Yeni il öncəsi marketlərdə alıcı izdihamı- Bahalaşma gözləntisibackend

Yeni il öncəsi marketlərdə alıcı izdihamı- Bahalaşma gözləntisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün marketlərə və bazarlara baş çəksək alıcıların əvvəlki günlərə nisbətən daha çox olduğunu görərik. Sanki qıtlıq yaşanacaqmış kimi insanlar artıq indidən alış-veriş edir, xarab olmayan ərzaq məhsullarından daha çox alırlar. Ümumiyyətlə, hər ilin sonunda, yəni Yeni il ərəfəsində bu mənzərənin şahidi oluruq. Ekspertlər bunun bir neçə səbəbi olduğunu deyirlər.

Birincisi, bayrama bir həftə qalmış ərzaq məhsullarının indiki qiymətlərdən dəfələrlə baha olacağı ilə bağlı insanların təşvişə düşməsi ilə əlaqələndirirlər. Digər tərəfdən isə bunun psixoloji bir faktor olduğunu bildirirlər. Belə ki, ilin sonunda insanlarda gələn ilə bir inamsızlıq sindromu formalaşır. Buna görə də düşünürlər ki, nə qədər çox ərzaq alsalar, bir o qədər də rahat olacaqlar. Elə bir neçə marketdə söhbətləşdiyimiz alıcıların sözləri də bu fikri təsdiqləmiş oldu. Alıcıların bəziləri bayramqabağı qiymətlərin bahalaşacağını bildiyi üçün Yeni il süfrəsi üçün lazım olacaq ərzaqları indidən aldığını deyirdi. Bir qisim alıcı isə hətta Yeni il süfrəsinə lazım olmayacaq makaron, vermeşil kimi digər ərzaq məhsullarını da aldığını, çünki bunların qiyməti qalxarsa, yaza qədər düşməyəcəyini bildirdilər. Alıcılar Yeni ilin bayram yox, bahalıq gətirdiyini deyirdilər. Satıcılar da son vaxtlar alıcılıq qabiliyyətinin yüksəldiyini deyirdi.

Maraqlıdır, birdən-birə bazar və marketlərdə alıcıların artma səbəbi onların gələn ilə inamsızlığı ilə bağlıdır?

Yeni il öncəsi marketlərdə alıcı izdihamı- Bahalaşma gözləntisi

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bayramqabağı yüksələn qiymətlər bayramdan sonra da davam edir: “Azərbaycanda çox pis bir ənənə var ki, bayrama yaxınlaşdıqca qiymətlərdə daha kəskin artma müşahidə olunur. İstər Yeni il, istər Novruz bayramı öncəsi, bu həmişə belə olub. Yeni il, Novruz süfrəsinə aid olan, ümumiyyətlə, ərzaq məhsulları tələbatının artması nəticəsində qiymətlərdə həmişə ciddi artım müşahidə olunur. İndi çox güman əhali artıq bu ənənəyə öyrəşib və daha tez bazarlıq edərək, istənilən xarab olmayan məhsulların və yaxud da bayram süfrəsində istifadə olunacaq ərzaq məhsullarının indidən alınıb saxlanılmasına çalışır ki, bayramqabağı daha da bahalaşma qorxusu yaşamasınlar. İkinci səbəb isə odur ki, hər il bayramqabağı yüksələn qiymətlər bayramdan sonra da davam edir. Yəni bahalaşan ərzaq məhsulları Yeni ildən etibarən ya daha da yüksəlir, ya da yüksəldikdən sonra aşağı düşmür. Bu nöqteyi-nəzərdən ən azından mart, aprel ayına qədər bu davam edir. Sonradan yerli məhsullar çıxandan sonra müəyyən dərəcədə qiymətlərdə bir dəyişiklik hiss olunmağa başlayır. Ən azından kənd təsərrüfatı məhsullarında müəyyən qiymət dəyişiklikləri olur. Yəni mövsümlə əlaqədar olaraq ucuzlaşma baş verir. Azərbaycan vətəndaşı hər sahəsə praqmatik düşünür. Bu praqmatiklikdən irəli gəlir ki, ən azından aprel may aylarına qədər qiymətlərdə bahalaşma olma ehtimalının daha yüksək olduğunu nəzərə alaraq indidən bacardıqları qədər ala biləcəklərini alır, hazırlıqlarını görməyə başlayırlar. İllərdir bu belə davam edir. Düşünürəm ki, buna öyrəşən vətəndaş da artıq o davranış qaydalarını bu şəraitə uyğunlaşdırıb. Yeni ilə bir həftə və ya bir neçə gün qalmış bazarlarda monitorinq aparsaq görəcəyik ki, ərzaq məhsulları bugünkü, qiymətlərdən bahadır”. (musavat)

İnterpress.az