Orxan Fikrətoğlu: “Ağrı”backend

Orxan Fikrətoğlu: “Ağrı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xanımım iki gündür deyinir: – \”Xaş sənin harana yaraşır? Ağzına bir tikə çörək qoyan kimi başlayırsan toyuq kimi qaqqıldamağa. Sənin xaş yeməyə fərli mədən var? Xaşı arağnan yeyirlər. Sənə isə içmək olmaz. Həkim icazə vermir. İçdin dəli olub, düşürsən çöllərə. Özün bil! Xəstələnsən, sənə baxan deyiləm! Daha yorulmuşam!\”

Arvaddır da. İşi-peşəsi danışmaqdır. Qoy nə qədər istəyir özü üçün deyinsin. Deyinib yorulandan sonra pal-paltarımı səliqə ilə yığıb qoyacaq yol çantama. Falçı Pəriyə dua yazdırıb tikəcək göy pencəyimin astarına. Sonra da doqqazda oturub geri dönənə qədər yolumu gözləyəcək.

Gör neçə ildir Şuşanı görmürəm. Xaş bəhanədir. İstəyim ora getməkdir. Dağların təmiz havasını ciyərlərimə almaqdır. Meşələrdə səsim çıxdıqca bağırmaqdır. Elə Samir üçün də darıxmışam. Onun xaşına da söz ola bilməz. Dadlı alınsın deyə Samir ayaqları mütləq Ağcabədi bazarından alacaq. Aran heyvanı kəklik otu yeyir deyə tamlı olur axı. Samirin işi Allaha qalıb. Çox vasvasıdır. O, biçarə ayaqları əvvəlcə üç dəfə isti su ilə yuyacaq. Sonra torpaqla salavatlayacaq. Ondan sonra öz əlləriylə ocağın üstündə bir dəfə də ütüb atacaq südlə yuduğu qazana. Düz iki gecə uşaqlar yatandan sonra o yazıq ayaqları qaynadacaq. Sonra qaynayan suyu süzgəcdən süzüb yenidən tökəcək qazana. Bir sözlə, o ayaqları ayaq olduğuna peşiman edəndən sonra rahatlanacaq. Elə buna görə də Samirin xaşına xaş çatmır da. Qarabağda adnandı. Mədəm ağrısa da, o xaşın dadına baxacam. Üstündən Teymur kişinin Qıraq Müşlanda öz əliylə çəkdiyi tut arağından da yıxılana qədər vuracam.

Şuşalıların zarafatından heç harda yoxdur axı. Bir də gördün xaş qazanını oğurlayıb qaçırdılar. Qaldım ac. Ya qəfil biri qurşağa qədər soyunub başladı göbək rəqsi oynamağa. Orda adamı söyüş də tutmur. Adam ağrı nədir bilmir. Bakıda götürmədiyin söyüşü orda götürürsən.Heç vecinə də olmur. Oranın halı o qədər yumşaqdır ki, adam hirslənmək belə istəmir. Elə istəyirsən o gözəlliyin içində əriyib-itəsən.Bir kənarda oturub dinməzcə adamların üzünə baxasan. Arvadın qulağından iraq, hər dəfə Şuşaya gedəndə bir qadına vuruluram. Allah haqqı, düz deyirəm. Elə belə ha. Ağlıma pis fikir gətirmədən. Eləcə uşaq kimi bir gözəl tapıb uzaqdan-uzağa sevirəm. Seçib vurulduğum qadın bunu o dəqiqə hiss edir. Bicliyim yoxdu ha. O dəqiqə ürəyimdəki çıxır üzümə. Çox keçmir qadın da başlayır nazlanmağa. Duyuq düşüb tərpəşir. Uzaqdan-uzağa gözlərini süzdürə-süzdürə mənə baxır. Onun da ürəyindən pis fikir keçmir ha. Elə-belə, \”gizildəmədən\” başqa heç nə. Nə bilim, gah qızıl dişləri ilə yaylığının ucunu dişləyir, gah saçlarını açıb kürəyinə tökür, gah da lak tuflilərini ovcunun içiylə təmizləyir. Bütün bu adi nazlanmalardan hər dəfə bilirsən nə qədər saflanıram? Nə qədər təmizlənirəm? Duruluram? Nə var e bu şəhərdə? Sevgimiz yoxdur e, sevgimiz. Sevgisiz də adam olar? Hanı Bakıda lak ayaqqabı geyinib safcasına saçlarını kürəyinə tökən o çatmaqaş qızlar? Ya köklüyündən utanmayan o saf qadınlar? Burda belə qadınlar varmı? Burdakılar hansı dildə desən danışırlar. Di gəl, sevgiləri yoxdur, ölüb. Burda sevgini sevgidən danışa-danışa öldürdülər. Sevən danışmaz. Şuşa başqa haldır. Oranın inəkləri də muğam üstə böyüyür. Xaş bəhanədir. Şuşa üçün darıxmışam. Gör bir neçə il olar ora getmirəm.

Səhər arvad arxamca su atıb: \”Çatanda mənə zəng eləyərsən ha\” – dedi.

\”Baş üstə\”-deyib mühərriki işə saldım.

