Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar – VİDEObackend

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 20-də Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə beynəlxalq forum davam etdirilib. Bu barədə “Yeni Müsavat”a forumun işində iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu məlumat verdi. R.Arifoğlu bildirdi ki, forum “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlanır. Forumun statusu beynəlxalq statusdadır. Forumun işində dünyaca tanınan ünlü siyasətçilər, dövlət və ictimai xadimlər, böyük media quruluşlarının təmsilçiləri, müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən diaspor rəhbərləri, Bakıdan gələn dövlət və ictimaiyyət təmsilçiləri var:

“Əslində bu, möhtəşəm Qarabağ Forumudur. Avropanın paytaxtı sayılan Brüsseldə belə bir tədbir düzənləmək, oraya dünyanın hər yerindən nümayəndə toplamaq və bir çox tanınmış simaları bu forumda iştirakçı etmək Azərbaycanın böyük uğurudur. Ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu forumdan böyük ruh və kurs alacaqlar, buna əminəm. Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun, digər dövlət yetkililərinin qatıldıqları və rəhbərlik etdikləri forum dünyaya, dost-düşmənlərimizə və Azərbaycanın Avropadakı, digər ölkələrdəki gücü olan diasporamıza ciddi mesajdır. Forum Brüsselin tam qəlbində, ”Marriott\” hoteldə keçirilir. Mən müşahidə etdim ki, forumun təhlükəsizliyi Brüssel tərəfindən yüksək səviyyədə təmin edilib. Bakıda belə səhnələrə alışmamışıq, lakin Brüsseldə bizim hotelin çevrəsini silahlı əsgərlərin qoruması olduqca maraqlı görünürdü\”.

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Forum işinə Bakı vaxtı ilə saat 1-də start verib. “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun açılış mərasimini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həyata keçirib. Proqrama görə, I Panelin iclası “Yeni dünya düzənində separatizm dalğası. Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanır.

İclasın moderatoru Francis Martin O’Donnell olub. Musavat.com bildirir ki, o, Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, BMT-nin Ukraynada rezident əlaqələndiricisi, səfir olub (2004-2009).
Spikerlər də olduqca maraqlı simalardır:

Viktor Yuşşenko, Ukraynanın sabiq prezidenti (2005-2010);
Dalia Itzik, İsrail dövlətinin prezidenti (2007) və İsrail parlamentinin spikeri (2006);
Dumitru Bragiş, Moldova Respublikasının baş naziri (1999-2001);
Hasan Muratoviç, Bosniya və Herseqovinanın baş naziri (1996-1997);

Jesus Lopez-Medel Bascones, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü;
Robert İlatov, İsrail parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri;
Antje Herrberg, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru.

Prezidentin köməkçisi Ə.Həsənov öz çıxışında bildirib ki, bugünkü forum müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunub. Azərbaycan hökuməti adından mövzu ilə bağlı fikirlərini bölüşmək istədiyini deyən PA rəsmisinin sözlərinə görə, Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənubi-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakrələrin aparılması mühüm əhəmiyyət daşıyır.

Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-dən çoxunun hərbi toqquşmalarla müşahidə olunduğunu vurğulayan Ə.Həsənov bununla bağlı nümunələri də sadaladı: “Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerariyası və Korsika, İspaniya lbasklar və Kataloniya, Serbiya ilə Kosova. Asiyada İsraillə Fələstin. Çində Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya ilə etnik münaqişələr uzun illərdir bəşəriyyəti təhdid etməkdədir. Soyuq müharibələrin başa çatmasından sonra SSRİ məkanında etnik separatizm meyllərinin yeni dalğası meydana gəlməkdədir. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensilal təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardı. Bu gün BMT, ATƏT və AŞ kimi nüfuzlu təşkilatların beynəlxalq separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biri hesab olunur”.

Ə.Həsənovun sözlərinə görə, müasir dövrdə dünyada etnik separatizm meyllərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir: “Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşahidə olunur”.
2005-2010-cu illərdə Ukraynanın prezidenti olmuş Viktor Yuşşenko isə çıxışında dünya üzərində baş verən əksər dini-etnik münaqişələrin aqressoru olaraq Rusiyanın adını çəkib. Onun sözlərinə görə, bu bölgələrin hər birində Rusiyanın hərbi bazaları yerləşir.

O, eyni zamanda münaqişə bölgələrindəki durumu təhlil edərək, ondan çıxış yolları barədə danışıb.

Bosniya və Herseqovinanın 1996-97-ci ildəki baş naziri olmuş Hasan Muratoviç separatizmin dünya ölkələrinə vurduğu ziyan barədə danışıb. Çıxışçı bildirib ki, separatizm təkcə onun baş verdiyi ərazilərdə yox, eyni zamanda ora gələn insanların həyatında da öz dərin izlərini qoyur.

