Ağabalanın əngəli…– Keçmiş nazirdən satirik hekayəbackend

Ağabalanın əngəli…– Keçmiş nazirdən satirik hekayə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş iqtisadi inkişaf naziri Qüdrət Quliyevin həm də qeyri-adi bir qələm sahibi olmasını təzəcə öyrəndik. Daha doğrusu, bu haqda bizə söhbət əsnasında özü bəhs etdi. Sən demə, Qüdrət müəllim ara-sıra hekayələr, şeirlər də qələmə alırmış. Hekayələrindən birini oxuduq ləzzət elədi… Odur ki, Qüdrət Quliyevin son dövr Azərbaycan gerçəklikləri ilə səsləşən, Bakının adi sakinlərindən birinin həm güldürən, həm düşündürən həyat macəralarından bəhs edən satirik, daha doğrusu, tragikomik ruhlu hekayələrindən birini dəyərli oxucuların da diqqətinə çatdırmağı qərara aldıq.

Ağabalanın əngəli

I hissə:Necə oldu ki, Ağabala “SKlass Mersedes” sürməyə başladı?

“Ağabala şəhərdə öz “kruq”unda (yəni icmasında) seçilən-sayılan oğlanlardan biri idi. Yaşı əllini haqlasa da, “vneşni vid”i (yəni xarici görünüşü) 40 yaşında canı sulu, baz-burutlu bir kişini xatırladırdı. Allah- Təala onu sifətdən də bir balaca göyçək yaratmışdı. Onun ağappaq, girdə, pompuş sifəti, yoğun qara çatma qaşları, mavi rəngli gözləri və çox vaxt gülümsər olan sifəti ətrafdakılarda ona qarşı istər-istəməz isti və mehriban münasibət və duyğular yaradardı. Bir sözlə, Ağabala “simpatişni” (yəni yaraşıqlı) cail şəhər adamı idi.

Ağabala hələ Sovetin (yəni Sovet hakimiyyətinin) gur gedən vaxtlarında Sovetski deyilən məhşur məhəllədə, evlərinin yüz metrliyində yerləşən orta məktəbi bir babat bitirdikdən sonra şoferlik həvəsi onu “DOSAF”ın (Orduya və Aviasiyaya Könüllü Yardım Cəmiyyəti) sürücülük kurslarına gətirib çıxarmışdı. Bu kursları canla-başla bitirib ikinci dərəcəli sürücülük vəsiqəsi almışdı. Elə o vaxtdan bəri əvvəlcə “butka” “Moskviç”, sonra “Volqa QAZ – 24” və digər nəqliyyat vasitələrini dəyişə-dəyişə şofer babalığını davam etdirirdi.

Onun nəhəng yük maşınının sükanı arxasında oturduğu dövrlər də olmuşdu. Bu vaqeə 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Ağabala qaz vurub-qazan doldurmaq fikrinə düşən günlərdən birində əlinə refrejeratorlu (yəni soyuducusu olan) bir yük maşını düşmüşdü. Daha doğrusu, həmin maşını kimdənsə kirayə etmişdi. Məqsədi “Uruset”ə (yəni Rusiyaya) mal daşıyıb pul qazanmaq idi. Lakin, Dağıstanda başına gələn macəradan sonra həmin işin başını birdəfəlik və geri dönmədən buraxmalı olmuşdu. Qısası, yolda bir dəstə əli silahlı dağıstanlılar kişinin oğlunu saxlayıb yük dolu maşınını və cibində olan-qalanını əlindən almışdılar. Ağabala bir təhər özünü lüt-üryan, amma sağ-salamat Bakıya çatdıra bilmişdi…

Bu hadisədən xəbərdar olan və onu yeri gəldi-gəlmədi Ağabalanın başına taqqıldadan arvadın əlində bir “kozır” (yəni gözə soxula biləcək amil, dəstəvuz) olmuşdu. Hər dəfə arvad Ağabalanı aşağılayıb deyəndə ki, “bir dənə qruzavoy maşın xiyarı da aparıb Urusetdə sata bilmədün, it də getdi, ipdə getdi…”, Ağabala özündən çıxardı və cavabında deyərdi :

“- Ağəz, daş düşeydi mənim bu başıma ki, mən səninçün “Maskovski işkalat” almağ üçün dəridən-qabığdan çıxırdım, canavarların içinə başimi soxurdum. Bu da sənün sağolun?!.”
Nə isə, Ağabalanın “Uruset” zəhmətkeşlərinə xiyar daşımaq, daha doğrusu satmaq vaqeəsi bir ağır daş olub daim ürəyini sıxardı. Amma, atalar demişkən, dar günün ömrü az olarmış…

Ağabalanın şoferlik tarixçəsinin apogeyi (yəni zirvəsi) “xozeyin”(yəni ağa, müdir) maşınının sükanı arxasına oturduğu gün baş vermişdi. Bu olay Bakıda XXI əsrin əvvəlində, yeni neft bumu dövrünün başlanmasına təsadüf edirdi. Bu, həmin dövr idi ki, Bakıda yeni qoltuqlara sahiblənmiş yeni vəzifə sahibləri artıq Sovetin keçmiş nimdaş “volqa”larını, hətta “çayka”larını bəyənmirdilər. İndi vəzifə əhli yalnız çox bahalı alman, amerikan, ingilis, yapon maşınlarında gəzməyə üstünlük verirdilər. Rusun keçmiş “mockviç”lərini, “jiquli”lərini, “volqa”larını indı həm qiymətinə, həm də üstünlüklərinə görə müqayisəyə sığmayan dəbdəbəli “mersedes”lər, “BMV”lər, “reync rover”lər, “leksus”lar əvəz etməyə başlamışdı.