Bərdəyə qədər maşını birnəfəsə sürdüm. Oranın qaymağından xoşum gəlir deyə maşını şəhər bazarının girəcəyində əylədim.

Şüşələri qırıq, mizinin üstü tozlu çayxanada şirin çayla iki üç qaşıq qaymaq yeyib Şuşaya səmt qalxdım.

Nəhayət, dördə on-on beş dəqiqə işləmiş Şuşaya çatdım. Samir məni şəhərin girəcəyində qarşıladı. Öpüşüb görüşdük. Gözlərim doldu.

O:- Hamı yığışıb. Səhərdən xaşla birlikdə səni də \”yeyirik\”. Nə gec gəldin, ay kişi!- dedi.

Samiri görəndən ağlayırdım. Kövrəlmişdim, neynəyim. Gör neçə ildir görüşmürdük.

Maşına oturub Samirin evinə tərəf sürdüm. İki dəqiqəlik yol idi. Samir atası ilə bir həyətdə yaşayırdı. Təmiri köhnə olsa da, evləri geniş idi. Gözlərimə inanmadım. Bütün şəhər məni qarşılamağa çıxmışdı. Çoxdandı onları da görmürdüm. Ayaqüstü hal-əhval tutduqdan sonra içəri keçdik. Məclisin \”başayaq\” vaxtıydı. Yaşıl çəmənliyin üstündə boş araq şüşələri sıra ilə \”çiçəkləmişdi\”. Kabab iyi xanlığa qədər yayılmışdı. Daş döşəmə üstə üç cərgə miz düzülmüşdü. Arxasında yaxşıca keflənmiş dost-aşnam oturmuşdu. Məni görən kimi ayağa qalxıb: \”Xaş korlayan gəldi!- qışqırdılar.

Bir-bir hamısı ilə öpüşüb-görüşdüm. Daha içmək lazım deyildi. Dostlarımın ağız suyundan keflənmişdim. Məni görməklərinə elə ürəkdən sevinirdilər ki. Hamısı da gözəl, cavan, sapsağlam idilər. Gözləri bulaq kimi qaynayırdı. Sinələri sevdalı, biləkləri gələcəyə gəriliydi. Bu qədər xaşı bir iki ayaqla yola vermək olmazdı. Yəqin Samir diri inəklərin ayaqlarını belə, Əhəd doktora kəsdirmişdi. Mizə yaxınlaşıb içi araq dolu çappa stakanı əlimə götürdüm. Dostlarım ayağa qalxıb sözümə tərəf boylandılar.

-Vallah, mən sizə görə inəyin hər zadını yeyərəm!- dedim.

Dostlarımın şaqqanağı dağları silkələdi. Doyunca güləndən sonra bir ağızdan \”Sən yeyərsən!\”- deyib arağı başlarına çəkdilər.

Beləcə, üç gün, üç gecə o \”xaşı\” yedik.

Dördüncü gün tezdən yarımkefli, yarımxulu halda Bakıya dəbərdim. Bu sarsaq işim olmasaydı, vallah, heç geri dönməyəcəkdim. Bərdəni keçəndə xatırladım ki, üç gün Şuşada olsam da, şəhəri əməlli-başlı görə bilmədim. Başımı xaş qatdı. Görəsən, orda hava necəydi? Dağlar, dərələr oğlanlığını saxlamışdımı? Xarı bülbül xarlamışdımı? Şuşanın saf gülüşlü qadınları, fidan baxışlı qızları, çatmaqaş oğlanları, irigözlü nənələri yenə salamlı-kəlamlıydılarmı? Dağı-daşı yerindəydimi? Geri dönməyə vaxtım olmadığı üçün gəzməyi gələn səfərimə saxladım. Samirin hələ o qədər xaş qonaqlıqları olacaqdı ki.

Evə gec çatdım. Xanımım doqqazda durub ağlaya-ağlaya yolumu gözləyirdi. Məni görən təki boynuma sarıldı. Pıçıltıyla: – Şükür ki, qayıtdın!-dedi.

Boynumu qaçırıb: – Şuşadan sənə çiçək gətirmişəm, -dedim.

Xanımım kinayə ilə:- Hanı? -soruşdu.

Çiçəyi hara qoyduğumu xatırlamadım. Maşına tərəf boylanıb: -Yəqin arxa oturacaqda olacaq!- söylədim.

Xanımım sözümü ağzımda qoyub : -Dərmanlarını yenə içməmisən?-soruşdu.

-Mənə nə olub ki?- qışqırdım.

O, əl çəkmədi:- Onda de görüm neçənci ildir? – soruşdu.

Yenə qulaqlarıma küy doldu. Nəyi isə xatırlmağa çalışanda belə olur. Kefli olmasam da, yaşadığım ilin neçənci il olduğunu bilmirdim. Çoxdan beləydim. Zamanı çaşdırmışdım, nədir? Görəsən, neçənci ildir? Üç günlük hara getmişdim? Hardan qayıtmışam? Samir məni xaşa çağırmışdımı? Bu səhər onun evindəydim axı. Maşının mühərriki hələ soyumayıb!

İnterpress.az