Rusiyada Azərbaycan tərəfdarlarının sayını necə artıraq?backend

Rusiyada Azərbaycan tərəfdarlarının sayını necə artıraq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla rusiyalı politoloq Maksim Şevçenko arasında mübahisə yaşanıb.

Mübahisəyə səbəb tok-şouda Rusiyanın müttəfiqi sayılan Ermənistanın “Şərq Tərəfdaşlığı”na qoşulması olub. Matseyçukun “Şərq Tərəfdaşlığı”nı demokratiyanın və avropalaşmanın postsovet məkanında yayılması vasitəsi kimi qələmə verməsi Şevçenkonun etiraz etməsi ilə nəticələnib. Bu zaman Şevçenkonun “Şərq Tərəfdaşlığı”nı yeni nizam adlandırması ilə razılaşan polyak millətçi “Şərq Tərəfdaşlığı” yeni Avropa nizamının yaradılması üçün vasitədir\” deyib.

Daha sonra Matseyçuk Şevçenkoya Ermənistanın düşməni olub-olmaması ilə bağlı sual verib. Şevçenko isə düşünmədən “Rusiyanın müttəfiqi olan ermənilər bizim də müttəfiqimizdir, sizin müttəfiqiniz olanlar isə düşmənimizdir” deyib.

Matseyçukun “Bəs Qarabağ kimindir” sualına Şevçenko sərt şəkildə “Qarabağ Azərbaycan ərazisidir. Azərbaycanın taleyi isə Moskva, Ankara və Tehran arasındakı üçtərəfli razılaşma ilə həll edilməlidir” sözlərini söyləyib. Matseyçuk isə daha sonra Şevçonkaya cavabında onunla razılaşmadığını bildirir: “Bir polyak kimi deyirəm. Qarabağ Ermənistanındır, buna görə də Ermənistan bizimlə olacaq, buna görə də Ermənistan bizim müttəfiqimiz olacaq. Ona görə ki, siz ruslar azərbaycanlılara silah satırsınız, azərbaycanlılar isə sizin müttəfiqlərinizi öldürürlər. Bu ikiüzlülükdür. Siz ermənilərin müttəfiqi deyilsiniz”.

Qeyd edək ki, bundan öncə də M.Şevçenko bir neçə tədbirdə Azərbaycanla bağlı pozitiv tonda danışıb. O, son olaraq Brüsseldə keçirilən forumda Ermənistan əleyhinə sərt fikirlər səsləndirib. Bununla da ictimai müzakirələrdə Rusiyada diasporanın bu istiqamətdə işləyə biləcəyi ilə bağlı fikirlər səslənməyə başladı. Yəni bu cür intellektual insanlarla işləmək, onları Azərbaycanın tərəfinə çəkmək hər zaman üçün müsbət effekt verə bilər. Bundan başqa, diaspora daim bu cür adamlarla əlaqədə olmalı, onları ölkənin problemləri ilə bağlı bilgiləndirib, ölkəmizin haqq səsini çatdıranlardan birinə çevirməlidir.

İnterpress.az xəbər verir ki, “Yeni Müsavat”a müsahibə verən akademik Fazil Qurbanov da diaspora fəaliyyəti ilə bağlı atacağı addımlar sırasında bunları deyib: “Əsasən də cavanlarımızı bir yerə toplamağa çalışacağıq. Baxın, digər diaspor təşkilatlarında daha çox cavanlara diqqət verirlər. Gənclər bizim gələcəyimizdir, odur ki, gərək onları – Rusiyadakı gənclərimizi işlə təmin edək, yaxşı jurnalistlər, istedadlı mütəxəssislər yetişdirək. Gərək elə edək ki, bizi tanısınlar, sözümüzü eşitsinlər, əsas budur. Görün onların nə qədər jurnalistləri var ki, hər yerdə çıxış edirlər. Ona görə də cavanları oxutmaq lazımdır. Elə mən də istəyirəm ki, bizim radio kanalımız olsun”.

Heç kimə sirr deyil ki, qonşu ölkələr arasında Rusiya azərbaycanlıların ən çox yaşadığı ölkələr siyahısındadır. Bu ölkədəki səfirliyin də görməli olduğu işlər sırasında rusiyalı fikir və sənət adamlarını öz tərəfimizə çəkmək olmalıdır. Bundan başqa, Fransa ermənilərin ən çox yaşadığı və ən güclü diasporun fəaliyyət göstərdiyi bir ölkədir, Rusiya və ABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir. Amma Azərbaycanın bu ölkələrdəki diaspor təşkilatlarında ziyalıların cəmləşdirməsi, icmalar arasında əlaqələrin yüksək səviyyəyə çatdırması həmin ölkələrdəki erməni diaspor təşkilatlarına çox ciddi zərbə vurmaq imkanı yaradır. Faktlar isə sübut edir ki, diaspora təşkilatlarımızın fəaliyyətləri əsasən baş verən hadisələrə münasibətdə bəyanat verməklə məhdudlaşır. Bu isə ortaya bir çox hallarda bizi ermənilərə söz savaşında uduzduran mənzərələrin yaranması ilə müşayiət olunur.

İnterpress.az