danışmaq istəmir. Əsəblər tarıma çəkilib, başlarına nə gələcəyini bilmirlər. Sözün əsl mənasında ortalıqda qalıblar.

Qaş düzəltmək yerinə göz tökən \”Qaçqınkom\” ailələri yerləşdirə biləcəkmi? Bəlkə də hə, bəlkə də yox. Həyatdır, hər şey ola bilər. Ancaq dəqiq bilinən bir şey var ki, digər 500-ə yaxın ailə dəqiqləşmə olmadan buradan köçməyəcək.

İnterpress.az