“Diaspor dərsi” – Bakı Humanitar Kollecindəbackend

“Diaspor dərsi” – Bakı Humanitar Kollecində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, öncə Bakı Humanitar Kollecinin Tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov tədbiri açaraq iştirakçıları və qonaqları BHK-nın direktoru Vaqif Əmiraslanov adından salamlayıb, layihənin BHK-da keçirilməsindən məmnunluğunu ifadə edib. Rasim Rzaxanov DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

DJB sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq, əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib. F.Hüseynzadə məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü və katibi Nərgiz Xələf qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər.

Nərgiz Xələf bildirib ki, azərbaycanlı gənclər hansı ölkədə təhsil almalarından asılı olmayaraq, ölkəmizin təbliğini yaddan çıxarmırlar: “Azərbaycan müstəqillik qazandıqdan sonra bütün çətinliklərə baxmayaraq, qısa zamanda böyük inkişafa nail olub. Bütün bu proseslərdə ölkəmizin gəncləri də yaxından iştirak edir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib”.

Çinin Tsinghua Universitetinin magistri, “Millennium” turizm şirkətinin Avropa Birliyi ölkələrində biznesin inkişafı üzrə baş meneceri Leyla Rəsulzadə deyib ki, gənclərimizin Vətənə belə bağlı olmaları onların mənəvi inkişafının bir göstəricisidir: “ Mən Çində bakalavr təhsilimi bitirməyimə bir il qalmış, artıq çoxdandır ürəyimdə olan arzumu yerinə yetirməyə başladım: Azərbaycanın mədəniyyətini və tarixi irsini Çin xalqına tanıtdırmaq. Diplom işim olaraq “Kitabi-Dədə Qorqud” eposunu Çin dilinə tərcümə edərək bu istəyimə çatdım”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Elşad İbrahimov çıxış edərək fikir və təcrübələrini tələbələrlə bölüşüb. Elşad İbrahimov Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qorumaqla yanaşı, bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib: “Ən əsası da Azərbaycan həqiqətlərini, yəni Qarabağ problemini, Xocalı faciəsini Ukrayna ictimaiyyətinə çatdırırıq. Bunu təkcə deməklə deyil, Ukrayna mediası, tədbirlər, bilbordlar vasitəsilə edirik. Məsələn, ötən il 20 Yanvar faciəsi ilə bağlı Dneprepetrovskidə tədbir keçirdik. Bu yaxınlarda da 18 oktyabr-Müstəqillik Gününü Ukraynada qeyd etdik”.

Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” gənclər təşkilatı sədrinin 1-ci müavini, politoloq Elvin Babayev xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.

Azərbaycan Türkiyə Evinin icraçı direktoru, Diaspor.az saytının rəhbəri Toğrul Allahverdili keçirdikləri tədbirlər, xüsusən, ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II mərhələsinin davamı olaraq “Diaspor dərs”ləri 2016-2017-ci dərs ilində ali təhsil müəssisələrinin tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən könüllü olaraq kolleclərdə də “Diaspor dərs”ləri keçirilir.

“Diaspor dərsi” - Bakı Humanitar Kollecində

İnterpress.az