Gənclərimiz ictimai-siyasi sahədə çox aktiv və fəaldırlarbackend

Gənclərimiz ictimai-siyasi sahədə çox aktiv və fəaldırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.azxəbər verir ki, Azərbaycanda gənclər təşkilatları öz aktivlikləri ilə seçilirlər. Bu təşkilatların təklif və təşəbbüsləri dövlət tərəfindən də müsbət qarşılanır. Elə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi də, bu baxımdan, maraqlı təkliflərlə çıxış edir. “Həmrəy”in sədr müavini Elvin Babayevlə həmsöhbət olub, görülmüş və görüləcək işlərlə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, Elvin Babayev 1988-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Mingəçevir şəhər 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. 2008-ci ildə hərbi xidməti başa vurub. Daha sonra Bakıda ali təhsil alıb. 2012-ci ildə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına magistratura üçün imtahan verib və Beynəlxalq əlaqələr ixtisası üzrə qəbul olub. Oranı bitirdikdən sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində işləyib. Hal-hazırda “Həmrəy” sədrinin müavini olaraq ictimai fəaliyyət göstərir.

-Azərbaycanda gənclərin öz potensiallarını üzə çıxarmaq üçün nə dərəcədə münbit şərait var?

– Bu gün Azərbaycan gəncləri çox şanslıdırlar, çünki onlara öz arzularını reallaşdırmaq üçün daha əlverişli, münbit şərait yaradılıb. Buna misal olaraq qeyd etmək istərdim ki, keçmişdə xaricdə təhsil almaq gənclər üçün maddi baxımdan çətin idi. Ancaq \”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\” vasitəsilə bu çətinlik aradan qaldırıldı və gənclərimiz bundan yararlana bildilər. Hal-hazırda isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı vasitəsilə gənclərimiz arzuladıqları nəticəni əldə edə bilərlər. Dövlət başçısının qeyd etdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək dövlətin gənclər siyasətində özünü göstərməkdədir. Xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını və gələcəyini sağlam gənclikdə gördüyü üçün hakimiyyətə gəldikdən sonra ilk yaradılan nazirlik Gənclər, İdman və Turizm Nazirliyi olmuşdur. -Gənclərin ictimai fəaliyyətə marağı hansı səviyyədədir?
– Gənclərimiz bu gün ictimai-siyasi sahədə çox aktiv və fəaldırlar. Onların əlində olan resurslar, bilgilər, imkanlar artdıqca öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar. Azərbaycan gəncləri respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin ən qabaqcıl seçiciləri hesab olunurlar. Gənclərimiz yerli və beynəlxalq tədbirlərdə öz sözlərini sərbəst ifadə edərək respublikamızı layiqincə təmsil edirlər. Bu aktivliyin isə qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun gənclərə stimul verməsi ilə bağlıdır. Fond yarandığı vaxtdan minlərlə gəncin fərdi təşəbbüsünün dəstəklənməsi üçün çalışır.

-Siz Qırğızıstanda magistr təhsili alıbsız. Azərbaycanda da tez-tez gənclərlə bağlı tədbirlərdə olursuz. Azərbaycan gəncləri Qırğızıstan gənclərindən hansı cəhətlərinə görə fərqlənir?

– Bəli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi almışam. Bir neçə gün əvvəl Qırğızıstanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclər Bakıda qonağımız oldular. Onlardan bir neçəsi mənim tələbə yoldaşlarım idi. Bakını gəzdilər, tarixi yerlərə səfər etdilər. Onlara vətənimiz, tariximiz haqda geniş məlumat verdim. Bununla yanaşı, bir qrup ziyalı Azərbaycan gəncləri ilə tanış oldular. Onları hava limanından yola salarkən mənə “Sizin gənclərin sosial şəbəkələrdə aktivliyinə heyran qaldıq. Bizim gənclər sosial şəbəkələrdə bu qədər aktivlik göstərmirlər”- dedilər.
Bildiyiniz kimi, Azərbaycan gəncləri hər sahədə fəal olduğu kimi, internet informasiya portallarında da dövlətimizi, tariximizi, Azərbaycan həqiqətlərini, ümumilikdə millikultural dəyərləri layiqincə təbliğ edirlər. Bizim gəncləri fərqləndirən də məhz budur.

