Azərbaycan Brüssel Sammitini boykot edə bilər – Dağlıq Qarabağa görəbackend

Azərbaycan Brüssel Sammitini boykot edə bilər – Dağlıq Qarabağa görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 24-də Avropa İttifaqının Brüssüldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində elan ediləcək potensial birgə bəyanatın bir paraqrafının mətninə görə Ermənistan və Azərbaycan arasında mübahisə yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə avropalı diplomatlar \”Azadlıq\” radiosuna məlumat veriblər.

Məlumata görə, Avropa İttifaqı “Şərq qonşuluğu” yekun bəyannaməsində spesifik olaraq müxtəlif münaqişələrin adları ilə qeyd edilməsini istəmirdi. Təklif olunan mətndə qeyd olunur ki: “Sammit iştirakçıları regiondakı münaqişələrin beynəlxalq norma və prinsiplərə uyğun şəkildə çözümü üçün yeni səylərə çağırırlar. Münaqişələrin həlli – qarşılıqlı etimadın və yaxşı qonşuluğun bərqərar edilməsi, iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün mühüm faktorlardır”.

Avropa İttifaqının diplomatik mənbələrindən verilən məlumata görə, Ermənistan və Azərbaycan bu bəyannamənin mətnindəki paraqraflardan birinə qarşılıqlı ziddiyyət təşkil edən cümlələrin əlavə edilməsini istəyirdilər. Ona görə də rəsmilər Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş sammitində baş verənlərin təkrar olunacağından ehtiyat edərək, sonunda bu paraqrafın açıq saxlanması və onun sammit başlanarkən liderlərin müzakirəsinə verilməsi barədə razılıq əldə ediblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc AzNews.az-a bildirib ki, Avropa İttifaqının Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması hər kəsə məlumdur. İndiki halda isə bizi noyabrın 24-də Brüsseldə hazırlanan sammit öncəsi iki ölkə arasındakı münasibətlərin ora necə daşınması yox, Avropa Birliyinin bütövlükdə possovet məkanı ölkələrinə vahid bir modeldən yanaşmağı bacara bilib-bilməyəcəyi maraqlıdır. Ermənistanın özü ilə bağlı hər hansı bir sənədlərdə Qarabağla bağlı müddəalara istinad etməsi və onu ortaya qoyması açıq-aşkar pozuculuq fəaliyyətidir və Avropa Birliyi buna getməməlidir:

\”Avropa İttifaqı prinsiplərini müxtəlif dövlətlərin hikkəsinə qurban verəcəksə, bu heç də üzv dövlətlər üçün bu qurumu cazibədar edə bilməz. Maraqlıdır, Qərb təşkilatları, bu sırada Avropa Birliyi Azərbaycanı Qarbağsızmı görür? Onlar bir neçə dəfə bu problemi müxtəlif sammit və toplantılarda ikili mövqe ilə təqdim etməyə çalışıblar. Və Azərbaycan tərəfi Riqa Sammitində ölkə rəhbərinin iradəsi ilə bu məsələyə müdaxilə edibdir. İndi Avropa Birliyi demək istəyir ki, baxın, biz Kataloniya məsələsində fərqli mövqe tuta bilərik, amma Qarabağ məsələsində Rusiyanın istəklərini yerinə yetirmək üçün Azərbaycanı qurban verməyə hazırıq. Əlbəttə, bu, bir cinayət olardı. Azərbaycan da buna heç vaxt yol verməyəcək. Ona görə də əminəm ki, dövlət başçısı bu qurumla, ona daxil olan dövlətlərlə ikitərəfli münasibətlərdə mühüm məsafələri qət etməyimizə rəğmən, heç bir halda Azərbaycanın milli məsələlərində güzəştə getməyəcək. Bu, çox aydın şəkildə bəllidir ki, Şərq tərəfdaşlığı siyasətinin məqsədi 6 dövləti Rusiyanın çevrəsindən qoparmaq və siyasi-iqtisadi cəhətdən öz sisteminin içərisinə salmaq, gələcəkdə NATO üzvü etməkdir. Bu strateji gediş hər kəsə bəllidir. Ermənistan həmin sammitdə Qarabağ məsələsi üzərindən hansısa tələblər, ultimatumlar irəli sürür. Amma Azərbaycan tərəfindən imzalanmayacaq sənədlər bütövlüklə bu qurumla münasibətləri zədələyə bilər. Bu isə uzun illər ərzində Qərbin regioana xərclədiyi milyardların itirilməsi deməkdir. Çünki onlar bilirlər ki, regionda əsas həlledici tarazlıq sistemini yaradan ölkə Azərbaycandır. Bu mənada Azərbaycanla əlaqədə qarşıdakı 8 gün ərzində real addımlar atılmayacağı təqdirdə, əminəm ki, ölkə başçısı hər zaman göstərdiyi iradəni nümayiş etdirərək, ümumiyyətlə, bu tədbiri boykot edə bilər. Çünki son bir ayda cənab Prezidentlə 2 dəfə böyük bir heyətlə görüşən avropalı diplomatlar daha çox onu mesaj etmək istəyirlər ki, bizim ölkənin həmin sammitdə iştirakını çox arzulayırlar\”.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş sammitində Azərbaycanın etirazı səbəbindən mətnə dair mübahisələr yekun bəyannaməni bir neçə saat ləngitmişdi.

Şərq Tərəfdaşlığı 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa İttifaqı ilə münasibətlərinin dərinləşdirilməsi məqsədilə yaradılıb. Bu bloka Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

İnterpress.az