Misirdə terror dəhşəti: İŞİD-in gücü, yoxsa siyasi sifariş?backend

Misirdə terror dəhşəti: İŞİD-in gücü, yoxsa siyasi sifariş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Sinay yarımadasındakı Ravza məscidində baş verən terror hadisəsində ölənlərin sayı artıq 310-a çatıb. Getdikcə də bu rəqəm artır. Məlumatlara görə, ölənlər arasında 30 uşaq da var. Yaralı sayının isə 128 olduğu bildirilir.

Misir ordusunun sözçüsü Tamir ər-Rufai hadisədən sonra hava qüvvələrinin terrorçuların yerini müəyyənləşdirdiyini və keçirilən əməliyyatda bir neçəsinin zərərsizləşdirildiyini açıqlayıb. Misirin rəsmi xəbər agentliyi olan “MENA”nın yaydığı məlumata görə, məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

Araşdırma zamanı məlum olub ki, terrorçuların sayı 30 nəfərmiş. Hadisə yerinə 5 avtomobildə gələn terrorçular məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər. Teraktla bağlı ölkədə 3 günlük matəm elan edilib.

Hadisə sonrası Misir prezidenti Əbdülfəttah əs-Sisi müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirib. Bildirib ki, ölkənin ordusu və polisi qətlə yetirilən insanların intiqamını alacaq. Bu faciəni ölkə tarixi boyu ən qanlı terror hadisəsi adlandırırlar. Məlumata görə, Sinay yarımadasında “Şəhidlər üçün qisas” adlı antiterror əməliyyatı başlayıb. Təhlükəsizlik qüvvələri bütün əsas yolları bağlayıb, maşınlar yoxlanılır. Xüsusi əməliyyat nəticəsində Misir hərbi hava qüvvələri terrorçuların yarımadanın mərkəzində yerləşən Er-Risan kəndindəki mövqelərinə hava zərbələri endirib. Pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobili atəşə tutub. 30 silahlı terrorçu məhv edilib.

Ümumilikdə isə Misirin Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristian kilsələrinə də hücum edirlər. Ancaq bu günə qədər Sinay yarımadasındakı İŞİD qüvvələri bu miqyasda dinc əhalini hədəfə alan terror aktı həyata keçirməyib. Ekspertlər bildirirlər ki, İŞİD Suriya və İraqda məğlub olub əlindəki torpaqları itirərək hər gün ağır zərbələr alır. Bu da məlumdur ki, Misir İŞİD-ə qarşı faktiki olaraq hərbi əməliyyatlarda iştirak etmir. Ona görə də İŞİD-in Misiri bu cür hədəfə alması anlaşılmaz olaraq qalıb. Məhz bu səbəbdən bir çox şərhçilər məsələnin siyasi səbəblərdən qaynaqlandığına və bir sifariş olmasına şübhə etmirlər. Onu da qeyd edək ki, Sinay yarımadası Misir üçün olduqca əhəmiyyətli ərazidir. Çünki bu yarımada mühüm enerji və iqtisadi, həmçinin siyasi əhəmiyyəti olan bölgə hesab edilir.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirdi ki, hərbiçilərin prezident seçilməsinə bir sıra dövlət və qurumlar çox da müsbət yanaşmırlar: “Eləcə də Misir prezidenti Əbdülfəttah əs-Sisi də keçmiş hərbiçidir. Misirdə baş verən terror, demək olar ki, bu ölkənin tarixində ən acınacaqlı hadisəyə döndü. 300-dən çox insanın həlak olması və yaralanması hadisənin böyük miqyaslı terror aktı olmasını deməyə əsas verir. Çox maraqlıdır ki, burada seçilən hədəf də fərqlidir. Məhz sufi məscidinə hücum ediblər ki, artıq bura da süni, şiə və digər məsələlərin qabardığı nöqtədir. Eyni zamanda bir sıra müşahidəçilər də söyləyirlər ki, hücum edənlərin əllərində İŞİD-in bayraqları olub. Bu isə İŞİD-in tam məhv olmadığını sərgiləmək üçün atılan addımlardır. Bildirirlər ki, İŞİD var və öz fəaliyyətini davam etdirir, terror hadisələrini də törətməkdə israrlıdır. Pilotsuz silahlardan istifadə edilərək terrorçuların məhv edilməsi isə artıq bu ərazidə hələ də külli miqdarda silahın olmasını bir daha gündəmə gətirdi. Son zamanlar Misirdə sakitliyin bərqərar olması istiqamətində müvafiq addımlar atılırdı. Burada bir məsələ də məhz İslam həmrəyliyi məsələsi idi. Nə üçün Ərəb Liqası buna heç bir reaksiya vermədi – baxmayaraq ki, Qərb, Avropa eyni zamanda Azərbaycan da hadisə ilə bağlı fikrini bildirib, terroru lənətlədi. Lakin Ərəb Liqası dövlətləri konkret bir addım atmaqdan sanki çəkinirlər. Bütün bunlar göstərir ki, regionda problemlər davam edir və Misir də boşuna hədəf seçilməyib. Bu gün demək olar ki, ərəb inqilablarından sonra ən çox inkişaf edən dövlətlərdən biri Misir idi. Misir həm də son zamanlar müstəqil siyasət yürütməyə başlamışdı. Belə problemlərin olması göstərir ki, İŞİD və bu terror qruplaşmasına biyət edən təşkilatlar özlərinin varlıqlarını sübut etmək üçün hər cür addım atmağa hazırdırlar”.

Ekspertə görə, İŞİD adı sadəcə olaraq vasitədir: “İŞİD yeni yarananda hətta bunu dövlət kimi qələmə vermişdilər. Göstərirdilər ki, dövlət var və bunun da Rakkada paytaxtı mövcuddur. İŞİD artıq bir vasitədir və adından istifadə olunur. Hətta İndoneziya və digər ölkələrdə qruplaşmalar var ki, İŞİD-in yolunu gedirlər. Onların adları isə başqadır. Bu kimi terror hadisələrilə də göstərirlər ki, İŞİD mövcuddur və ona biyət edənlər də hələ də fəaliyyətdədir”.

Gözlənilir ki, Misir prezidenti terrorçulara qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayacaq. Bu əməliyyat əsnasında isə Misir terrorunun əsl hədəfinin nə olduğu da məlum olacaq.

İnterpress.az