“Atın bu zəhirmarı, fəlakətdir…”backend

“Atın bu zəhirmarı, fəlakətdir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azNews.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbul edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, siqaret insanlara ağciyər xəstəliyi yükləyir:

“İmkanınız varsa atın bu zəhirmarı. Özünüz çəkmirsinizsə, yaxud atmırsınızsa, yaxın çevrənizdəkilərə tövsiyə edin, inandırın ki, atsınlar bu zəhirmarı. Kasıba əlavə pul qazandırmır, boynuna əlavə siqaret pulu və ağciyər xəstəliyi yükləyir. Varlıya bəlkə də maddi sıxıntı vermir. Ancaq var-dövlətini daha uzun illər xərcləyəcək qədər sağlamlıq vermir. Hamımız bu dünyadan köçəcəyik, pis qoxuyla və addımbaşı öskürəklə yaşamaq hər halda sağlıqlı həyat yaşamaqdan xoş görünmür. Özünüz bir yana, nikotinin qadınlarınızın, övladlarınızın sağlığına vurduğu zərbənin necə vahiməli olduğunu idrak edin! Qadınların siqaret aludəçiliyi isə başdan-başa fəlakətdir. Bir gerçəyi də unutmayın ki, siqaret narkotika aludəçiliyinin birinci pilləsidir. Ayaq ki, birinci pilləyə qalxdı, təminat yoxdur ki, ikinci pilləyə qalxmasın. Dövlət Az.Tv-yə 32 milyon, İctimai Tv-yə də 12 milyon pul ayırır, adam kimi cəmiyyətin bu barədə diqqətini çəkəcək reklamı da çox görürlər. O boyda vəsait müqabilində tərtib etdikləri mənasız proqramlar əvəzinə bütün günü ekrandan məhz bu cür xəbərdarlıqları çatdırmaları vacibdir”.

Qeyd edək ki, dekabrın 1-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul olunub. Qanuna əsasən tütün məmulatlarının məhdudlaşdırılması ilə əlaqədar dünya təcrübəsinə əsaslanaraq ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulub.

İnterpress.az