İsrailə qarşı “3-cü intifada” elan olundubackend

İsrailə qarşı “3-cü intifada” elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyan qərarından sonra Fələstində gərginlik günü-gündən artır. Fələstinin HƏMAS təşkilatı ötən cümə gününü “qəzəb günü” elan edib və başlayan etirazlar hələ də davam edir. Aksiyalarda 1 nəfər ölüb, 480 nəfər isə yaralanıb. Onlardan 150-nin odlu silahlarla açılan atəşlə yaralandığı bildirilir. Bu isə toqquşmaların qaçılmaz olduğunu göstərir.

Bu həftənin əvvəli isə HƏMAS baş verən etirazların Fələstin ərazisində “3-cü intifada” olduğunu bəyan edib. Livan Hizbullah Hərəkatının lideri Seyid Həsən Nəsrullah da televiziya vasitəsilə fələstinliləri İsrailə qarşı Qüds uğrunda mübarizəyə səsləyib və dəstək verməyə hazır olduğunu bildirib.

Artıq etirazlar başlayıb və günü-gündən genişlənir. Ancaq məsələ ondadır ki, bundan əvvəl də Fələstində “3-cü intifada” çağırışları olub, lakin baş verməyib. Ancaq indi vəziyyət daha dramatikdir, faktiki olaraq fələstinlilərin qarşısında iki seçim qalıb: ya işğalla barışıb, Qüdsün İsrailin paytaxtı olduğunu qəbul etmək, ya da mübarizəyə başlamaq. Çünki Amerikanın Qüdsü İsrail paytaxtı olaraq tanıması bu şəhərin İsrail paytaxtı kimi rəsmiləşməsi prosesinin başlaması anlamına gəlir. Hətta Mahmud Abbas sülh danışıqlarını davam etdirsə belə, Fələstində İsrailə qarşı kütləvi etirazların qarşısını almaq mümkün olmayacaq.

İsrailə qarşı “3-cü intifada” elan olundu

Ancaq bu dəfə intifada əvvəlkilər kimi olmaya bilər. Çünki əgər “Birinci intifada” zamanı 100 israilli mülki və 60 hərbçi öldürülübsə, ikincisində bu rəqəm artaraq 1000 nəfərə çatıb. Yəni hər dəfə etirazların şiddəti daha da artıb. İndi isə fələstinlilər həm silah, həm də döyüş təcrübəsi əldə edib. Üstəlik, Hizbullahın da dəstək verməsi etirazları qanlı savaşa çevirə bilər.

Xatırladaq ki, buna qədər Fələstində iki dəfə intifada baş verib. İntifada ərəbcədən ayaqlanmaq, partlayış mənası verir. Ümumi olaraq Fələstin müqavimətinin bir nümunəsi olaraq kütləvi xalq müqaviməti, etiraz dalğası deməkdir. Yəni bu söz kütləvi itaətsizlik, müqavimət, etiraz anlamındadır.

Fələstində birinci intifada 1987-ci ildə başlayıb və 4 il davam edib. Yalnız 1993-cü ildə Oslo razılaşmasının imzalanması ilə dayandırılıb. Birinci intifada 1987-ci ildə İsrail-Fələstin münaqişəsində gərginliyin artması fonunda baş verib. Hərəkat həmin il dekabrın 7-də Cəbaliyə qaçqın düşərgəsindən başlayıb. Hadisə İsrailə məxsus yük avtomobilinin fələstinli işçiləri daşıyan maşınla toqquşması və nəticədə 4 fələstinlinin ölməsi, 9 nəfərin yaralanmasından sonra alovlanıb. Bu hadisə Qəzza universitetində tələbələrin ayağa qalxmasına, yaralıların olduğu Şəfa xəstəxanası ətrafında ilk etirazlara səbəb olub.

Aksiyalar Qəzzada başlasa da qısa zamanda bütün Fələstinin bölgələrinə yayılıb və çox tezliklə kütləvi itaətsizlik aksiyalarına çevrilib. Fələstinlilər İsrail mallarını boykot edir, divarlara şüarlar yazır, yollarda barrikadalar quraraq İsrail ordusuna müqavimət göstərirlər. Ancaq təbii ki, daşla, ağacla İsrail ordusuna qarşı müqavimət mümkün deyildi. Nəticədə fələstinlilər arasında xeyli insan intifada zamanı öldürülür.

İsrailə qarşı “3-cü intifada” elan olundu

İsrail hökuməti fələstinlilərin etirazlarını dayandırmaq üçün 80 min nəfərlik ordunu səfərbər edib. İntifada zamanı 1087 fələstinli öldürülür, eyni zamanda İsraillə əməkdaşlıq etdiyi üçün 822 fələstinli qətlə yetirilib. İsrail tərəfdən isə 100 mülki vətəndaş və 60 əsgər öldürülüb, 1400 nəfərdən artıq mülki yəhudi, 1700 əsgər isə yaralanıb.