Bu, o zəmanə idi ki, təhsilindən, təcrübəsindən, ağlından, biliyindən, səriştəsindən və hətta mədəniyyətindən belə asılı olmadan, yüksək vəzifə sahiblərindən kiminsə kəndlisi və ya qohumu olmaqla qısa zaman ərzində çox zəngin və “çox hörmətli” adama çevrilmək mümkün idi.

Əlqərəz, Ağabalanın bir nəfər yaxın şofer dostu Balaəmi, günlərin birində böyük vəzifə sahiblərindən birinin, dop-doğmaca kəndlisinin şoferi olmuşdu. Balaəmi super “SKlass Mersedes”in sükanı arxasına keçən kimi Ağabalanı da yaddan çıxarmamışdı. Özünün əvvəllər sürdüyü, “xozeyin”in ailə maşını sayılan başqa bir “Mersedes”in şoferliyini Ağabalaya həvalə etdirə bilmişdi. Necə deyərlər, “adamın – adamı!”…

Ağabalanın əngəli...– Keçmiş nazirdən satirik hekayə

Daha bir-iki il keçəndən sonra Ağabalanın həmin şofer dostu Balaəmi “sluçaynı” (yəni təsadüfən) şəhərin sayılan-seçilən universitetlərindən birinin diplomunu almışdı. Və elə o cür “sluçaynı” da ali təhsilli sayılan-seçilən caillərdən biri olmuşdu. Bu hadisə baş verəndən sonra “xozeyin” leqal və qeyri leqal işlərində sağ əli saydığı şoferi Balaəmini təcili surətdə özünün müavini vəzifəsinə təyin etmişdi. Belə olan halda Balaəmi də “srazu” (yəni o saat, düşünmədən) Ağabalanı özünə xidməti şofer götürmüşdü. Beləliklə, Ağabala şəhərdə məlum nömrələri ilə seçilən, hətta “qaişnik”lərin “çest” verdiyi qara rəngli, qara şüşəli “S Klass Mersedes”in sükanına sahib olmuşdu.

Ağabalanın əngəli...– Keçmiş nazirdən satirik hekayə

Ağabalanın həyatı birdən-birə heç yuxusunda da görə bilmədiyi dərəcədə dəyişmişdi. Hər şey əla gedirdi. Ağabalanın aylıq rəsmi əmək haqqı sürdüyü “Mersedes”in benzin puluna belə çatmazdı, amma dostu və xozeyini Balaəmi hər ay Ağabalanı necə lazımdı “qret eliyirdi” (yəni imkansız qoymurdu), rəsmi əmək haqqından başqa Ağabalaya min-iki min manatlıq “paket” də atırdı. “Paket”- yeni neft bumu dövrü Azərbaycanda ən çox dəbdə olan jarqon, bağışlayınız, pul mükafatı idi…

Ölkəyə neftin xaricə satışından o qədər neft dollarları deyilən pullar axırdı ki, bu pulları vəzifə sahibləri və əlləri həmin dollarla oynayan məmurlar Allah naminə, insaf naminə, əlləri altında çalışan zəhmətkeşlərə “paket” vasitəsi ilə və xeyriyyə əlaməti olaraq ötürürdülər. Necə deyərlər, “varlığa nə darlıq!”

Hələ “paket” bir yana qalsın, yeni statusu Ağabalanı həm də çox lazımlı bir fiqura çevirdiyindən, çoxları öz işlərini, müşküllərini həll etmək üçün ona müraciət edirdilər. Həmin müraciətlər, Ağabalanın öz dili ilə desək, “bığ altdan keçməklər” təbii ki, pulsuz-parasız baş vermirdi, və Ağabala böyük həvəslə, məmnuniyyətlə öz “xozeyin”i vasitəsi ilə ehtiyacı olan zəhmətkeşlərə necə lazımdır köməyini əsirgəmirdi…
Ağabala ona nəsib olmuş tarixi imkanın hesabına necə lazımdır “tüklənməyə” başlamışdı və bu səbəblərdən axşamlar evdə arvadı ilə yeni gələcək planlarını müzakirə etməkdən həzz alırdı. Belə fikirləşirdi ki, artıq ona çoxmərtəbəli binada yaşamaq düzgün olmaz, həm də yaraşmaz. Gərək heç olmasa, “mod”da (yəni dəbdə) olan Patamdarda özünə bir dənə xudmani villa tikdirsin, yaxşı bir hovuzu ilə, bir-iki maşınlıq qarajı ilə, nə bilim daha nəyi ilə…

Allah mərdi məzarın evini yıxsın. Hər şey yağ içində bal kimi idi, o günə kimi ki, xainlər Ağabalanın dostu və himayədarı Balaəmini qurtdalamağa başladılar…

İnterpress.az