BP, BTC və CQBK biznes əməliyyatları barədə hesabat verdibackend

BP, BTC və CQBK biznes əməliyyatları barədə hesabat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited”, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited”, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri şirkətləri tərəfindən Biznes əməliyyatları haqqında 2017-ci ilin ilk üç rübünün nəticələri barədə hesabat verib.

Hesabata əsasən, 2017-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə 339 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 890 milyon dollar əsaslı məsrəflər xərclənib. 3-cü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. Dövr ərzində AÇG-də 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılıb. Həmçinin, AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilkdə isə 2,4 milyard kubmetr səmt qazı verilib. Eyni zamanda, 9 ay ərzində Səngəçal Terminalı təqribən 211 milyon barel neft və kondensat, o cümlədən 189 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 20 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,8 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib. Terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr Şahdəniz qazı ixrac edilib.

Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə isə təqribən 101 milyon dollar, əsaslı xərclərə isə 19 milyon dollar xərclənib. 1768 km uzunluğunda olan BTC boru kəməri vasitəsilə təqribən 26 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 249 tankerə yüklənib.

Bu ilin ilk doqquz ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə isə təqribən 368 milyon dollar əməliyyat xərcləri və təqribən 2,28 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir. Dövr ərzində yataqdan 7,4 milyard standart kubmetr qaz və 1,7 milyon ton (təqribən 14 milyon barel) kondensat hasil edilib. Üçüncü rübdə “Şahdəniz Mərhələ 1”-in mövcud platformasında (Alfa) SDA10 quyusu tamamlanıb və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

Hesabatda sentyabr ayının 6-da Xəzər dənizinin yeni flaqman gəmisi “Xankəndi”nin istismara verildiyi də xatırlanır. Artıq dənizdə Şahdəniz yatağı ərazisində olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

2017-ci ilin ilk üç rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə isə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 636 milyon dollar əsaslı xərclər sərf edilib. Dövr ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub. Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir – təqribən 419 km uzunluğunda borular artıq qaynaq edilib və 380 km boru xəndəyə endirilib və üstü örtülüb. Gürcüstan ərazisində əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Əsas kəmər xəttinin istismar sınaqları 90% bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur.

Üçüncü rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. O cümlədən, şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

Hesabatda qeyd edilir ki, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir.

2017-ci ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 5,7 milyon dollar xərcləmişlər.

İnterpress.az