Forumda çıxış edən siyasi şərhçi, jurnalist Azər Həsrət isə bildirib ki, diqqət çəkmək istədiyi əsas məsələ erməni separatizmi, erməni bölücülüyüdür: “Bu, sadəcə olaraq, ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər, sadəcə, Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsündə, torpaq iddiasında bulunurlar. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Bu günün özündə də bölücü Abxaziyanın özünün yarıdan çoxu ermənilərdən təşkil olunur. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”.

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Qısa fasilədən sonra forumun ikinci panel iclası başlayıb. “Avropada separatizm:səbəblər, nəticələr, Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” başlıqlı panelin moderatorluğunu İsrail dövlətinin fövqəladə və səlahiyyətli səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, İsrailin 9-cu kanalında veriliş aparıcısı, siyasi şərhçi, “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və ilk prezidenti İosif Şaqal həyata keçirib.

Çıxışçılar sırasında Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Ukraynanın siyasi xadimi, xalq deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy var idi.

Böyük Lüksemburq Hersoqluğu Parlamentinin sabiq deputatı, Lüksemburqun hüquqşünaslar mərkəzinin rəhbəri Jak Ayves Henks, Azərbaycanın fəxri konsulu Otto Hauser, habelə Iulian Çifu, İsrailin Netaniya akademik kollecinin strateji dialoq mərkəzinin rəhbəri, briqada generalı Sneh Efraim, Yunanıstan parlamentinin üzvü (1958-1964) (1974-2004), Yunanıstanın sabiq daxili işlər naziri, sabiq turizm naziri Ioannis Kefalogiannis, Bolqarıstan parlamentinin sabiq üzvü Stanislav Dimitrov Anastasov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi, professor Akkan Suver də çıxış edənlər sırasında idi. Hər çıxışçı Avropadakı separatizm problemlərinin ölkələr və millətlərası münaqişəni necə gücləndirdiyi barədə fikirlərini söylədi. Onlar problemlərdən çıxış yolları haqqında fərqli tezislər səsləndiriblər.

Ukraynalı deputat Oleq Medunitsiya separatizmi bir çox hallarda “feyk təzahür” kimi qiymətləndirib: “Əgər biz xəritəyə diqqət etsək, oradakı qanlı, separatist münaqişələrin daha çox keçmiş sovet ölkələri ərazilərində olduğunu görə bilərik”.
Briqada generalı S.Efraim isə separatizmlə bağlı böyük gücləri suçlayıb və çıxışında Ermənistanın əleyhinə sərt danışıb: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq icma hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Niyə? Bu absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də biveclik və riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”.

Generalın sözlərinə görə, Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın: “Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

“Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir”.

Axar.az xəbər verir ki, bu sözləri Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir: “Terrorizm və separatizmin qarşısını sanksiyalarsız almaq mümkün deyil. Sanksiyalar olmalıdır ki, 20 ildən artıqdır evlərindən didərgin düşmüş insanlar öz yurd-yuvalarına qayıda bilsinlər”.

Fasilədən sonra III Panel iclası öz işinə davam edib. “Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili” mövzusundakı panelin moderatoru Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov idi.

Çıxışçılar arasında İraq parlamentinin deputatı, İraq Türkmən Cəbhəsinin sədri Arshed Rashad Fath Allah, Avropa Azərbaycanlıları Konqresinin Prezidenti Sahil Qasımov, İraq Parlamentinin deputatı Niyazi Mohammed Mahdi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev, Alman-Azərbaycan Forumunun həmsədri Helga Daub, Moldovanın sabiq Ombudsmanı, Moldova Respublikasının Parlament vəkili Aureliya Qriqoriu, jurnalist, siyasətçi, televiziya aparıcısı Maksim Şevçenko, eləcə də Suxumi Dövlət Universitetinin professoru, tarixçi alim, Cənubi Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixi ilə bağlı obyektiv elmi araşdırmaların, çoxsaylı tədqiqat əsərlərinin müəllifi Quram Rajdenoviç Marxuliya, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev, Kişinyovun Effektiv Siyasət İnstitutunda direktor müavini, ava.md informasiya portalının siyasi analitiki, “Memorial” Assosiasiyasının baş mütəxəssisi (2011-2013) Ruslan Şevçenko, Bohum Universitetinin professoru Hans-Joachim Heintze, tarixçi, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı Oleq Kuznetsov və tarixçi, Xocalı soyqırımı haqqında kitab və çoxsaylı məqalələrin müəllifi Dr. Johannes Rau var idi.

Panel iclasının sonunda “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupunun Bəyanatı qəbul edilib.

Forum çərçivəsində həmçinin \”Anti-Separatizm Hərəkatı\” Beynəlxalq İctimai Təşkilatının Təsis Konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dəstəkləyən ölkələrdən birində keçirilməsini məqsədəuyğun hesab edilib.

Sonda isə dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edərək məramı yalnız sülh, birgəyaşayış, milllətlərarası etimad, mədəniyyətlərarası dialoqa töhfə vermək olan “Anti-Separatizm Hərəkatı”nı dəstəkləməyə çağırıblar.

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

Brüsseldə Qarabağ müzakirələri və dünyaya verilən mesajlar - VİDEO

İnterpress.az