-\”Həmrəy\” olaraq gənclərlə bağlı hansı işlər görürsüz?

–Bizim əsas işimiz gənclərimizi hər sahədə maarifləndirmək və həmçinin dövlət atributlarını sevmək, milli maraqların keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik ideyalarını üstün tutmağın vacibliyini aşılamaqdır. Bu gün Azərbaycan gənclərinin Avropaya inteqrasiya etmək istəklərini nəzərə alaraq, inteqrasiya zamanı onlara milli identikliyin itirilməməsini tövsiyə edirik. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq bir çox layihələr həyata keçirmişik. Məsələn, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər, 2014-cü ildə Siyəzən, Xızı, Şabran, Quba, Qusar və Xaçmazda “Vətənimizin inkişafı üçün ictimai fəallıq”, “Sağlam həyat” adlı təlim-seminarlar keçirilib. \”Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi\” layihəsi üzrə \”Tütünlə mübarizə və vətəndaş cəmiyyəti\” mövzusunda dəyirmi masada, Bakı şəhər regional miqrasiya idarəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirədə yaxından iştirak edərək yaranan və yaşanan problemlərin həllinə dəstək vermişik və s.

-Gənclərlə bağlı Prezident tərəfindən təsdiq olunmuş yeni Dövlət Proqramı gənclər üçün hansı perspektivlər açır?

-Azərbaycan gəncləri bir çox uğurlara imza ataraq cəmiyyətdə fəal rol oynayırlar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğuru ölkə başçısının “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması oldu. Dövlət Proqramında Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Gənclərimiz bu sərəncamdan istifadə edərək özlərinin innovativ potensialının üzə çıxarılmasına nail ola bilərlər. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq üçün imzalanan sərəncam dövlətin gənclərimizə olan inamını ifadə edir. Qəbul edilmiş proqram gənclərin maraqlı olduqları bütün sahələrdə fəal iştirakına şərait yaratmaqla yanaşı, onların məsuliyyətini artırır və hətta müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.

-\”Həmrəy\” gənclər təşkilatı bu proqramda göstərilən istiqamətlərdən nə kimi yararlanacaq?

-Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına nəzər salarkən diqqətimi çəkən və məni fərəhləndirən bir bəndə rast gəldim. Buna səbəb “Gənclər və informasiya texnologiyaları” bölməsinin 5.9.4-cü bəndində yer alan “İnternet televiziyası məkanında gənclər kanalının yaradılması”dır. Məhz gənclər televiziyasının yaradılması mənim təmsil etdiyim “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB tərəfindən təklif olunmuşdu. Bu gün bizim təklifin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Dövlət Proqramına salınması bizi çox sevindirdi. Buna görə dövlətimizə və dövlət başçısı İlham Əliyevə təşkilatımız, eyni zamanda bütün gənclər adından dərin təşəkkürümüzü bildiririk. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında keçirilməsi nəzərdə tutulan bütün layihələrdən yararlanmağa çalışacağıq və gənclərimizin maarifləndirilməsində öz işlərimizi davam etdirəcəyik.

-Ümumiyyətlə, perspektivdə hansı layihələr nəzərdə tutulub?

– Qarşıda yeni layihələrə start verməyi planlaşdırmışıq. Gənclər arasında (14 yaşından 32 yaşa qədər) bir neçə onlayn yazı müsabiqəsi təşkil etmək niyyətindəyik. Yəni onlayn vasitəsilə “Həmrəy” İB-in e-mail ünvanına müvafiq aktual mövzuya aid gənclərimiz yazdıqları məqalələri göndərəcəklər. Qaliblərə mükafatlar, hədiyyələr və diplomların verilməsi nəzərdə tutulub. Seçilmiş yazılar daha sonra kitab formatına salınaraq nəşr olunacaq. Dövlətçilik və vətənpərvərliyi özündə cəmləşdirən onlayn yazıların hansı mövzuda olması və digər məlumatlar yaxın zamanda KİV vasitəsilə elan olunacaq. (Newscenter.az)

İnterpress.az