Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Tillersonun Koreya açıqlaması və Putinin amerikalıları aşağılaması dünyaya nə vəd edir?

Elxan Şahinoğlu: “Budəfəki mətbuat konfransı maraqsız idi”

Dərc edilib: 17 dekabr 2017 [16:15]
Baxış sayı: 2949

Amerikanın dövlət katibi Reks Tillersonun ölkəsinin Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan etməsi və bunun ardınca Rusiya prezidenti Vladimir Putinin dekabrın 14-də Moskvada keçirdiyi 13-cü illik mətbuat konfransında səsləndirdiyi fikirlər dünya gündəminə oturub.

Xüsusilə, Kreml rəhbərinin amerikalılara xitabən dedikləri və Şimalı Koreya ilə bağlı açıqlamaları daha çox diqqət cəlb edib.

Putin Amerika-Şimalı Koreya gərginliyində ikinciyə haqq qazandırıb: “Haranı vuracaqsınız axı? Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilir ki,Şimali Koreyada hansı hədəflər var? Bir raket zərbəsi kifayətdir ki, nəticə fəlakətli olsun”.

Rusiya rəhbəri jurnalistlərdən birinin ölkəsinin Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq deyib: “Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardırlar, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz ümumiyyətlə, normal adamsınız?”

Putin bu fikirləri amerikalılara xitabən söyləyərək, bir növ onları aşağılayıb.

Siyasi şərhçilər bu açıqlamaların onsuzda soyuq münasibətlərdə olan Rusiya-ABŞ əlaqələrini daha da pisləşdirəcəyini bildirirlər. Doğrudur, mətbuat konfransının bitməsindən saatlar sonra hər iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Amerikanın təşəbbüsü ilə baş tutan danışdıqda tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə etməklə yanaşı, Koreya yarmadasındakı nüvə probleminin həllindən də danışıblar.

Lakin bu danışıq Putinin amerikalılara xitabən dediyi fikirləri gündəmdən salmayıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu əvvəl Putinin mətbuat konfransını şərh etdi: “Putin ildə bir dəfə geniş mətbuat konfransı keçirir. O bu yolla mətbuata və ictimaiyyətə açıq olduğunu sübut etməyə çalışır. Həmişəki kimi bu mətbuat konfransında da zalda Rusiyadan və xarici ölkələrdən mindən çox jurnalist iştirak edirdi. Budəfəki mətbuat konfransı maraqsız idi. Bunu qeyri-rəsmi söhbətlərdə zalı tərk edən jurnalistlərin əksəriyyəti etiraf edib. Putin bu mətbuat konfransında yeni heç nə demədi. Rusiya prezidenti faktiki ötən il eyni mətbuat konfransında dediklərini təkrarladı. Doğrudur, müxalif fikirli bir neçə jurnalistin sualına şərait yaradıldı, ancaq ya prezidentin cavabları tam olmadı, ya da onların səsini yaltaq suallar hesabına boğdu. Məsələn, Putin ukraynalı jurnalistin Rusiyanın Donbas separatçılarına verdiyi dəstəklə bağlı sərt sualına cavab vermədən əvvəl hakimiyyətin nəzarəti altında olan “RİA-Novosti” agentliyinin sualını eşitmək istədi. Putin ikisinə eyni zamanda verdiyi cavabda yenə bütün günahı Ukrayna hakimiyyətinin üzərinə yıxdı və yenidən keçmişdə Ukrayna adlı dövlətin olmadığına eyham vurdu. Onun bu fikirlərində də yeni heç nə yox idi. Mətbuat konfransında iştirak edən jurnalistlərdən birinin rəhbəri olduğum “Atlas” Araşdırmalar Mərkəzinə verdiyi məlumata görə, bir xeyli jurnalist Putinə Qüds ətrafında yaranmış vəziyyətlə bağlı sual vermək istəyirdi. Ancaq Putin bu mövzuda heç bir suala cavab vermədi. Putin Qüds məsələsində ehtiyatlı mövqeyini qoruyur. Mətbuat konfransında diqqəti çəkən digər məqamlardan biri erməni jurnalistlərin çoxluğu idi. Ancaq onlar da Rusiya prezidentinə sual verə bilmədilər. Görünür, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş Rusiyanın hakimiyyət dairələrində birmənalı qarşılanmayıb. Halbuki, Moskva İrəvanın Brüssellə saziş imzalamasına etiraz etməmişdi. Buna baxmayaraq, saziş imzalandıqdan sonra Rusiya hakimiyyətinin nəzarətində olan televiziya kanalları Ermənistan sərt tənqid etdilər, bu ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olmasına rəğmən, Avropa İttifaqı ilə saziş imzalamasının yanlış olduğunu bildirdilər.

