Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq institutları  qapı – qapı gəzmirik”backend

Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq institutları qapı – qapı gəzmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünü onsuzda təcrid edən Ermənistan Avropa İttifaqı ilə saziş imzalayaraq siyasi və iqtisadi cəhətdən dəstək almağa nail olacaq. Ancaq bu müqavilənin çox hissəsi praktiki cəhətdən yerinə yetirilməsi mümkün olmayan məsələlərdir”.

İnterpress.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov ötən həftə Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində qəbul edilən Birgə Bəyannaməni PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəkləndi. Xüsusi vurğulayaq ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edildi.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulandı. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxdı. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edildi. Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edildi.

Bəs Birgə Bəyannamənin Azərbaycan üçün hansı əhəmiyyəti var və inanmaq olarmı ki, Avropa Birliyi ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramı üzrə danışıqlar uğurla sona çatacaq? Həmçinin ötən həftə isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz ölkəsinin Ermənistan tərəfindən Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” müqaviləsinin imzalanmasının əleyhinə olmadığını bildirdi. Ermənistanın “Şərq tərəfdaşlığı” müqaviləsini Azərbaycandan əvvəl imzalaması Yeravan üçün hansısa üstün şərtlər yarada bilərmi və digər tərəfdən isə Rusiyanın Ermənistanın “Şərq tərəfdaşlığı” müqaviləsinə qoşulmasına qarşı çıxmamasını nəylə əlaqələndirmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

“Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq institutları qapı – qapı gəzmirik”

Ermənistanın “Şərq Tərəfdaşlığı”nda digər dövlətlərindən geridə qaldığını qeyd edən politoloq Zaur Məmmədov PİA.AZ-a açıqlamasında bildirib ki, özünü onsuzda təcrid edən Ermənistan Avropa İttifaqı ilə saziş imzalayaraq siyasi və iqtisadi cəhətdən dəstək almağa nail olacaq. Ancaq bu müqavilənin çox hissəsinin praktiki cəhətdən Ermənistan tərəfindən yerinə yetirilməsi mümkün olmayan məsələlərdir. Çünki buna Rusiya izin verməyəcək. Politoloq hesab edir ki, Azərbaycanın onlarla siyasi əməkdaşlığa can atması üçün Avropa İttifaqı özü maraqlı olmalıdır:

“Riqa sammitindən fərqli olaraq Brüsseldə qəbul olunan birgə bəyannamə Azərbaycanın maraqlarına uyğundur. Elə bunu da Azərbaycan istəyirdi. Məsələ burasındadır ki, faktiki olaraq 2013- cü ildən bu yana Azərbaycan öz dediklərində israrla dayanaraq Avropa İttifaqının bizə qarşı münasibətində bərabərhüquqlu yanaşmaya nail oldu. Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq institutları qapı – qapı gəzmirik. Azərbaycan Rusiya və İran arasında yerləşən strateji dövlətdir.

Avropa İttifaqı özü maraqlı olmalıdır ki, Azərbaycan onlarla siyasi əməkdaşlıqda maraqlı olsun. Bəli, biz başa düşürük ki, Bakı üçün Avropa İttifaqı vacib tərəfdaşdır. Azərbaycan iqtisadiyyatında ixracatda bu region liderliyə malikdir. Azərbaycanın bütün enerji layihələri Qərb ilə bağlıdır. Ancaq, Azərbaycan özünə qarşı ikili standartlardan çıxış edənlərə qarşı çox həssas davranır.

Biz Rusiya mətbuatını izləsək görmək çətin deyil ki, Ermənistanın bu addımına çox mənfi yanaşırlar. Ermənistan görürdü ki, Avrointeqrasiyada “Şərq Tərəfdaşlığı”nın digər dövlətlərindən geridə qalır. Özünü onsuzda təcrid edən Ermənistan Avropa İttifaqı ilə saziş imzalayaraq siyasi və iqtisadi cəhətdən dəstək almağa nail olacaq. Ancaq bu müqavilənin çox hissəsi praktiki cəhətdən yerinə yetirilməsi mümkün olmayan məsələlərdir. Çünki buna Rusiya izin verməyəcək”.

İnterpress.az