“Birinci intifada” prosesində Fələstində yeni müqavimət hərəkatı – HƏMAS elan olunub. HƏMAS lideri – fələstinli ruhani, gəncliyində müəllim işləmiş Şeyx Əhməd Yasin idi. Əlbəttə, rəsmi çıxışlarda HƏMAS-ın ideya bazasının Misirin “İxvan əl-Muslimin” hərəkatı olduğu (bu həqiqətən də belədir) göstərilirdi. Ancaq eyni zamanda HƏMAS Fələstin ərazisində İsrailsiz İslam dövləti qurmağı siyasi proqram kimi elan edən İran inqilabı lideri Xomeyni ideyalarını dəstəkləyir, İrandan böyük maliyyə və silah yardımı alır.

İkinci və daha şiddətli intifada isə 2000-ci ildə başlayıb və 5 il davam edib. Bu dəfə Fələstin tərəfdən 3500, İsrail tərəfdən isə 1000 nəfərə yaxın insan öldürülüb. Öldürülənlərdən 64 nəfəri xarici ölkə vətəndaşı olub. Hesablamalara görə, öldürülən fələstinlilərin 46 faizi təsadüfi güllələrə tuş gələn, yanlışlıqla öldürülənlər olub. İsrail tərəfdən isə öldürülənlərin 31 faizi təhlükəsizlik qüvvələri və ordu üzvləri, 68 faizi isə mülki insanlar olub. Öldürülən fələstinlilərin 663 nəfəri 17 yaşdan aşağı yeniyetmələr olub.

İsrailə qarşı “3-cü intifada” elan olundu

“İkinci intifada”nı alovlandıran İsrailin sabiq baş naziri, Livanda Səbira və Şətila qətliamının müəllifi Ariel Şaron olur. Həmin il Ariel Şaron 1000-ə yaxın İsrail xüsusi təyinatlısının müşayiəti ilə Qüdsdəki müsəlmanların və yəhudilərin müqəddəs məbədinə gəlir. Burada mediaya açıqlama verən Şaron bu ziyarətinin “Bir yəhudi olaraq iudaizmin müqəddəs məkanlarını ziyarət etmə hüququndan istifadə etməsi” olduğunu deyir.

Ancaq müşahidəçilərə görə, Şaronun bu addımı seçkilər öncəsi savaş tərəfdarı israillilərə bir çağırış idi. “Əl-Əqsa” məscidi ətrafında fələstinlilərin aksiyası zamanı polisin kameralar qarşısında 12 yaşlı oğlunu qorumağa çalışan fələstinli ata və oğulun qətlə yetirilməsi növbəti partlayışın baş verməsinə səbəb olur. Beləliklə də «İkinci intifada» və ya başqa adla “əl-Əqsa” intifadası başlayır.

“İkinci intifada” prosesində seçkilərdə müharibə tərəfdarları qələbə qazanır, Ariel Şaron baş nazir seçilib. Bundan sonra İsrail əlavə 20 min hərbçini orduya çağırıb və əməliyyatların miqyası genişlənib. Eyni zamanda ilk dəfə Fələstində intihar hücumları həyata keçirilir və 100-dən çox israilli həyatını itirib. Bu isə İsrailin hücumlarını daha da şiddətləndirir. 2002-ci ildə Təl-Əviv hökuməti artan intihar hücumlarının qarşısını almaq üçün fələstinlilərə qarşı divar (Qoruyucu divar) hörülməsi barədə qərar qəbul edir. Ancaq buna baxmayaraq, intihar hücumları davam edir.

2003-cü ildə İsrail ordusu İordan çayının qərb sahilini işğal edir. 2004-cü ildə A.Şaron Qəzzadan ordunun çəkilməsi planını təsdiq etsə də toqquşmalar davam edir. Həmin ilin martında HƏMAS lideri Əhməd Yasin, bir ay sonra isə onun yerinə keçən Rantisi də İsrail hava qüvvələrinin hücumları nəticəsində öldürülür. Yenə həmin il Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat isə xəstəlikdən dünyasını dəyişir. Onun yerinə İsraillə danışıqların tərəfdarı olan Mahmud Abbas gəlir. 2005-ci ilin fevralında Mahmud Abbas və Ariel Şaron Misirin Şarm əş-Şeyx kurort şəhərində görüşərək toqquşmaların sona çatdığını bəyan edirlər.

İndi isə növbəti intifada başlaması barədə çağırışlar edilib. Ehtimal ki, bu etirazlar dayanmayacaq və qanlı toqquşmalar davam edəcək. Artıq İsrail hökumət rəsmiləri də narahatdır. İsrail hökuməti rəsmisi deyib ki, Livandan təhlükə olarsa, bu ölkəni “daş dövrünə qaytaracaqlar”, yəni yerlə-yeksan edəcəklər. Ancaq baş nazir Netanyahunun fələstinliləri sülh danışıqlarını bərpa etməyə çağırması onu göstərir ki, yaranmış vəziyyət onları da narahat edir. Ancaq yəhudi dövlətinin geri addım atacağı inandırıcı deyil. Bu isə “3-cü intifada”nın daha dəhşətli olacağını göstərir. (musavat)

İnterpress.az