Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdibackend

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, deputatın sözlərinə görə, müzakirə edilən büdcə layihəsi də, ölkədəki inkişafın aynasık imi qiymətləndirilməlidir.

“Çoxsaylı çıxışlardan və müzakirələrdən sonra gəlinən nəticə budur ki, büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiyyətli bir sənəddir.
Önümüzdəki ilin büdcə layihəsinin dünyada baş verən iqtisadi neqativ hadisələr fonunda hazırlanmış olması onu xüsusilə əhəmiyyətli edir”.

J.Əliyeva layihə ilə bağlı təkliflərini də səsləndirib:

“Mədəniyyət sahəsinə də digər sahələrə olduğu kimi, ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücüylə həyata keçirilməsi üçün kifayət deyil. Bunun üçün də:
-Xüsusilə film yaradıcılığında keyfiyyətin artırılması, dünya səviyyəli filmlərin istehsal edilməsi üçün büdcədən daha samballı vəsait ayrılmasını;
-Kitabxanaların, xüsusilə rayon kitabxanalarının ölü orqanizmdən işlək mexanizmə çevrilməsi üçün tədbirlər görülməsini;
-İcbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi işinin sürətləndirlilməsini;
-Güzəştli ipotekaların sadəcə dövlət qulluqçularına deyil, eyni zamanda müəllimlərə, həkimlərə, o cümlədən mədəniyyət, incəsənət xadimlərinə, yaradıcı şəxslərə də şamil edilməsini;
-İnternat məktəblərdən məzun olan gənclərin ev və işlə təmin olunmasını xahiş edirik.
Büdcə layihəsinin komitələrdə müzakirəsi zamanı hörmətli Bahar xanım çox əhəmiyyətli bir fikir səsləndirərək dedi ki, həlli vacib məsələlərin həllini sadəcə dövlətdən gözləməyək. Özəl sektor, iş adamları da bu prosesə fəal şəkildə qoşulmalıdırlar. Çox təqdiredici bir təklif idi.

Mən də öz növbəmdə buradan işadamlarına, böyük biznes strukturlarının rəhbərlərinə müraciət edirəm. Ölkədə hər gün ayrı-ayrı tikinti şirkətləri tərəfindən onlarla göydələn ucaldılır. Həmin göydələnlərin hər birindən kimsəsiz, himayəsiz yeniyetmələr və gənclər üçün, eyni zamanda az gəlirli ailələr üçün mənzil fondunun yaradılması yəqin ki, Allaha da xoş gedər, bəndəyə də”.

Jalə Əliyeva deputatı olduğu Zərdab və Ucar rayonları ilə bağlı da əvvəlki illərdə səsləndirdiyi, lakin hələlik həllini tapmayan məsələləri diqqətə çatdırıb:

“2010-cu ildə Kür daşqını zamanı qəzalı vəziyyətə düşən şəhər 1 saylı natamam orta məktəbin, (həmin məktəb daha əvvəlki sənədlərdə Təzəkənd 8 illik kənd orta məktəbi olaraq qeyd edilib) yenidən tikilməsi üçün etdiyimiz müraciət nəzərə alınıb, hətta, tikinti üçün yeni yer də ayrılıb. Lakin, təəssüf olsun ki, bu günə qədər tikinti işləri başlanmamışdır. Üstəlik, eyni məktəbdə keçən il yanğın baş verib və məktəb tam yararsız vəziyyətə düşüb. Həmin məktəblə bağlı qərarın bir daha nəzərdən keçirliməsinə və tikinti işlərinin tezliklə başladılmasına;
-Zərdab rayonunun Gəlmə kəndində körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac var.
-Qəzalı vəziyyətdə olan Məlikli və Körpükənd kənd sahə xəstəxanaları üçün yeni binaların tikilməsi də xahişlərimiz sırasında idi. Doğrudur Məlikli kənd xəstəxanası bu il cari təmir edilib. Amma həmin xəstəxananın və Körpükənd xəstəxanasının da yeni binayla təmin edilməsinə və ya əsaslı təmirinə;
-Ötən il cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakları ilə açılışı edilən müasir yüksək standartlı rayon mərkəzi xəstəxanasında müxtəlif ixtisaslı həkim çatışmazlığının aradan qaldırılmasına;
-Zərdab Rayonunun Kəndəbil, Şıxbağı, Ağabağı, Nəzəralılı, Sileyli, Çilovxanlı kəndlərinə və Bəyimli qəsəbəsinə qaz xəttinin çəkilməsinə;
-Zərdab şəhəri ərazisində çəkilməsinə başlanılmış, lakin sonradan tikintisi dayanmış kanalizasiya xəttinin tikintisinə başlanmasına;
-Qəzalı vəziyyətdə olan Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsinə və rayon Mədəniyyət Evinin əsaslı təmir olunmasına da ehtiyac var.
Eyni zamanda deputatı olduğum Ucar rayonunun da Bərgüşad və Lək kəndlərində bərbad vəziyyətdə olan Mədəniyyət Evinin əsaslı təmirini, Lək kəndində məktəb qazanxanalarının qazla təmin olunmasını (doğrudur həmin kənddə mövcud olan iki məktəbdən birinə qaz xətti çəkilib. Lakin sayqac quraşdırılmadığından hər iki məktəb hal-hazırda istiliksizdir), Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsini və həmin kənddə 1961-ci ildə çəkilmiş, qəzalı vəziyyətdə olan elektrik xəttinin və dirəyinin yenilənməsini xahiş edirik.
Ümid edirik ki, səsləndirdiyimiz məsələlərin həlli istiqamətində hörmətli hökumət üzvlərimiz tərəfindən 2018-ci ilin Dövlət büdcəsində müəyyən addımlar atılacaq”.

İnterpress.az