Azərbaycan hökuməti Meksika parlamentinə müraciət edibbackend

Azərbaycan hökuməti Meksika parlamentinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikalı deputatlar Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravonun 1992-ci ildən Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər etmələri dünya mediası ilə yanaşı, Meksika mətbuatının da diqqətində olub.

Meksikanın nüfuzlu “El Universal” qəzeti yazıb ki, 24 oktyabr tarixində Morena və PRD partiyası deputatlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna qeyri-qanuni səfərindən sonra Azərbaycan ilə Meksika arasında diplomatik konflikt yaranıb. Həmin səfər Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə həyata keçirilib.

Məqalədə bildirilir ki, Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Deputatlar Palatasına 25 oktyabr tarixində rəsmi məktubla müraciət edərək Dağlıq Qarabağda separatçı rejimin tanınmamasının bir daha bildirilməsini, ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcək bu kimi təxribatların bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsini xahiş edib. Azərbaycan tərəfindən təqdim olunmuş məktubda “adıçəkilən meksikalı millət vəkilləri tərəfindən bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna ziddir və onun məqsədi şübhəsiz ki, həmin münasibətlərə zərər yetirməkdir” deyərək qeyd olunur.

Həmçinin, kifayət qədər nüfuzlu, yerli “Milenio” qəzeti də bu barədə geniş məqalə dərc edib. “Solçu (müxalifətçi) deputatlar Azərbaycanla diplomatik konfliktə səbəb oldu” başlıqlı məqalədə qeyd edilir ki, Meksika tərəfindən qrupun həmsədri Morenalı Marqarita Kuatanın Ermənistanı dəstəkləyən bəyanatları və Azərbaycan tərəfindən icazə olmadan bu ölkənin ərazisinə səfərləri millət vəkillərinin \”persona non qrata\” (arzuolumnaz şəxs – red.) elan edilmələrinə gətirib çıxardı. “Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Viktor Giorxana Azərbaycan tərəfinin məsələ ilə bağlı çox ciddi narahatlığını təsdiq etdi və Deputatlar Palatasından həmin səfərin pislənilməsini tələb etdiyini dedi. Eyni zamanda o, məsələnin həll olunacağını və Deputatlar Palatası rəhbərliyinin sözügedən səfərin qeyri-rəsmi xarakter daşıdığını bildirdiyini vurğuladı” – deyə məqalədə qeyd olunur.

Azərbaycan hökuməti Meksika parlamentinə müraciət edib

Məsələ ilə bağlı Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun üzvü Fəzail İbrahimli AzNews.az-a açıqlamasında Azərbaycana qarşı bu cür təxribat xarakterli addımların tez-tez atıldığını, Azərbaycan tərəfinin də belə hallara dərhal reaksiya verdiyini vurğuladı:

“Meksikalı deputatların məlum səfərləri ilə bağlı Azərbaycan tərəfi hökumət və Milli Məclis səviyyəsində müraciət hazırlayaraq Meksika parlamentinə təqdim edib. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olunduğu qeyd edilib. Eyni zamanda, gələcəkdə belə halların təkrar baş verməməsi məqsədilə lazımi tədbirlərin görülməsi Meksika rəhbərliyindən xahiş edilib”.

Deputat qeyd etdi ki, Azərbaycanın ərazilərinə bu cür qeyri-qanuni səfərlərə zaman-zaman müxtəlif ölkələrin rəsmi nümayəndələri, əsasən də deputatları tərəfindən yol verilir:

“Təəssüflər olsun ki, onların böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyan, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olan şəxslərdir. Bununla belə, Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrin rəsmi nümayəndələrinin qeyri-qanuni səfərlərinin pərdə arxasında bəzi məqamlar var. Heç kimə sirr deyil ki, bu qüvvələrin arxasında erməni lobbisi dayanır. Onların birbaşa təşkilatçılığı və dəstəyi ilə anti-Azərbaycan qüvvələr öz məqsəd və məramlarına nail olmaq istəyirlər. Amma Azərbaycan tərəfi bu cür hallarla daim mübarizə aparır və hüquq pozuntularına qarşı lazımi səviyyədə adekvat addımlar atır”.

F.İbrahimli sonda “ola bilər ki, Dağlıq Qarabağa səfər edən ayrı-ayrı şəxslərin ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xəbərləri yoxdur. Bunun üçün də təbliğat vasitələrini gücləndirmək və əhatə dairəsini genişləndirmək lazımdır” – deyə, əlavə etdi.

İnterpress.az