Rza Zərrab məsələsi: Ərdoğana qarşı kompromat savaşı?backend

Rza Zərrab məsələsi: Ərdoğana qarşı kompromat savaşı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ABŞ həbsxanada saxlanılan türkiyəli iş adamı Rza Zərrab yenidən medianın gündəm mövzusuna çevrilib. ABŞ-ın İrana qarşı embarqo qərarını pozmaqda, həmçinin bank saxtakarlığı, çirkli pulların yuyulması, ABŞ qanunlarını pozmaq kimi maddələrlə ittiham olunan İran əsilli Rza Zərrabın məhkəmə prosesi davam edir.

Ancaq noyabrın 11-də gözlənilmədən ABŞ Həbsxanalar Bürosu Rza Zərrabın azad edilməsi ilə bağlı xəbər yayıb. Bu hadisə ən çox Türkiyədə böyük rezonans doğurub. Türkiyə XİN ABŞ-a nota verərək Zərrabın harada olduğu ilə bağlı məlumat tələb edib. Notada həyat təhlükəsizliyinin narahatlıq doğurduğu qeyd edilib. Məsələ ondadır ki, bu ilin sentyabrında da Zərrabın azad edilməsi barədə xəbərlər yayılmış və daha sonra bunun texniki bir yanlışlıq olduğu bildirilmişdi. Bu dəfə vəziyyət daha dramatik olub. Noyabrın 11-də ABŞ Federal Həbsxanalar Bürosunun saytında “09135-104 nömrəli məhkum Rza Zərrabın noyabrın 8-də azadlığa buraxıldığı” haqda məlumat yer alıb. Məlumatda Zərrab barəsində “34 yaşlı, ağ dərili, kişi” bilgiləri də yer alıb.

Bundan sonra mediada Zərrabın yoxa çıxdığı, yerinin də məlum olmadığı və türkiyəli vəkilləri ilə görüşmədiyi barədə məlumatlar yayılıb. Eyni zamanda amerikalı vəkilləri də Zərrabla görüş barədə məlumat verməyib. Bu isə şübhələrə səbəb olub. Bütün bu şübhələr sonunda Türkiyə XİN-in notasına səbəb olub. Notaya cavab olaraq ABŞ hökuməti “Zərrab federal həbsxanada saxlanılmaqda davam edir” kimi açıqlama yayıb. Eyni zamanda prokurorluq noyabrın 27-də Zərrabın Andlılar Heyəti qarşısında məhkəməyə çıxarılacağı, eləcə də bu günlərdə daha bir prosesinin olduğunu bildirib.

Xatırladaq ki, İrana tətbiq olunan embarqolar zamanı Türkiyə üzərindən gizli ticarət həyata keçirərək “qara bazar”da İran nefti və qazının satışını təşkil edən şəbəkənin Türkiyədəki əsas “kasalarından” biri kimi tanıdılan Rza Zərrab 2016-cı ildə ABŞ-a səfəri zamanı Florida ştatında həbs olunub. Rza Zərrab ABŞ-ın İrana qarşı embarqo qərarını pozmaqda, həmçinin bank saxtakarlığı, çirkli pulların yuyulması, ABŞ qanunlarını pozmaq kimi maddələrlə ittiham olunur və haqqında 50 milyon dollar cərimə və 90 il həbs tələbi var. Noyabrın 27-də Rza Zərrab Andlılar Məhkəməsinə çıxarılacaq.

Ancaq bu iş, necə deyərlər, yalnız Zərrabla yekunlaşmır. Bunlardan ən mühümü Türkiyənin dövlət bankı olan “Halkbank”ın baş direktorunun müavini Mehmet Hakan Atilladır. M.H.Atilla bu il martın 27-də Nyu-York Hava Limanında həbs olunub. O da Zərrab kimi İrana qarşı ABŞ embarqosunu pozmaq və Amerika maliyyə sistemini aldatmaqda ittiham olunur. Ancaq o, ittihamları rədd edir. Nyu-York cənub dairə prokuroru Hakan Atilla barəsində 2 milyon dollar cərimə və 50 ilə qədər həbs cəzası tələb edir.

Qeyd edək ki, Rza Zərrab prosesinin dövlət ittihamçısı Riçard Bermandır. Berman bu prosesə 2017-ci ilin aprelində təyin olunub. O, məhkəmə proseslərini barışıq yolu ilə həll etməyə və prosesi sürətlə yekunlaşdırmağa çalışan bir prokuror olaraq tanınır. Ancaq Berman Hakan Atillanın zaminə buraxılması təklifini rədd edib. Türkiyə rəsmiləri isə nyu-yorklu prokurorun F.Gülən qruplaşmasına yaxın olduğunu bəyan edib.

Qeyd edək ki, Rza Zərrabı Amerikada “vəkillər ordusu” müdafiə edir. Bunların arasında Nyu-Yorkun keçmiş bələdiyyə başçısı Rudolf Culiani, eləcə də Corc Buş zamanında ABŞ-ın ədliyyə naziri postunu tutmuş Maykl Makeysi də var. Bu adamların Türkiyə hakimiyyəti ilə əlaqələrinin olması ABŞ mediasına bir sıra yazılar dərc olunub.

Rza Zərraba qarşı ittiham aktını hazırlayan ilk prokuror isə Hindistan əsilli prokuror Pret Bharara idi. Ancaq daha sonra Bhrara Tramp tərəfindən vəzifəsindən çıxarılıb.

Göründüyü kimi, Rza Zərrab işi kifayət qədər siyasiləşib. Söhbət bu işlə bağlı ittiham aktında Türkiyə rəsmilərinin də adının getməsidir. Çünki Qərb mediasının yazdığına görə, ittiham aktlarında Rza Zərrabın atası, eləcə də Türkiyədə 2013-cü il 17-25 dekabr arasında baş verən həbs işləri də var. Bu isə Türkiyədə siyasi hakimiyyətə qarşı ittihamlara yol aça bilər. Türkiyə və bəzi Qərb mediası Rza Zərrab işinin böyüyüb Türkiyə rəsmilərinə qədər gedib çıxması mümkündür. Söhbət İrana qarşı embarqonun gizli şəkildə pozulması və İran enerji məhsullarının – neft və qazın qara bazara Türkiyə üzərindən çıxarılması, eləcə də nağd olaraq qızıl vasitəsilə aparılan ödəmələrin yenə də Dubay üzərindən Türkiyə vasitəsilə İrana çatıdırılmasıdır. Bu prosesdə böyük bir gizli şəbəkənin olması ehtimal edilir. ABŞ-da hazırkı Türkiyə hakimiyyəti ilə soyuq münasibətləri olan rəsmilər Rza Zərrab işinin arxasında Türkiyə siyasi dairələrinə yaxın fiqurların üzə çıxarılması və ittiham dairəsinin genişlənməsində maraqlıdır. Yeri gəlmişkən, Türkiyə mediası Zərrab işində yeni bir şahidin də əlavə olunduğunu yazıb. Ancaq hələlik bu şəxsin kimliyi və adı açıqlanmır.

Rza Zərrab işi Vaşinqtonun əlində Ankaraya qarşı ən ciddi “kozırlardan” biridir. Zərrabın buraxılması ABŞ və Türkiyə arasında ən yüksək səviyyədə anlaşma ola bilər ki, hazırda bu ehtimal xeyli zəifdir. Ancaq ehtimal ki, Zərrab işində hələ yeni adlar və ittihamlar ortaya çıxacaq və bunun vasitəsilə Ankaraya qarşı kompromat olaraq istifadə olunacaq. (musavat)

İnterpress.az