Putinin mətbuat konfransında söylədiyi fikirləri qısaca aşağıdakı şəkildə qruplaşdırmaq olar: Birincisi, Putinin sözlərindən anlaşıldı ki, Donbas separatçılarına dəstək davam edəcək. Putinin bu fikri diqqət çəkdi: “Ukrayna hakimiyyəti Donbasın liderləriylə dialoq qurmalıdır. Dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur”. Bu cavabla Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Halbuki, əgər Donbas separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbas separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olduğunu bildirir və bu səbəbdən onlarla müzakirələr aparmır. İkincisi, Putin dedi ki, müxtəlif mövzularda ABŞ-la dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir: Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putin Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq.

Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki, jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında hələ xeyli problem var. Putin mətbuat konfransında bir necə dəfə aqressivlik nümayiş etdirdi. Ona Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili haqqında sual verildikdə onun ünvanına sərt ifadələr işlətdi. Putin Saakaşvilini şəxsi düşməni hesab edir. Ancaq Putinin bu fikirlərində də yeni heç nə yox idi. Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında da Saakaşvili haqqında ən sərt ifadələr işlətmişdi. Putin ikinci aqressivliyi amerikalı konqresmenlərlə bağlı səsləndirdi və onları da aşağılamağa çalışdı”.

Politoloq Putinin Amerika ilə bağlı ritorikasını sərtləşdirməsinə də aydınlıq gətirdi: “Onsuz da Rusiya ilə Amerika arasında münasibətlər soyuqdur. Putin bilir ki, bundan da pis olmayacaq. Ona görə ritorikasını bir az daha sərtləşdirir. Putin mətbuat konfransında dedi ki, Şimali Koreya mövzusunda Donald Trampla istənilən dialoqa hazırdır. Tramp da məqamdan dərhal istifadə edərək Putinə zəng edib. Ancaq Putin-Tramp dialoqunun Şimali Koreya böhranını həll edəcəyini düşünmürəm. Çünki, başqa məsələlərdə olduğu kimi Amerikadakı mövcud siyasi sistem Trampa hansısa problemin Putinlə birgə həllinə şərait yaratmayacaq. Putin özlüyündə Amerika ilə məzələndiyini düşünür. Yəni deyir ki, Şimali Koreyanı niyə küncə sıxışdırırsınız, niyə bu dövləti hədələyirsiniz? Elə bil ki, Gürcüstan və Ukrayna torpaqlarını işğal edən Rusiya olmayıb. Fikrimcə, Vaşinqton Şimali Koreya probleminin həllini daha çox Çinlə birgə həll etməyə çalışacaq. Çünki, Moskvadan fərqli olaraq Pekinin Şimali Koreya liderinə təsir imkanları var. Digər tərəfdən Rusiyadan fərqli olaraq Çin daha çox sülhpərvər siyasət yeridir, Moskvadan fərqli olaraq heç bir dövlətin daxili işlərinə qarışmır. Putin suallara cavabında Tramp haqqında müsbət fikirlər söylədi və belə dedi ki, Amerikada ona işləməyə imkan vermirlər. Yəni demək istədi ki, Tramp yaxşıdır, ətrafı pisdir. Tramp prezident seçiləndə və onun rəqibi Hillari Klinton məğlub olanda Kreml çox sevinmişdi. İndi bu sevincdən əsər-əlamət qalmayıb. Çünki Trampın Putinlə yaxınlaşması üçün əli-qolu bağlıdır, Amerikadakı mövcud siyasi sistem Ukrayna torpaqlarını işğal edən dövlətin başçısıyla yaxınlaşmanı zərərli hesab edir. Əgər Putin 2014-cü ildə Krımı işğal etməsəydi, bu gün beynəlxalq durum fərqli olar, Rusiya-Amerika dialoqu da genişlənərdi. Bunun baş verməməsinin əsas günahkarı Putinin özüdür”.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 345